“Türkiyə məhsullarının qiymətinin azalacağını gözləyə bilərik” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv
edilməsinə dair saziş təsdiqlənib.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında
gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması
və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi
barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Bəs görəsən, bu sazişin təsdiqindən kim daha çox faydalanacaq? Onlayn
alış-verişə də təsiri olacaqmı?
Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin
sözlərinə görə, ikiqat vergitutmanın ləğv edilməsi hər iki ölkənin
ticari-iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək:
“Türkiyə bizim önəmli iqtisadi tərəfdaşımızdır. İxrac istiqamətində ikinci
əsas tərəfdaşlarımızdan biri hesab olunur. Bu baxımdan da ticarət əlaqələrimiz
ilbəil genişlənir. Bəzi məhsullara ikiqat vergitutmanın azaldılması hər iki
ölkənin ixrac potensialını gücləndirəcək, sahibkarların imkanlarını
genişləndirəcək”.
Ekspert qeyd edib ki, ikiqat vergitutmanın ləğv edilməsi Türkiyə məhsullarının
Azərbaycanda qiymətinin artmasının qarşısını alacaq:
“Bu qərar ölkəmizin Türkiyəyə ixrac olunan məhsullarının rəqabətliliyini
artıracaq. Ümumi nəticədə bu, hər iki ölkədə məhsulların ticarət dövriyyəsinin
çoxalmasına, iqtisadi potensialın və sahibkarların fəaliyyətinin genişlənməsinə
təkan verən addımdır.
Bundan öncə sahibkarlar həm öz ölkələrində, həm də Türkiyədə (və ya əksinə)
vergi ödəyirdilər. Bu da öz növbəsində, ölkədə ixrac olunan məhsulların
qiymətinə təsir göstərirdi. Belə müsbət addımdan sonra məhsulların qiymətinin
sabitləşməsini, malların ucuzlaşmasını, ixracının və idxalının artmasını
müşahidə edəcəyik”.
“İki ölkə arasında gömrük rüsumlarının diversifikasiyası və qarşılıqlı
güzəştlər əvvəllər də nəzərdə tutulmuşdu. Bütün bunlar hamısı Azərbaycan və
Türkiyə arasında ticarət dövriyyəsinin artmasına səbəb olur. Statistik rəqəmlər
ötən il bu göstəricinin 11 faizdən çox olduğunu göstərir. Azərbaycanın 15
məhsulunun ixracatı səkkiz dəfə artıb. Bu güzəştlər bəzi ərzaq və qeyri-ərzaq
məhsullarını özündə ehtiva edir”.
Nəzrin Vahid