Turistlərin sərhəd buraxılış məntəqələrini rahat şəkildə keçmələri diqqət mərkəzində saxlanılır.
Mədəniyyət və Turizm Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Azərbaycanın inkişaf edən turizm sənayesi, qurulan müasir infrastruktur, xidmət keyfiyyətinin yaxşılaşdırılması, sistemli təbliğat işləri, ən əsası isə viza sisteminin sadələşdirilməsi ölkəmizə turist axının sürətlənməsində mühüm rol oynayıb.
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə sərhəd buraxılış məntəqələrində müşahidələr aparır, mövcud vəziyyət təhlil edilir, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətli keçidin təmin edilməsi istiqamətində müvafiq təkliflər hazırlanaraq Azərbaycan Turizm Şurasına təqdim olunur.
Qeyd olunan dövlət orqanlarının nümayəndələri xüsusilə bayram günlərində və yay turizm mövsümündə, yəni ölkəmizə səfər edən xarici turistlərin sayının daha çox olduğu dövrlərdə bu prosesi həyata keçirirlər.
Ötən ilin mart və iyun aylarında bu istiqamətdə müşahidələr aparılıb və müvafiq təkliflər Turizm Şurasına təqdim edilib.