Məlum olduğu kimi, iyun ayının 12-də Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) istismara veriləcək. “Qazprom”a məxsus “Türk axını” layihəsinə rəqib hesab edilən TANAP-ın açılışına Rusiya mətbuatında xüsusi yer verilib.
Rusiyanın başqa günü
Qeyd edək ki, 12 iyun Rusiyada həm də “Rusiya Günü” kimi qeyd edilir. Qonşu ölkənin mətbuatının yazdığına görə, 12 iyun təkcə Rusiya deyil, Türkiyə və Azərbaycan üçün də bayram olacaq.
Bildirilir ki, Ankara Şərqlə Qərb arasındakı enerji körpüsünün yaradılmasına yönəlik siyasəti seçib və Azərbaycanla birlikdə yeni qaz magistralı qurur.
Rəsmi Bakı isə TANAP-ın köməyilə bir neçə suala aydınlıq gətirmək və enerji siyasətini dəyişdirmək istəyir. Əgər əvvəllər respublika dünya bazarına neft tədarükü üçün çalışırdısa, hazırda TANAP vasitəsilə Azərbaycan qazının türk və Avropa bazarına çıxışı təmin olunacaq.
Qeyd olunur ki, TANAP-ın 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulsa da, layihə üzrə işlər sürətləndirilib. Artıq cari ilin aprel ayında kəmərin iki fazası üzrə işlərin ümumilikdə 93 faizdən çoxu icra edilib.
SOCAR-ın vitse-prezidenti Vitali Bəylərbəyov fevralda verdiyi açıqlamasında TANAP-ın iyul ayında istifadəyə veriləcəyini bildirsə də, may ayındakı bəyanatında kəmərin açılışının 19 iyunda olacağını söyləyib.
Bir müddət sonra isə Türkiyə tərəfi açılış mərasiminin iyunun 12-də baş tutacağını açıqlayıb. Bu dəfə vaxtın irəli çəkilməsinin səbəbi isə iyunun 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri olub.
Avropaya koridor
Məqalədə bildirilir ki, TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsidir. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilərək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetr proqnozlaşdırılır. Bu həcmin altı milyard kubmetri Türkiyəyə, yerdə qalan hissəsi isə Avropaya ötürüləcək. Qarşıdakı illərdə kəmərin ötürücülük gücünün 24 milyard kubmetrə, 2026-cı ildən başlayaraq 31 milyard kubmetrə çatdırılması gözlənilir. SOCAR əmindir ki, Cənub Qaz Dəhlizi ilə Avropaya qaz ixracı yaxın illərdə start götürəcək.
Avropa isə Cənub Dəhlizi layihəsini alqışlayır və onu “strateji lahiyə” adlandırır. Avropa Komissiyasinin vitse-prezidenti Maroş Şefkoviçin sözlərinə görə, Cənub Dəhlizinin Avropanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyəti böyükdür.
“Avropa Birliyi 69 faiz təbii qaz və 89 faiz neft ixrac edir. Biz enerji resurslarının əsas hissəsini Rusiya, Norveç və Əlcəzairdən alırıq. Ancaq qaz təchizatını şaxələndirmək istəyirik və yeni tərəfdaşlara üstünlük veririk”, – deyə o, ilin əvvəlində Bakıya səfəri zamanı deyib.
Şefkoviç əlavə edib ki, Avropa Birliyinin hər bir tərəfdaşının və üzvünün enerji təhlükəsizliyini təmin etmək üçün üç müxtəlif qaz mənbələrinə çıxışı olmalıdır.
Yeri gəlmişkən, TANAP layihəsinə İsrailin də maraq göstərdiyi vurğulanır. Buna misal kimi, 2017-ci ilin iyulunda İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri Yuval Ştaynitsın ilin sonunadək Aralıq dənizindən Avropa İttifaqına qaz nəqli üçün boru kəmərinin tikilməsi barədə sazişin imzalanmasını həyata keçirəcəkləri yönündə bəyanatı irəli sürülür:
“Bu ilin martında isə Şaynits danışıqların davam etdiyini dedi. Ancaq ABŞ-ın Qüdsdə səfirlik açması məsələsinə görə Ankara və Təl-Əviv arasında münasibətlərin gərginləşməsi ilə tərəflər müzakirələri dayandırıblar”.
