ff310d2a-4d21-4cf8-ace3-8e90a2f59042..jpg

Türkiyədə inşaat materialları bahalaşarsa, Azərbaycan onları haradan alacaq? – Ekspert rəyi

Baxış sayı: 858 dəfə baxılıb.

Türkiyədə inşaat materialları bahalaşarsa, Azərbaycan onları haradan alacaq? –
Ekspert rəyi

Türkiyə növbəti 1 il ərzində zəlzələ baş verən ərazilərdə böyük həcmli tikinti
işləri aparacaq. Bu işlər təbii olaraq ölkədə tikinti materiallarına olan
tələbatı artıracaq. Bəs bizim tikinti materiallar və daşınmaz əmlak bazarları
bundan təsirlənə bilərlərmi?

“Kaspi”

qəzeti növbəti yazısında bu suala cavab axtarmağa çalışıb:

Fevralın 6-dan qardaş Türkiyədəki acı xəbərlər gündəmdədir. Güclü təkanlar
nəticəsində ölkəyə çox böyük ziyan dəyib, xeyli sayda insan itkisi var. Dəymiş
ziyanın aradan qaldırılması, şəhərlərin yenidən bərpası üçün maddi vəsait
ayrılıb. 1 il müddətinə bərpa işləri aparılması planlaşdırılır. Bu isə növbəti
1 il ərzində Türkiyədə tikinti materiallarına tələbatın böyük həcmdə artacağı
deməkdir. Nəzərə alsaq ki, Azərbaycana da Türkiyədən tikinti materialları idxal
olunur, bu proseslər yəqin ki, bizə də təsirsiz ötüşməyəcək. Əgər Türkiyədə
inşaat bazarında qiymət artımı olarsa, bu, bizim ölkəmizə də təsir göstərərmi?

Türkiyənin yetəri qədər resursu var

Əmlak və tikinti materialları üzrə ekspert Elnur Azadov dedi ki, Türkiyədə
tikinti malları bazarında qiymət artımı müşahidə oluna bilər: “Türkiyədə inşaat
istehsalı, satışı ilə məşğul olan şirkətlər proseslərdə aktiv iştirak etməkdə
maraqlıdırlar. Çox güman ki, böyük tələbat nəticəsində qiymət artımı müşahidə
olunacaq. Amma Türkiyə çox böyük və zəngin ölkədir, böyük resursları da var.
Beton, sement, armatur kimi uzaq məsafədən daşınması sərf etməyən mallara
ehtiyac olmayacaq. Yalnız bəzi bəzək materialları, mebel, elektrik
avadanlıqları, kabellər, əşyalar Çin kimi ucuz mal istehsal edən ölkələrdən
Türkiyə bazarına çıxarıla bilər”.

Problem olsa, alternativ bazarlar axtaracağıq

E.Azadov bildirdi ki, Türkiyənin Azərbaycanın tikinti materiallarına ehtiyacı
yoxdur: “Türkiyədə materialların qiymətinin qalxması bizə alternativ bazarlar
axtarmaq üçün yol açacaq. Türkiyədə bəzi inşaat materialları bahalaşacaqsa, biz
onları İran, Çin, Rusiya kimi ölkələrdən ixrac edəcəyik. Lakin qiymət artımının
bizim tikinti malları bazarında da hiss ediləcəyini düşünmürəm. Azərbaycanda
istehsal olunan inşaat materialları Türkiyədəkindən daha üstün deyil. Çünki
bizim və Türkiyənin inşaat materialları bazarı müqayisə oluna bilməz. Onlarda
həm say çoxdur, həm keyfiyyət yüksəkdir, həm qiymət daha əlverişlidir. Ona görə
Azərbaycanın Türkiyəyə hər hansı inşaat, bəzək materialları ixrac edəcəyini
düşünmürəm”.

