3aadc398-8f94-4d1f-8566-1cd8822d1e7e..jpg

Türkiyədəki zəlzələnin iqtisadi təsirləri: İnanılmaz rəqəmlər

Baxış sayı: 748 dəfə baxılıb.

Türkiyədəki zəlzələnin iqtisadi təsirləri: İnanılmaz rəqəmlər

Zəlzələ zonasının sahəsi 108 min 812 kvadrat kilometri əhatə edib. Bu ərazi
Bolqarıstana bərabər, Danimarka və Niderlandın ərazilərindən isə üç dəfədən çox
böyükdür. Təbii ki, bu qədər böyük bir ərazini əhatə edən dağıntıların
iqtisadiyyata təsiri də böyük olacaq.

“Kaspi”

qəzeti bugünkü məqaləsini Türkiyədəki zəlzələyə həsr edib:

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlər təkcə Türkiyənin deyil,
dünyanın da gündəmini dəyişib. Beynəlxalq aləm hər gün zəlzələ bölgəsindən
daxil olan xəbərləri həyəcanla izləməklə yanaşı, nəticələrin aradan
qaldırılması üçün əlindən gələn yardım və dəstəyi göstərir. Seysmoloqların
onilliyin ən dağıdıcı zəlzələsi kimi qeyd etdikləri fəlakət tək Türkiyənin
deyil, türk və müsəlman dünyasının tarixinə də qara hərflərlə yazılacaq.
Zəlzələnin təsiri o qədər böyük olub ki, yeraltı təkanlar Misir, Livan, Suriya,
İraq və İrana qədər uzanan geniş məsafədə hiss edilib. Təbii fəlakət Livanda
evlərə ziyan vurub, İraq və İranda evlər silkələnib, Misirdə insanlar özlərini
evlərindən çölə atıblar. Zəlzələ zonasının sahəsi 108 min 812 kvadrat kilometri
əhatə edib. Müqayisə üçün bildirək ki, bu ərazi Bolqarıstana bərabər,
Danimarkadan və Niderlanddan isə üç dəfədən çox böyükdür. Zəlzələdən zərər
çəkən əhali sayı 13 milyon 500 min nəfəri keçib. Bu əhali Bolqarıstan, Tunis,
Belçika, İordaniya, Çexiya, İsveç, Yunanıstan, Portuqaliyanın əhalisindən
çoxdur. Zəlzələnin episentri də çox üzdə – 7 kilometr dərinlikdə olub. Müqayisə
üçün 2011-ci ildə Yaponiya zəlzələsinin episentrinin 30 km, 1960-cı ildə Çili
zəlzələsinin episentrinin 33 km, 1952-ci ildə Rusiyadakı Kamçatka zəlzələsinin
episentrinin isə 21,6 km dərinlikdə olduğunu qeyd edək. Zəlzələnin yaratdığı
enerji 132 atom bombasına yaratdığı təsirə bərabər olub.

Yuxarıdakı rəqəmlərdən və müqayisələrdən də göründüyü kimi, qardaş ölkə misli
görünməmiş fəlakətlə üz-üzə qalıb. Zəlzələnin ilk anından bölgəyə göndərilən
axtarış-xilasetmə qruplarının sayına gəldikdə, bu rəqəm 31 mindən çox olub.
Digər ölkələrdən gələn axtarış-xilasetmə personalının sayı da 8 mini ötüb.
Bunlardan başqa, yerli təhlükəsizlik və yerli dəstək qruplarına təyin edilmiş
personalla birlikdə sahədə çalışanların sayı 166 mini keçib.

Yunanıstan və Fransanın dostluq jesti

Zəlzələ Türkiyəyə dostunu və düşmənini də bir daha tanıtdı. Qonşu Yunanıstanın
atdığı addımlar qardaş ölkədə xüsusilə təqdir olunur.

Qeyd edək ki, Yunanıstanla Türkiyə arasında siyasi münasibətlər normal deyil.
Yunanıstanın neytral adaları silahlandırması Türkiyənin kəskin etirazına səbəb
olub. Buna baxmayaraq, Yunanıstan hökuməti Türkiyəyə Azərbaycandan sonra ilk
yardım göndərənlərdən oldu. Hətta yunan mediası zəlzələ ilə bağlı “Hamımız
türkük” alt yazısı olan foto da paylaşıb. Fransanın ilk gündən göndərdiyi
yardımlar da diqqətdən qaçmır. Beləliklə, zəlzələ siyasi qarşıdurmaları
müvəqqəti olaraq arxa plana keçirib, insanları xilas etmək hamının əsas amalına
çevrilib. Ürək istər ki, yardımlaşma və humanitar dəstək siyasi
münasibətlərdəki gərginliyi aradan qaldırsın. Ancaq bunun üçün Afina və Paris
siyasi müstəvidə Türkiyə əleyhinə siyasətlərini korrektə etməlidirlər. Belə
olarsa, Ankaranın cavabı özünü gecikdirməyəcək.

Türkiyənin iqtisadi artım tempi 2 faiz azala bilər

Dağıdıcı zəlzələ təbii ki, Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.
İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyənin iqtisadi artım tempini 2 faiz
azalda bilər. Buna baxmayaraq, əksəriyyət 1999-cu ildə olduğu kimi Türkiyənin
bu sınaqdan da zəifləmədən çıxacağına əmindir. 1999-cu il zəlzələsi Türkiyə
iqtisadiyyatının 35 faizinin formalaşdığı ərazilərdə baş vermişdi, son zəlzələ
isə qardaş ölkə iqtisadiyyatının 10 faizinin cəmləşdiyi coğrafiyadadır. Əgər
1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada idisə, bu dəfə nisbətən az
sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən indi
daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256
milyard dollarıydısa, indi bu rəqəm 819 milyarddır. Bu baxımdan, qardaş ölkənin
fəlakətin nəticələrini aradan qaldırma gücündə olduğu qənaətinə gəlmək olar.

Büdcə gəlirlərinin 10,4 milyard dollar azalacağı proqnozlaşdırılır

Lakin Qərbdə hesab edirlər ki, zəlzələnin bölgəyə iqtisadi təsiri böyük
olacaq. Fitch reytinq agentliyi fəlakətin 4 milyard dollardan çox iqtisadi
itkilərə səbəb ola biləcəyini bildirir. Agentlik açıqlayır ki, mövcud
vəziyyətdə iqtisadi itkiləri təxmin etmək çətindir, lakin onun 2 milyard
dolları keçəcəyi, 4 milyard dollara çatacağı ehtimalı böyükdür. “Bloomberg” isə
zəlzələlərin Türkiyə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10
faizi həcmində ziyan vurduğunu yazıb. Onların yanaşmasına görə, Türkiyədə
yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib.

Zəlzələlərin nəticələri həm də Türkiyə büdcəsinin gəlirlərinin 10,4 milyard
dollar azalmasına gətirib çıxarıb. Əmək itkiləri Türkiyə iqtisadiyyatına 2,9
milyard dollar ziyan vuracaq. Türkiyə zəlzələnin nəticələrini aradan qaldırmaq
üçün xarici borclanmaya da getməli ola bilər. Hazırda ölkənin xarici borcunun
ÜDM-ə nisbəti 34 faizdir. Beynəlxalq ekspertlər bu rəqəmin ilin sonunda 43
faizə yüksələcəyini gözləyir. Ekspertlərin fikrincə, zəlzələnin iqtisadiyyata
təsirinin tam aradan qaldırılması illər çəkəcək.

Source link