Dost da deyil, düşmən də…
Məqalədə “Türk axını” na diqqət çəkərək deyilir ki, TANAP bu layihəyə rəqib hesab edilsə də, rəsmi Moskva Cənubda rəqabətin güclənməsindən qorxmur.
Belə ki, “Türk axını” iki borudan ibarət olacaq. Onların hər birindən il ərzində 15,75 milyard kub metr qaz vurulacaq:
“Boru kəmərinin biri praktiki olaraq hazırdır – aprelin sonlarında birinci boru Türkiyəyə çatıb. Hazırda Moskva və Ankara ikinci marşrut xətti üzrə danışıqlar aparır. Bu xətt vasitəsilə rus qazı Avropanın cənubuna çatdırılacaq.
Türkiyə Rusiya qazının idxalı bazarında ikinci nəhəngdir. “Reuters”in məlumatına görə, bu ilin birinci rübündə “Qazprom” ölkəyə 7,917 milyard kub metr yanacaq verib, 2017-ci ildə bu göstərici 29 milyard kub metr çox idi.
Ümumilikdə Türkiyədə təbii qazın istehlakı 2017-ci ildə əvvəlki ilə nisbətən 16 faiz artaraq, 53,5 milyard kub metrə çatıb.
Bununla yanaşı, Rusiyadan qazın alınması 17 faiz artaraq, 28,6 milyard kub metrə çatdırılıb. Rusiyadan başqa, Türkiyəyə qaz idxal edən ölkələr İran (9,2 milyard kub metr) və Azərbaycandır (6,5 milyard kub metr).
2018-ci ildə TANAP üzərindən Türkiyəyə qaz nəqli iki milyard kub metr, 2019-cu ildə dörd milyard kub metr, 2020-ci ildə isə altı milyard kub metrə bərabər olacaq”.
Türkiyə revanş yolunda
Məqalədə TANAP-ın Türkiyə və Azərbaycan üçün strateji əhəmiyyətinə də toxunulub.
Bildirilib ki, minilliklər boyu Şərqlə Qərb arasındakı ticarət yolunda Qədim Yunanıstan, daha sonra Bizans və Osmanlı imperiyaları yerləşib. XVII-XIX əsrlərdə Türkiyənin tənəzzülünə səbəb ticarət yollarının dəyişdirilməsi oldu. Ancaq XXI əsrin əvvəllərində uğur Türkiyənin üzünə güldü və ölkə yenidən strateji yerini geri qaytara bildi. Buna səbəb Türkiyənin Şərq ölkələrinin Avropa Birliyinə neft və qaz idxalı oldu.
2015-ci ilin martında keçirilən TANAP layihəsinin təməlqoyma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəni enerji resurslarının bölüşdürülməsi mərkəzinə çevirmək niyyətindədir.
Ankara ümid edir ki, Cənub Qaz Dəhlizinin açılması ilə Türkiyə Avropa yolunda əsas tranzit koridoruna və ən vacib enerji qovşağına çevriləcək.
Hələ 2016-cı ilin sonunda Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, Cənub Qaz Dəhlizi ilə idxal olunacaq qaz artıq satılıb.
“Biz hasilatın artırılması barədə kontraktlar imzalamışıq. Hasilatın artımı 2018-ci ildən başlayacaq və 2020-2021-ci illərdə ən yüksək səviyyəyə çatmalıdır. Buna görə də hər hansı başqa regional enerji layihələri obyektiv olaraq onunla rəqabət apara bilməz, çünki biz həmin qazı artıq satmışıq”, – Əliyev deyib.
Azərbaycan prezidenti onu da qeyd edib ki, “Türk axını” kimi layihələr Bakını sevindirir.
Leyla Əliyeva
www.ÇıxışYolu.Com