Yeni tikilən binalarda satış 20-30 faiz azalıb

Ekspertin sözlərinə görə, Türkiyədəki zəlzələdən sonra Azərbaycanın daşınmaz
əmlak qiymətlərində artım gözlənilmir: “Türkiyədə baş verən zəlzələdən sonra
tikinti şirkətlərimizdə satış aktivliyi az da olsa düşəcək. Artıq müəyyən qədər
düşüb. Hazırda yeni tikilən binalarda satış 20-30 faiz azalıb. Belə məlumatlar
yayılıb ki, binaların dayanıqlılığı yoxlanılacaq. Bu proses başlayarsa, həmin
ərəfədə satış ciddi şəkildə düşəcək. İnşaat materiallarının qiyməti arta bilər.
Amma daşınmaz əmlak qiymətlərinin artmasını heç gözləmirəm”.

Əsas tikinti materiallarında Türkiyədən asılı deyilik

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, Azərbaycanın
Türkiyədən gələn tikinti materiallarından elə də asılılığı yoxdur: “Bərpa
işlərinin sürətlə aparılması həmin ərazidə tikinti materiallarına tələbatı
artıracaq. Bu, qiymət artımına gətirib çıxara bilər. Lakin Azərbaycanın tikinti
materialları daha çox Rusiyadan gətirilir. Tikintidə istifadə olunan dəmir,
alüminium, armatur, mismar, dəmir dam örtükləri, şiferlər, digər taxta
məhsullarının demək olar ki, hamısı Rusiyadan, bir hissəsi isə Ukraynadan
gəlirdi. Azərbaycanın özü də tikinti materialları istehsal edir. Tikintidə ən
çox istifadə olunan materiallar olan beton, sement öz zavodlarımızda istehsal
olunur. Betonda istifadə olunan çınqıl daşları Azərbaycanın öz məhsuludur.
Ölkəmizdə çay tipli yataqlar çox olduğuna görə çınqılla bağlı problemimiz
yoxdur”.

E.Fərzəliyev qeyd etdi ki, tələbat artarsa, çatdırılmada problemlər ola bilər:
“Türkiyədən mətbəx mebelləri, avadanlıqlar, isitmə-soyutma cihazları və digər
tikintidə istifadə olunan mallar idxal olunurdu. Yalnız onlarda qiymət artımı
ola bilər. Əgər orada tələbat artarsa, Türkiyədə qiymət artımı, yaxud
çatdırılmada problemlər ola bilər. Azad olunan torpaqlarımızda aparılan tikinti
işləri, yeni yolların, infrastrukturların çəkilməsi bazarımıza elə də böyük
təsir etməyibsə, Türkiyədəki hadisələr də qiymət artımına gətirib çıxara
bilməyəcək”.

Türkiyəyə daha çox Rusiyadan tikinti materialları gedəcək

Ekspert bildirdi ki, Azərbaycan da Türkiyəyə dəstək ola bilər, amma Rusiyanın
rolu daha çox olacaq: “Ölkəmizdə istehsal olunan tikinti materiallarına tələb
olarsa, Azərbaycandan da ixrac oluna bilər. Düzdür, bizdəki materiallardan
artıqlaması ilə Türkiyədə də istehsal olunur. Amma dağıntı həddindən artıq
böyükdür, qısa vaxt ərzində böyük ərazilər tikilməlidir, şəhərlər yenidən
salınmalıdır deyə, oranın istehsalı kifayət etməyə bilər. Amma Rusiyadan
Türkiyəyə daha çox tikinti materialları gedəcək. Çünki tikintilərdə istifadə
olunan dəmir, armatur materiallar ən ucuz və bol Rusiyadadır”.

Təmirli evlərin satış qiyməti bahalaşa bilər

E.Fərzəliyevin sözlərinə görə, bahalaşma olarsa, daha çox təmirli mənzillərdə
ola bilər: “Bəzi tikinti materiallarının qiymətindəki artım daha çox təmirli
evlərin satış qiymətinə təsir edə bilər. Çünki təmirsiz mənzillərdə istifadə
olunan bütün tikinti materialları yerli və daha çox Rusiya istehsalı olan
mallardır”.

Source link