4c196eaa-0f0e-4936-a962-67f4857140e5..jpg

Türkiyədəki zəlzələ Azərbaycandakı pərakəndə geyim və onlayn ticarət bazarına necə təsir edəcək? – VİDEO

Baxış sayı: 3. 250 dəfə baxılıb.

Türkiyədəki zəlzələ Azərbaycandakı pərakəndə geyim və onlayn ticarət bazarına
necə təsir edəcək? – VİDEO

“Güclü zəlzələ baş verən Malatya, Kahramanmaraş şəhərlərində iri şirkətlərin
istehsal fabrikləri yerləşir. Bu səbəbdən də, zəlzələnin əraziyə vurduğu ziyan
və ümumi vəziyyəti nəzərə alsaq, növbəti, yəni payız-qış mövsümündə tekstil
malların qiymətində artım gözlənilir”.

Bunu “Report”a açıqlamasında fervalın 6-da Türkiyənin bir sıra regionlarında
baş verən 7,7 və 7,6 maqnitudalı iki zəlzələnin Azərbaycanın geyim bazarına
təsirini şərh edən Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının
(AFRA) İdarə Heyətinin sədri Fərid Novruzi deyib.

F.Novruzi hesab edir ki, 2023-cü ilin ilk yarısında qiymət artımı ilə bağlı
yenilik gözlənilmir:

“Növbəti 6 ay ərzində yəni qarşıdan gələn yaz-yay mövsümündə tekstil mallarına
müəyyən olunan qiymətlərdə dəyişikliklər olmayacaq, çünki sahənin qaydalarına
uyğun olaraq, bu mövsüm üçün nəzərdə tutulan malların istehsalı prosesi artıq
bitib. Qeyd olunan mövsümlərdə yalnız logistika məsələləri ilə bağlı
problemlərin olması gözlənilir ki, bu da tədarük zəncirində qırılmaların baş
verməsi səbəbindən ola bilər”.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi
Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov
isə hesab edir ki, brend malların istehsalçıları hadisədən təsirlənsə də, qısa
müddət üçün qiymət artımına getməyəcək:

“Türkiyə elektron ticarət platformaları Azərbaycanda kifayət qədər məşhurdur.
Bu baxımdan qardaş ölkədə baş verən zəlzələnin onlayn satışa təsiri bizim
ölkəmizdə də hiss ediləcək. Biz də bu prosesi dərindən müşahidə edirik.
Düşünürəm ki, brendlər öz adlarını qorumaq naminə zərər dəyməsinə baxmayaraq,
bahalaşmaya getməyəcəklər.

Zəlzələnin qiymətlərə təsirinə gəlincə, bu əsasən ölkə daxilində xüsusən də
təbii fəlakət baş verən bölgədə istehsal edilən məhsullarda müşahidə edilə
bilər. Təbii ki, zəlzələnin nəticələrinin hansı müddətdə aradan qaldırılması,
həmin bölgələrdəki müəssisələrin öz işlərini hansı tezlikdə bərpa etməsi,
ölkədaxili daşınmaların operativliyinin təmini və başqa bu kimi məsələlərin
qiymətlərə təsir etməsi mümkündür”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık
rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan
rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox
afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail,
İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb
olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər
dünyasını dəyişib.

Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu
üçün söküləcək.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan
olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ
kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım
toplanmasına başlanılıb.

“Xəzər Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Source link