fbcecd90-5205-4eda-aa29-599c6e5787a6..jpg

Türkiyə mallarının qiymətləri bahalaşacaq? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 645 dəfə baxılıb.

Türkiyə mallarının qiymətləri bahalaşacaq? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Türkiyə-Azərbaycan iqtisadi münasibətləri, ticarət dövriyyəsi ölkəmiz üçün
kifayət qədər vacibdir. Amma “əsrin fəlakəti”nin coğrafiyasına və Türkiyəyə
ixracatımızın strukturuna diqqət yetirsək, görərik ki, zəlzələ iki ölkə
arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək”.

Türkiyədə baş verən zəlzələnin ölkəyə vurduğu maddi ziyan milyardlara
bərabərdir. Təbii fəlakətin iqtisadi nəticələri ilə yanaşı, Azərbaycanla
ticarət dövriyyəsinə təsirləri də müzakirə olunur.

Maraqlıdır, böyük itkilərə səbəb olan “əsrin fəlakəti” Azərbaycan-Türkiyə
iqtisadi əlaqələrinə necə təsir göstərəcək?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır

Millət vəkili Vüqar Bayramov deyir ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi
olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır:

“2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara
yaxınlaşmışdı. Azərbaycanın həm ümumi ticarətində, həm qeyri-neft ixracatında
Türkiyənin xüsusi pay var. Bu baxımdan təbii ki, Türkiyə-Azərbaycan iqtisadi
münasibətləri, ticarət dövriyyəsi ölkəmiz üçün kifayət qədər vacibdir. Amma
“əsrin fəlakəti”nin coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət
yetirsək, görərik ki, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi
neqativ təsir göstərməyəcək”.

“Qiymət artımları proqnozlaşdırılmır”

Ekspert vurğulayır ki, Türkiyə ölkəmizin qeyri-neft ixracatında da ikinci əsas
tərəfdaşıdır:

“3 milyard dollarlıq enerjidən kənar ixracatımızın təxminən üçdə biri
Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft
məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə
ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Təbii ki,
Türkiyədən ərzaq və qeyri-ərzaq məhsullarının idxalı həyata keçirilir. Hazırda
Türkiyədə bu məhsullarının istehsalında və ixracatında hər hansı çətinliklər
yoxdur. Ona görə də zəlzələnin Azərbaycan bazarına neqativ təsiri və qiymət
artımları proqnozlaşdırılmır”.

Şirkətlər hazırda öz yaralarını sarımaqla məşğuldurlar

İqtisadçı ekspert Xalid Kərimli də zəlzələnin Azərbaycan iqtisadiyyatına
neqativ təsirinin olmayacağı qənaətindədir. Mütəxəssis bildirir ki, zəlzələnin
baş verdiyi ərazilərdə ciddi iqtisadi ticarət əlaqələrimiz yoxdur:

“Türkiyə iqtisadiyyatının təqribən 10 faizi, 20 milyard dolları zəlzələnin
olduğu bölgədən gəlirdi. Amma Azərbaycanın bu bölgədə işləyən şirkətlər ilə
böyük iqtisadi əlaqələri yoxdur. Təbii ki, Türkiyə şokdadır. Şirkətlər və əhali
hazırda öz yaralarını sarımaqla məşğuldur və bunun bizə də təsiri olacaq. Amma
bu, qısamüddətli təsirdir. Ciddi şəkildə nə iqtisadi ticarət əlaqələrinə təsir
edəcək, nə də ölkələrarası iqtisadi problemə çevriləcək”.

İqtisadiyyatı çox çevik, sahibkarı ağıllıdır

Mütəxəssis vurğulayır ki, Türkiyə güclü dövlətdir və bu zərərin də altından
qalxacaq:

“Zəlzələnin Türkiyəyə vurduğu iqtisadi zərər təxminən 100 milyard dollar
dəyərindədir. Bu da Türkiyə ümumdaxili məhsulunun təxminən 10-12 faizini əhatə
edir. Türkiyə güclü ölkədir. İqtisadiyyatı çox çevik, sahibkarı ağıllıdır.
Hökumət borclanma imkanına malikdir. Hazırda borcun ümumdaxili məhsula nisbəti
30-35 faiz arasındadır. Bu da onu deməyə imkan verir ki, hələ xarici
institutlardan rahat, risksiz şəkildə borc da götürə bilər”.

Əgər tələb təklifdən üstün olarsa…

İqtisadçı ekspert Rauf Qarayev deyir ki, zəlzələ ilə əlaqədar Türkiyədən idxal
olunan parfümeriya və yeyinti məhsullarının qiymətlərində cüzi artım ola bilər:

“Bazarda məhz bununla bağlı ciddi qiymət artımlarının olmasını gözləmirəm.
Çünki bizim yerli istehsallar da var və bazarı təmin edir. Bundan əlavə, əgər
tələb təklifdən üstün olarsa, digər bazarlara da üz tutmaq olar. Azərbaycanın
həmin bölgələrdən idxal etdiyi məhsullar alternativlə əvəz edilə biləcək.
Müəyyən sahələr var ki, müəssisələr açılmalı və asılılığımız aradan
qaldırılmalıdır. Daxili istehsalın çeşidi artırıldıqda qonşu ölkələrdə baş
verən hadisələrin bizə təsirləri olmayacaq”.

Source link