Türkiyəli nazir: “Ən doğru qərar Zəngəzur dəhlizinin açılmasıdır”
“Ən doğru qərar Zəngəzur dəhlizinin açılmasıdır”.
Bu barədə Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu “A
Haber”ə müsahibəsində deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı həm
rəhbərlik səviyyəsində, həm də nazirlər səviyyəsində bu barədə müzakirələr
aparıldığını xatırladıb.
Qurum rəhbərinin sözlərinə görə, dəhliz Türkiyədən Bakıya birbaşa dəmir yolu
və avtomobil yolunu təmin edəcək.
“Bundan sonra Naxçıvandan Dilucu sərhəd qapımıza qədər mövcud xətt var, onun
təmiri və 14 kilometrə yaxın yeni xəttin çəkilməsi gündəmdədir. Yəqin ki, bu ay
Dilucudan Qarsa qədər 224 kilometrlik hissə üçün tender keçirib orada işə
başlayacağıq. Kritik hissə Ermənistan sərhədindən keçən 43 kilometrlik Zəngəzur
dəhlizidir. Burada İrəvanla müzakirələr aparılır. Ən doğru qərar Zəngəzur
dəhlizinin açılmasıdır”, – deyə o qeyd edib.
Nazir bildirib ki, bununla belə, əgər Ermənistan buna razı olmasa, İrandan
keçən alternativ yol açılacaq:
“İranla bu məsələ barədə təmaslarımız davam edir”.
Uraloğlu Zəngəzur dəhlizini Pekinə qədər uzana bilən Orta dəhlizin mühüm
marşrutlarından biri adlandırıb və türk dövlətlərinin xeyrinə olacağını
vurğulayıb.