5de0d37b-c8f9-42ae-b887-a42f53e7b8ff..jpg

Türk dünyası yazarlar qurultayının açılış mərasimi keçirilib – FOTO

Baxış sayı: 510 dəfə baxılıb.

Türk dünyası yazarlar qurultayının açılış mərasimi keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara Milli Kitabxanasında 5-ci Türk dünyası yazarlar qurultayının açılış
mərasimi keçirilib.

APA xəbər verir ki, qurultayda müxtəlif ölkələrdən 100-ə yaxın elm xadimi,
şair və yazıçı iştirak edir.

“İLESAM”ın rəhbəri, yazıçı-şair Mehmet Nuri Parmaksız qonaqları salamlayaraq
məmnunluq ifadə edib. Türk dünyası yazarlar qurultayının tarixindən bəhs edən
M.N.Parmaksız qurultayın məqsəd və gələcək planlarından bəhs edib. Proqram
haqqında qısa məlumat verən yazıçı qarşıya qoyulan məsələlərin əhəmiyyətini
diqqətə çatdırıb. M.N.Parmaksız ortaq türk dilinin yaradılması məsələsinin
zəruriliyini vurğulayaraq artıq işə başlamağın və müzakirələrin
reallaşdırılmasının vacibliyini qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar çıxış edərək
AYB adından bütün qurultay iştirakçılarını salamlayıb. Bundan əvvəlki dörd Türk
dünyası yazarlar qurultayının iştirakçısı olmuş Xalq yazıçısı əvvəlki
qurultayları xatırlayıb, ötən illərin ədəbi əlaqələrini yada salıb. Ənənələrin
davam etdirilməsinin uğurlu addım olduğunu vurğulayan Anar müəllim 44 günlük
haqq savaşımızda qazanılan parlaq qələbədən bəhs edib, Zəfər günü ərəfəsində
belə bir qurultayın keçirilməsinin sevincini bölüşüb və fəxarət hissi ilə qeyd
etdiyi bu fikirlər alqışlarla qarşılanıb: “Mən xoşbəxtəm ki, zəfər çalmış
Azərbaycanı təmsil edirəm”.

“TÜRKSOY”un sədr müavini Sayit Yusuf ortaq türk dilinin yaradılması, ortaq
türk ədəbiyyatı, mədəniyyəti anlayışının təbliği baxımından bu günə qədər
görülən işlər barədə məlumat verib. S.Yusuf qurultayın fəaliyyətində hər kəsə
uğurlar arzu edib.

Açılış mərasiminin ardınca seksiyalar öz işinə başlayıb.

Qeyd edək ki, “Türk dünyasında ortaq dil, əlifba”, “Türk dünyasında təhsil,
mədəniyyət, incəsənət və ədəbiyyatda birlik, bərabərlik düşüncəsi”, “Türk
dünyasında müəllif hüquqları problemləri və pirat kitabçılıqla mübarizədə
görülməli olan işlər və çıxış yolları”, “Türk dünyasında ortaq kitabxana, oxu
mədəniyyəti, ortaq dildə nəşrlər və tərcümə məsələləri”, “Türk dünyası ortaq
ədəbiyyatı, müqayisəli ədəbiyyat, ədəbi növlər, ədəbiyyat universitetləri ilə
qurumların iş birliyi” mövzularında təşkil olunacaq seksiyalara müxtəlif elm
adamları, yazıçı və şairlər cəlb olunub.

Source link