Bu gün qardaş və dost Türkiyədə növbədənkənar parlament (27-ci çağırış) və prezident seçkiləri keçiriləcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, təxminən 60 milyona yaxın seçicinin iştirak edəcəyi seçkilər (səsvermə prosesi) Türkiyə vaxtı ilə səhər saat 8-də başlayacaq və axşam saat 17:00-da bitəcək.
Prezident seçkilərində 6 namizəd mübarizə aparacaq.
Bunlar Rəcəb Tayyib Ərdoğan (AKP), Meral Akşənər (İYİ Parti), Muharrem İncə (CXP), Təməl Karamollaoğlu (Səadət Partiyası ), Doğu Perinçək (Vətən Partiyası) və Selaheddin Demirtaşdır (HDP).
Mübarizənin də daha çox Ərdoğan-İncə-Akşənər arasında keçəcəyi və ikinci turun qaçılmaz olacağı ehtimal edilir.
Parlament seçkilərində isə mübarizə aparacaq siyasi partiyalar və seçki ittifaqları bunlardır:
“Cümhur” İttifaqı (AKP, MHP, BBP), “Millət” İttifaqı (CXP, İP, Demokrat, “Səadət”), Vətən Partiyası və HÜDAPar.
Parlament seçkilərində də mübarizənin daha çox “Cümhur”la “Millət” ittifaqı arasında olacağı qeyd olunur.
Qeyd edək ki, 2016-cı il referendumdan sonra Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat yerlərinin sayı 550-dən 600-ə qaldırılıb.
Yəni, 600 millət vəkili yeri uğrunda mübarizə gedəcək.
“Cümhur” İttifaqının hər iki seçkini udacağı təqdirdə, Türkiyədə tam prezident üsul-idarəsinə keçiləcəyi, “Millət” İttifaqının seçkiləri qazanacağı halda isə yenidən parlament üsul-idarəsinin bərqərar olunacağı gözlənilir.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com