f0f2360c-e92d-4383-b4f6-1c36528f6303..jpg

Türkiyə mətbuatı: Azərbaycan xalqı zəlzələdən zərər çəkənlər üçün səfərbər oldu – FOTO

Baxış sayı: 891 dəfə baxılıb.

Türkiyə mətbuatı: Azərbaycan xalqı zəlzələdən zərər çəkənlər üçün səfərbər
oldu – FOTO

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək
məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı
yardım kampaniyasına qardaş ölkə mətbuatı geniş yer ayırıb.

AZƏRTAC

xəbər verir ki, nüfuzlu KİV-lərdə yayımlanan məqalələrdə Prezidentİlham Əliyev
in Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin
və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət
qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması
xüsusi vurğulanıb.

Anadolu agentliyində yayımlanan xəbərdə dövlətimizin başçısının Türkiyənin
Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması,
səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş
Türkiyənin yanında olması barədə fikirləri oxuculara təqdim edilib. Yazıda
Prezident İlham Əliyevin “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər
birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik.
Yaralılara tezliklə Allahdan şəfa diləyirik”, – sözlərinə yer verilib.

Məqalədə Azərbaycan Prezidentinin Türkiyə dövlətinin operativ və çevik
addımlarının insan amilinin Türkiyə hökuməti üçün əsas məsələ olmasını
göstərməsi və qardaş ölkənin gücünü bütün dünyaya bir daha nümayiş etdirməsi
barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb.

“HaberGlobal” televiziya kanalının saytında yer alan xəbərdə də dövlətimizin
başçısının Türkiyə səfirliyini ziyarət etməsi bu ağır gündə əsl qardaşlıq
nümunəsi kimi dəyərləndirilib. Yazıda Prezident İlham Əliyevin “Azərbaycan
xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin
əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi
gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir” sözləri xüsusi
qeyd olunub. Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidentinin göstərişi ilə
SOCAR da zəlzələnin fəsadlarının aradan qaldırılması işinə dəstək verməyə
başlayıb. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün
imkanlarla yardım etməyə çalışır.

“Milliyet” qəzeti isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi
barədə tapşırıq verdiyini yazıb. Qeyd olunub ki, Mehriban xanım Əliyevanın
tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif
dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları,
onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi
ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərəcək. Türkiyəyə
göndəriləcək humanitar yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları
tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara çatdırılacaq.

Türkiyə KİV-lərində yer alan məqalələrdə azərbaycanlı xilasedicilərin
axtarış-xilasetmə əməliyyatlarında uğurla çalışdıqları vurğulanıb.“Yeni Şafak”
qəzeti yazıb ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri
qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və
axtarış-xilasetmə əməliyyatlarını yorulmadan davam etdirirlər. Azərbaycanlı
xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş vilayətində
dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini
çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Məqalədə Azərbaycan dövlətinin və
xalqının qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərdiyi qeyd olunub.

“Hürriyet” qəzetində dərc edilən məqalədə xüsusi vurğulanıb ki, Azərbaycan
xalqı zəlzələdən zərər çəkənlər üçün səfərbər olub. Azərbaycanda başlanan
yardım kampaniyası barədə xəbər alan vətəndaşların yardım toplama məntəqələrinə
axın edərək yorğan, qızdırıcı, geyimlər, ayaqqabı, ərzaq və digər ləvazimatlar
gətirdikləri bildirilib. Yazıda sadə vətəndaşların bu çətin gündə qardaş türk
xalqının yanında olduqları və yardım etməyi özlərinə borc bildikləri xüsusi
vurğulanıb.

“TRT Avaz”ın yaydığı xəbərdə isə humanitar yardım daşıyan 13 yük avtomobilinin
fevralın 8-də səhər saatlarında Bakıdan Türkiyəyə yola düşdüyü bildirilib. Qeyd
olunub ki, bu humanitar yardıma 260 çadır, 300 çarpayı, 2 böyük generator, 8
min geyim, 20 min cüt corab, 350 masa, 1000 stul və 5 min dəsmal daxildir.

Anadolu agentliyinin yaydığı “Azərbaycan xalqının Türkiyəyə yardım
səfərbərliyi davam edir” sərlövhəli xəbərdə bildirilir ki, Azərbaycan dövləti
bu günə qədər Türkiyəyə 7 təyyarə və 14 yük avtomobili ilə humanitar yardım
göndərib. Zəlzələ bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 nəfər
tibbi heyəti olmaqla 725 xilasedicisi fəaliyyət göstərir. Azərbaycan Müdafiə
Nazirliyinin 10 hərbi həkimi və 8 tibb bacısı da zəlzələ bölgəsində xidmət edir.

Məqalədə dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin də
humanitar yardım aksiyasında fəal iştirak etdikləri, toplama məntəqələrinə
fasiləsiz yardımlar gətirdikləri bildirilib. Bu çətin gündə qardaş Türkiyə ilə
həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət
Bayrağı rəngində işıqlandırıldığı qeyd olunub.

Türkiyə KİV-lərində yer alan xəbərlərdə Azərbaycan xalqının sosial şəbəkələrdə
də qardaş türk xalqının yanında olduqlarını ifadə etmələri, bu çətin günlərdə
əsl qardaşlıq dəstəyi göstərdikləri xüsusi vurğulanıb.

Source link