Kim deyirdi ki, bura bir oyundur, sadəcə, oyun oynayırıq, bu, əsla belə deyil. Kim çöldə necə idisə, “Maşın”da da özünü elə apardı. Heç bir dəyişiklik yox idi. Mən çox sevindim ki, şounu Suna Kasımoğlu uddu. Ona uğurlar arzu edirəm. Xeyirliyə sürsün avtomobili. Suna kişi kimi oyun apardı, hər kəsə normal fikrini çatdırırdı, kənarda necə idisə, elə burada da özü kimi idi. Onda nə dəyişiklik gördüm, nə də hiss etdim. Burada elə iştirakçılar oldu ki, üzlərinə “maska” taxıb, onunla da gəzirdilər.
Bu sözləri müğənni Türkan Vəlizadə ÇıxışYolu.Com-a özəl müsahibəsində dilə gətirib.
O,“Maşın” şouda avtomobilə görə iştirakçıların oyunlarından danışıb:
“Bıçağı kürəyə vurmaq olmaz. Kürəyə vuran insanların da adını xalq çox yaxşı bilir. Ya oynayırsınızsa, kişi qızı, kişi oğlu kimi oynayın, ya da, ümumiyyətlə, oynamayın. Mən “dəmir parçasını” qazanmaq üçün gecə-gündüz işləyərəm, nəinki mənliyimi, şəxsiyyətimi ortaya qoyaram. Avtomobili burada qoyub getdim, amma mənliyim, şəxsiyyətim özümdə qaldı. Tərbiyəm necə idisə, o tərbiyəmi də şouda nümayiş etdirdim.
Oyunda şərəfini, mənliyini satan iştirakçılar çox oldu. İnanın, kənardan onlara baxmaq çox ağır idi. Çox pis görünürdülər. Mən oyundan çıxandan sonra gördüm ki, çox biabırçılıqlar baş verirdi. Dünya malına görə qırğına qalxmışdılar.
Bir şeyi yadda saxlasınlar ki, öləndə kəfənə bürünüb gedəcəyik, heç bir dünya malını özümüzlə aparmayacağıq. Ona görə mənliyi, şəxsiyyəti, vicdanı itirib, alçatmaq lazım deyil. Oyundan namərd kimi getmədim. Dostlarıma dost oldum, dost olmayanlar ilə də dostluq etdim” .
Oyunda aparıcı Lalə Mustafayeva ilə aralarında qalmaqal yaşanan Türkan onu yalanlarda və saxtakar oyun aparmaqda ittiham edib:
“Dost-dost, canım-ürəyim deyərək, kürəyimdən vurdu. Lalə mənim heç yadıma belə düşmürdü, onu “Maşın”da gördüm, yadıma düşdü. Oyunda ona söz vermişdim ki, “Maşın”dan çıxarmayacağam. Şouda ağlayanda gözünün yaşını silirdim. Bəli, mən həmin qızam.
“Pişik balasını çox istədiyindən yeyir” məsəli lap yerinə düşdü. Çünki Lalə elə zənn edirdi ki, bu şou ömrümüzün sonuna kimi davam edəcək, amma o çölü fikirləşmədi. Çölə çıxanda o qədər sevən fanat ordum var ki, elə bax, onlara görə hörmətsizliyə yol vermədim. Onları düşündüm. Addım atanda da belə diqqət yetirirdim hər şeyə. Amma Lalə düzgün hərəkət etmədi və arxasına dönüb baxmadı ki, sənə səs göndərən insanları aldatmaq olmaz”.
Lalədən incimədiyini söyləyən sənətçi Mustafayeva ilə bağlı fikirlərində “Lalə mənim kimi bir insanı itirdi” deyib, şoudan kənarda onunla salamlaşmayacağını dilə gətirib,
“İncimədim. Çünki Lalə mənim nə əzizimdir, nə də dostum. İnsana can-can, qurban olum deyərək kürəkdən bıçaq zərbəsi endirmək… Həyatdır, hər şey ola bilər. Bəlkə də, barışarıq, oyuna görə Lalədən küsmədim.
Oyuna görə onunla düşmən olmadım. Lalə özünü çox pis vəziyyətə qoydu. Elə insan heç vaxt mənim tipim ola bilməz. Elə bax, bütün bunlara görə o insana mən salam vermək istəmirəm.
Bəlkə, Lalənin imkanı olmazdı avtomobil almağa, mən yardım əlimi uzadıb, ona maşın almağa kömək edərdim. Amma bildiyimə görə, Lalənin çox gözəl və komfortlu “Jeep” markalı avtomobili var. Allah özünə qismət etsin.
Xalqın, millətin qarşısında ağlayaraq, özünü o vəziyyətə qoymaq gərək deyildi. Maşını olmayan mənəm, bunu da qürurla dilimə alıram. Allah qismət edər, bu gündən sonra toylarım, məclislərim yaxşı olar, xalqımızın çörəyi ilə özümə bir maşın alaram”.
Qeyd edək ki, şouda Lalə Mustafayeva səs toplayaraq, Türkan Vəlizadəni oyundan kənarlaşdırıb. Diqqət çəkən məqam isə tərəflərin şou ərzində dostluq münasibətində olması olub.
Rəşad Əliyev