f73cead5-2659-475f-abc8-2516e5bfbf51..jpg

Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? – AÇIQLAMA

Baxış sayı: 800 dəfə baxılıb.

Türkiyədəki zəlzələ Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? – AÇIQLAMA

Türkiyənin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal
gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep,
Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.

Dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a, yaralıların sayı isə 22
168 nəfərə çatıb.

Dünya mediasının gündəmində olan hadisənin təkcə Türkiyəyə deyil, bütün
bölgəyə təsirləri müzakirə mövzusudur. Ekspertlər düşünürlər ki, dəhşətli
zəlzələ nəticəsində yaranmış vəziyyətin xüsusilə Türkiyə ilə iqtisadi əlaqələri
güclü olan dövlətlərə də təsiri qaçılmazdır.

Bəs qardaş ölkədə baş verən zəlzələ Azərbaycanla iqtisadi əlaqələrə necə təsir
edəcək? İdxal-ixrac əməliyyatlarında gecikmələr, bunun fonunda ölkəmizdə
hansısa məhsulların qiymət artımı mümkündürmü?

Mövzu ilə əlaqədar Cixisyolu.com-a danışan iqtisadçı Elçin Süleymanov qeyd edib ki,
Türkiyə Azərbaycan iqtisadiyyatı üçün ən əhəmiyyətli ölkədir və orada baş verən
zəlzələ müəyyən mənada iqtisadi əlaqələrə təsir edə bilər:

“Birbaşa ciddi təsirlərin olacağını hesab etmirəm, amma istənilən halda
Türkiyə qardaş ölkədir. İdxal-ixrac əməliyyatlarına nəzər saldıqda da Türkiyə
ilə iqtisadi əlaqələrin nə qədər geniş olduğunu görə bilərik. Xüsusilə Malatya
və Antep Türkiyənin sənaye baxımından əhəmiyyətli zonalarından sayılır. Ona
görə də zəlzələnin Türkiyə iqtisadiyyatına zərəri 50-60 milyard dollar civarı
qiymətləndirilir. Bu, Azərbaycan iqtisadiyyatına da dolaylı olaraq, mənfi təsir
göstərə bilər.

Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin Ceyhan limanında qısamüddətli durğunluq
meydana gəldi. Amma tezliklə işlər bərpa olundu. Azərbaycana idxal
əməliyyatlarında müəyyən gecikmələr ola bilər. Amma düşünürəm ki, bu, ciddi
problem yaratmaz. Zəlzələ baş verən bölgələr – Hatay, Şanlıurfa, Diyarbəkir,
İskəndərun daha çox Suriya ilə həmsərhəd ərazilərdir. Zəlzələ ilə əlaqədar daha
çox Malatya, Antep, qismən isə Maraşdakı sənaye quruluşlarının zəifləməsi
Azərbaycana bir qədər təsir göstərə bilər. Buradan ölkəmizə müəyyən sənaye
məhsullarının idxalı mövcuddur”.

Elçin Süleymanov xüsusilə qeyd edib ki, Türkiyə ilə əsasən iki istiqamətdə
əməkdaşlıq mövcuddur:

“Birinci, neft-qaz sahəsidir ki, bununla bağlı ciddi problemlər olmayıb.
İkinci məsələ isə, idxal edilən məhsullardır. Burada da ciddi axsama olmaz.

Türk lirəsinin Azərbaycan manatına görə ucuzlaşması iş adamlarına imkan verir
ki, qiymətləri tənzimləyə bilsinlər. Etiraf etmək lazımdır ki, Türkiyədəki
qiymətlər Azərbaycandakından dəfələrlə ucuzdur. Buradakı iş adamları qiymətləri
aşağı sala bilərlər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
qiymətlərə nəzarət edə bilər ki, türk mallarına ölkəmizdə süni qiymət artımı
tətbiq edilməsin. Sahibkarlar zəlzələni bəhanə edərək qiymətləri qaldıra
bilərlər. Amma belə sui-istifadə baş versə belə, qısa zaman çəkəcək”.

Qeyd edək ki, Gömrük Komitəsi tərəfindən açıqlanan statistik göstəricilərə
əsasən, 2022-ci ildə Türkiyə ilə 5 milyon 842 min ABŞ dolları həcmində ticarət
dövriyyəsi aparılıb. Bu göstəricilərdən 3 milyon 545 min dollar ixrac, 2 milyon
297 min dollar isə ixrac əməliyyatlarının payına düşür. Ümumilikdə Türkiyə
Azərbaycanın ticarət əlaqələrində ən çox əməkdaşlıq etdiyi ikinci ölkədir.

Aysel Aslan

Source link