Türkiyə qardaş Azərbaycan xalqının kədərini bölüşür – BƏYANAT

Türkiyə qardaş Azərbaycan xalqının kədərini bölüşür – BƏYANAT

Baxış sayı: 9. 736 dəfə baxılıb.

Erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi cinayət bəşəriyyət vicdanında qara ləkə kimi qalır.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr üzrə Komitəsinin Xocalı soyqırımının 26-cı il dönümü ilə bağlı yaydığı bəyanatında deyilir.

“Dünya ictimaiyyəti bu cür cinayətlərin gələcəkdə baş verməməsi üçün əlindən gələni etməlidir. BMT Təhlükəsizlik Şurası, ATƏT və İƏT  kütləvi qırğına reaksiya və müvafiq qiymət verməlidir”, – bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Dağlıq Qarabağda Xocalı şəhərinə hücum edərək, 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 dinc sakini vəhşicəsinə öldürüblər.

Qətliam zamanı 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər erməni ordusu tərəfindən əsir götürülüb, 150 insanın taleyi barədə isə indiyə qədər heç bir məlumat yoxdur.

“Türkiyə Xocalıda törədilən vəhşilik və kütləvi qırğınla əlaqədar qardaş Azərbaycan xalqının kədərini səmimi hislərlə bölüşür. Erməni ordusu tərəfindən törədilən bu qırğını və Azərbaycan torpaqlarının işğalını qəti qınayırıq”, – bəyanatda bildirilir.

Sənəddə vurğulanır ki, Xocalı qətliamı bəşəriyyət tarixində ən qara səhifələrdən biri oldu, onun nəticələri isə regionda sülh, əmin-amanlıq. sabitlik və təhlükəsizliyə ciddi problem yaratdı.

“Davam edən təcavüz siyasəti və torpaqların işğalı bir milyon azərbaycanlını öz evlərini tərk etməyə məcbur etdi, və onlar artıq 25 ildən çoxdur ki, qaçqın və məcburi köçkün kimi yaşamağa məcburdurlar. Xocalı qətliamının şahidləri hələ sağdır. Xocalı qırğını növbəti adi tarixi fakt deyil, bu müasir dövrün kədərli həqiqətidir”, – sənəddə deyilir.

www.ÇıxışYolu.Com