c38a1843-21c0-4b05-9a84-f745c9ac7891..jpg

Türkiyə liderinin “Ərdoğan-Əliyev-Putin-Paşinyan görüşü olsun” təklifinin qayəsi – TƏHLİL

Baxış sayı: 491 dəfə baxılıb.

Türkiyə liderinin “Ərdoğan-Əliyev-Putin-Paşinyan görüşü olsun” təklifinin
qayəsi – TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması gündəliyi ilə bağlı yeni təkliflə çıxış edib.

O, ABŞ-yə səfəri öncəsi jurnalistlərə verdiyi müsahibədə deyib ki, Azərbaycan,
Türkiyə, Rusiya və Ermənistan liderlərinin birlikdə görüşü keçirilə bilər,
hərçənd, Ankaranın bu təklifinə cavab verilməyib.

Ərdoğanın mövqeyi Azərbaycan-Türkiyə-Rusiya üçbucağındakı mümkün danışıqların
mahiyyətini açır, sən demə, kuluarlarda dördtərəfli görüş barədə müzakirələr
gedir.

Ərdoğan açıqlamasını Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra verdi,
məntiq deyir ki, o, bu təklifi rusiyalı həmkarına Soçidə verib.

Aşkara çıxır ki, Türkiyə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı
mövqeyini vasitəçilik səviyyəsinə çıxarmağı rəsmiləşdirir.

Azərbaycan üçün Türkiyənin iştirakı olan dördtərəfli formatdakı ali səviyyəli
danışıqlar məqbuldur.

Ancaq Rusiya ilə Ermənistanın məsələyə münasibəti fərqlidir, daha dəqiq ifadə
etsək, Moskva sırf öz təşəbbüsü ilə görüşlərin keçirilməsinin alovlu
tərəfdarıdır.

Lakin Türkiyə ilə əlaqələrin və münasibətlərin dinamikasına görə, Moskva
Ankaranın bu təşəbbüsünə qarşı da deyil, əksinə, bu cür platformalardan xeyir
götürməyə çalışır.

Ermənistanın isə Azərbaycanla yüksələn hərbi eskalasiya riski fonunda belə
formata immuniteti birmənalı olmaya bilər. Doğrusu, İrəvan istəsə belə, onu
Fransa kimi oyunçu danışıqlar çərçivəsindən kənarda tutmaq üçün əlindən gələni
edə bilər.

Təyin edəcək əlamətlər yoxdur ki, Ərdoğanın təklif etdiyi danışıqlar modeli
ABŞ-nin üstün istəkləri sırasında olsun.

Hərçənd, nəzərdə tutmaq lazımdır ki, Türkiyə NATO üzvüdür və Ərdoğan növbəti
dəfə prezident seçildikdən sonra Rusiya ilə münasibətlərə xələl gətirmədən
Qərbə istiqamətlənən siyasəti müsbətə doğru dəyişməyə çalışır.

Bir mənada Ərdoğanın danışıqlar masasını qurmaq cəhdi NATO-nun Cənubi
Qafqazdakı maraqlarının təminində fərqli istiqamət yarada bilər.

Deməli, Ərdoğan ABŞ səfərində keçirdiyi görüşlərdə Cənubi Qafqaz gündəliyi ilə
bağlı qeyd etdiyi təklifin istiqamətlərini inkişaf etdirəcək.

Ancaq ümumi mənada əgər Ərdoğanın istədiyi format reallaşsa, Qərbdən buna
qısqanclıq dalğası ilə informasiya hücumları çəkiləcəyini istisna etmək olmaz.

Ermənistanın baş naziri Nikol Paşinyana gəlincə, o, buna razılıq versə,
üçtərəfli təzyiqin altında necə qərarlar qəbul edəcəyini hesablamalıdır.

Təsəvvür edək:

Bir tərəfdə Ermənistana sərt xəbərdarlıqlar edən Azərbaycan Prezidenti İlham
Əliyev;

Masanın digər başında Ermənistanla gərginlik yaşayan və əsəbindən zəncir
çeynəyən Rusiyanın Prezidenti Vladimir Putin;

Digər tərəfdə isə Azərbaycanın strateji müttəfiqi, Rusiya ilə yaxşı əlaqələr
quran Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan.

Görünən budur ki, Türkiyə regionda hərbi qarşıdurma ssenariləri ilə əldə edilə
biləcək nəticələri diplomatik danışıqlarla formalaşacaq nəticələrlə əvəzləmək
niyyətindədir.

Yəni Ankara Paşinyanı danışıqlarla sülh müqaviləsinə razı salmaq üçün ona şans
verir. Ancaq İrəvan bu şansları əlindən buraxsa, yeni regional nəticələr güc
tətbiqi üsullarının “övladı” kimi ortaya çıxar.

Aqşin Kərimov

Source link