Türk Mədəniyyəti və İrsi Fondu işğaldan azad olunan ərazidə məscidin bərpasına
dəstək verəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu işğaldan azad olunmuş Füzuli
rayonunun Qoçəhmədli kəndində yerləşən məscidi bərpa edəcək.
“Report”un xəbərinə görə, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Aktotı Raimkulova Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi
və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən
beynəlxalq konfransda deyib.
O söyləyib ki, üzv və müşahidəçi dövlətlərdə həyata keçirilən bərpa və
yenidənqurma prosesində aktiv iştirak məsələsi fondun qarşıdakı illər üçün
fəaliyyət planında birinci yerdə olacaq:
“Füzuli rayonundakı Qoçəhmədli məscidinin bərpası, eləcə də tanınmış qırğız
yazıçısı Əlikul Osmanovun Bişkekdəki ev-muzeyinin bərpası ilk iki ildə
prioritet istiqamətlərdəndir”.
A.Raimkulova bildirib ki, maarifləndirici proqramlar ortaq maddi-mədəni irsin
qorunmasında mühüm rol oynayır:
“Tarixi-mədəni irsimiz keçmişlə bu günü bir araya gətirir, hər yaşdan və hər
xalqdan olan insanlara türk irsinin dərinliyini öyrənməyə imkan verir. Bununla
əlaqədar bir sıra tədbirlər, o cümlədən qış və yay məktəbləri, eləcə də mədəni
irsin qorunması və mühafizəsi ilə məşğul olan gənc mütəxəssislər və tələbələr
üçün səfərlər, potensialın gücləndirilməsi layihələri, mübadilə proqramları
həyata keçirməyi düşünürük”.
Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası,
Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO
üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya
İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.