“Türkiyə böyük bir terror aktı ilə sarsıldı. Hadisə nəticəsində 5 nəfər həlak
olub, 22 nəfər yaralanıb. Ankaranın Kahramankazan rayonu ərazisində yerləşən
TUSAŞ şirkətində törədilən terror çoxməqsədli bir hücum kimi geniş müzakirə
olunacaq”.
Bunu Cixisyolu.com-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin
(KAFKASSAM) sədri, türkiyəli siyasi tədqiqatçıHasan Oktay bildirib.
Onun sözlərinə görə, bu hadisənin ilk növbədə Milliyətçi Hərəkat Partiyasının
(MHP) sədri Dövlət Baxçalının açıqlamasına (Dövlət Baxçalı iki gün əvvəl
bildirib ki, PKK-nın həbsdə olan lideri Abdullah Öcalan azad edilməli, bunun
müqabilində o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış
etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir – red.) reaksiya
olaraq baş verdiyi vurğulanır:
“Nəzərdən qaçırılmamalıdır ki, əgər bu əməliyyat Dövlət Baxçalının
açıqlamasına görə PKK tərəfindən həyata keçirilibsə, Baxçalının açıqlamasında
PKK-nın maraqlarına zidd heç nə görünmür. Onun PKK lideri ilə bağlı həbsxanadan
çıxarılması barədə etdiyi çıxış mediada daha çox yer aldı. Baxçalının
çıxışından bir gün sonra belə bir əməliyyatı planlaşdırmaq, kəşfiyyat işi
aparmaq, silah və sursatı bir yerə toplamaq çox çətin mərhələdir. Yəni zaman
baxımından, bu əməliyyatın Baxçalının çıxışı ilə əlaqəsi o qədər də çox deyil”.
“Bu ehtimaldan başqa terror əməliyyatının başqa 2 istiqaməti ola bilər.
Birinci vacib məsələ Türkiyədə çox müzakirə olunmur – BRICS toplantısında
Ərdoğana təzyiq göstərmək istəyən Putinin əlini gücləndirmək üçün bu əməliyyatı
PKK ilə rus kəşfiyyatının birgə həyata keçirmə ehtimalı. Əməliyyatın arxasında
digər bir faktor da 7 Oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə etdiyi hücum
fonunda bölgədəki hadisələr və Türkiyənin HƏMAS və Hizbullah məsələsindəki
mövqeyinə cavab olaraq İsrail kəşfiyyatının Türkiyəyə cavabı ola bilər”, – deyə
ekspert vurğulayıb.
Müsahibimiz hesab edir ki, hadisənin arxasında İsrail və Rusiya amili üzərində
dayanmaq lazımdır: “Belə ki, 7 Oktyabr hücumundan sonra PKK Şimali İraqda
Türkiyəyə qarşı iki böyük hücum həyata keçirib, lakin bu əməliyyatlar PKK-nın
əməliyyat strategiyasına baxanda fərqli görünür. Yəni PKK-nın sifarişi əsasında
Türkiyəyə qarşı iki əməliyyat həyata keçirdiyi ehtimalı önə çıxır. Məhz bu iki
əməliyyatdan yola çıxaraq, Kazanda həyata keçirilən əməliyyat birləşdirildikdə
logistika və kəşfiyyatın MOSSAD tərəfindən, insan resursunun PKK tərəfindən
təmin edilən bir əməliyyat modeli ilə qarşılaşdığımız aydın olur. Rusiya
baxımından isə bu fikir çox zəif və daha çox araşdırmaya ehtiyac olsa da,
əməliyyatın xarakteri, müdaxilə və hədəf aldığı kütləyə baxıldıqda “Qızılay” və
“Mərasim küçəsi” hücumları bu hadisə ilə üst-üstə düşür ki, bunun da “TAG”
(Kürdüstan azadlıq şahinləri) adlı təşkilat tərəfindən həyata keçirildiyi
şəklində qiymətləndirmək mümkündür”.
Mərahim Nəsib