Türkiyəli ekspert: “Ermənistan mina xəritələrini verməməklə azad edilən
ərazilərə qayıdışı əngəlləmək istəyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistan hökuməti Azərbaycanın işlərini çətinləşdirmək və işğaldan azad
edilən ərazilərdə mülki həyatın bərpasının qarşısını almaq məqsədilə minalanmış
ərazilərin xəritəsini vermir”.
Bunu “Report”a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.
“Ermənistanın xəritələri verməməsi həmin ərazilərdə mülki həyatın təşəkkül
tapmasına mane olmaq üçün tətbiq edilən sistematik bir strategiyadır. Çünki
hansısa bir ərazidə mina varsa, orada mülki əhalinin yaşaması mümkün deyil. Bu,
özündə böyük bir təhlükə ehtiva edər”, – o söyləyib.
Ekspert minatəmizləmə işinin çox çətin bir proses olduğuna diqqət çəkərək
Ermənistanın xəritələri qısa müddətdə Azərbaycana verməli olduğunu vurğulayıb:
“Hər şeydən əvvəl Ermənistanın əlində olan xəritələrin nə qədər mina sahəsini
əhatə etdiyini öyrənmək lazımdır. Bu, önəmli bir detaldır. Ancaq bu detalla
bərabər, Ermənistanın törətdiyi mina terroru və onun xəritələri gizlətməsi
əməli hansısa bir formada beynəlxalq arenaya çıxarılıb sübut edilməlidir. Çünki
bu, bir insanlıq və müharibə cinayətidir. Bu aspektdən baxdıqda təzminat tələb
olunması da önəmli bir məsələdir”.
A.Ağarın fikrincə, İrəvanın törətdiyi bu cinayətin üstünə getmək, onu
faktlarla Ermənistana dəstək olan ölkələrə göstərmək lazımdır:
“Çünki ortada haqsız bir işğal olub. Ona görə də həm Ermənistanın, həm də onu
dəstəkləyən ölkələrin burada bir cinayət izi var və bu məsələnin beynəlxalq
hüququn mövzusu olduğunu düşünürəm”.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayından bu günədək 118 min hektardan çox
ərazi minalardan təmizlənib. Nəticədə 18 mindən çox piyada əleyhinə, 31 mindən
çox tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib. 342 nəfər minaya düşüb. Onlardan 65-i həlak olub.