a724ddbc-696c-4018-930d-a5ac134cc1bd..jpg

Türkiyə PA-nın Komissiya üzvü: “FETÖ və digər terror təşkilatlarına qarşı mübarizədə ölkəmiz bayraqdardır”

Baxış sayı: 611 dəfə baxılıb.

Türkiyə PA-nın Komissiya üzvü: “FETÖ və digər terror təşkilatlarına qarşı
mübarizədə ölkəmiz bayraqdardır”

“FETÖ və digər terror təşkilatlarının bölgəmizdə əl-qol açması təsadüfi deyil,
sistemli bir fəaliyyətin nəticəsidir, amma bu qüvvələrə qarşı mübarizədə
Türkiyə bayraqdardır”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Prezident
Administrasiyası (PA) Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü,
siyasətçi İsmail Safi bildirib.

O qeyd edib ki, qlobal imperialist qüvvələr Türkiyə də daxil olmaqla Orta
Şərq, Mərkəzi Asiya və Afrikanı idarə etmək üçün fərqli metodlar və terror
təşkilatlarından istifadə ediblər:

“Məqsədləri budur ki, dünyanın qalan hissəsini də müstəmləkələrinə
çevirsinlər. Müxtəlif vasitələrə əl atırlar. Türkiyənin də yer aldığı
coğrafiyada, yəni Orta Şərqdə PKK, YPK, İŞİD və FETÖ terror təşkilatlarından
maşa kimi istifadə edirlər”.

İsmail Safinin fikrincə, qlobal güclər Türkiyənin və islam dünyasının ayağa
qalxmasını heç bir halda istəmirlər:

“Çünki onların minillik türk qorxusu var”.

Siyasətçi Türkiyə dövlətinin quruluşundan bu günə qədər 100 illik dövrdə
imperialist qüvvələrin bu ölkədə fəaliyyətlərini konkret olaraq misallarla
ifadə edib:

“ASALA erməni terror təşkilatı dünyanın fərqli yerlərində Türkiyənin 40
diplomatını şəhid etdi. Terror təşkilatı 1980-ci ildə süquta uğrasa da,
sonradan bunun PKK-ya çevrildiyini gördük. Bu qruplaşma 50 min günahsız
insanımızı qanına qəltan etdi. Bununla kifayətlənməyib İŞİD kimi imanı olmayan
bir təşkilat ortaya çıxardılar. Coğrafiyamıza “yumşaq islam” adı altında
Fətullahçı terror təşkilatı da bu şəkildə yerləşdirildi. Türkiyəyə vurduğu
ziyan azmış kimi, FETÖ 2013-cü ildə Gezi olaylarında yaşıllaşdırma ilə bağlı
aparılan bir aksiyanı fürsətə çevirib ölkəmizə qarşı günlərlə davam edən
zərərverici bir fəaliyyət həyata keçirdi. 2016-cı ildə daha da irəli gedərək,
dövlət çevrilişinə cəhd etsə də, dərslərini aldılar. Ən son da 2023-cü il
prezident və parlament seçkiləri zamanı ölkəmizdə qarışıqlıq yaratmaq
cəhdlərinə şahid olduq və yenə də istəklərinə nail olmadılar. Bütün bunlarda da
Türkiyənin inkişafını istəməyən xarici qüvvələrin əli var”.

İsmail Safi deyib ki, güclü strukturu olan bu terror təşkilatları ilə
mübarizədə Türkiyə digər türk və islam ölkələrinə himayədarlıq edir:

“Güclü strukturu olan bu təşkilatlar asanlıqla şəkil dəyişdirib, qlobal
güclərdən hər zaman dəstək aldıqlarına görə bunların dayanacağını zatən
gözləmirik. Amma bu cür qüvvələrin bir daha milli və dini duyğularımıza
müdaxilə etmələrinə imkan verməməliyik. Təbii ki, Türkiyə imperialist
qüvvələrin ilk hədəfidir, çünki islam və türk dünyasına himayədarlıq edir,
məzlum dövlətlərin haqlarını qoruyur. Ona görə də Türkiyəyə hücum edirlər.
Bütün bunlara qarşı isə Türkiyə artıq daha mübariz və güclü olmaq refleksinə
sahibdir. Türkiyə başda Azərbaycan olmaqla bütün türk və islam dünyası ilə
bərabər daha müqavimətli şəkildə fəaliyyətlərini davam etdirir və etdirəcək”.

Source link