Bu ilin ikinci rübündə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi yarım milyard dollara çatıb. Azərbaycan Türkiyənin bütün sahələrdə ən böyük tərəfdaşlarından biridir.
ÇıxışYolu.Com-nun məlumatına görə, bunu “Turkish Petroleum” şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Melih Han Bilgin “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan son 20 ildə Türkiyə iqtisadiyyatına 14 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar sərmayə yatırıb:
“Türkiyə Azərbaycanın bir sıra irimiqyaslı layihələrində iştirak edib. Bunlardan biri Müasir İpək Yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsidir. Digər mühüm layihələr Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri, eləcə də, yaxın vaxtlarda istifadəyə veriləcək TANAP-dır.
Türkiyə və Azərbaycan birlikdə enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq sazişini genişləndirmək niyyətindədir”.