0b211c0f-430c-4e60-a2c1-fc5002a5f40b..jpg

Türkiyənin Ceyhan terminalında Azərbaycan neftinin yüklənməsi bərpa olunub

Baxış sayı: 998 dəfə baxılıb.

Türkiyənin Ceyhan terminalında Azərbaycan neftinin yüklənməsi bərpa olunub

Bakı-Tbilisi-Ceyhan kəməri ilə çatdırılan Azərbaycan neftinin dünya
bazarlarına çıxarılması üçün Türkiyənin Ceyhan terminalında tankerə yüklənməsi
bərpa edilib.

Bu barədə “Report”a “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin operatoru
olan “BP Azerbaijan” şirkətindən bildirilib.

“Report”un daha əvvəl xəbər verdiyi kimi, BTC-nin Türkiyə hissəsinin və Ceyhan
terminalının operatoru olan “Botas International Limited” (BIL) şirkəti
tərəfindən Ceyhandan neftin daşınması dayandırılıb.

Bu qərar fevralın 6-da Türkiyənin bu bölgəsində baş vermiş güclü zəlzələ
nəticəsində ziyan dəymiş estakadalardan birində neft sızmasının aşkarlanması
ilə əlaqədar qəbul edilib.

BP-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlının sözlərinə görə,
dəyən ziyan qiymətləndirilib, lazımi təmir işləri aparılıb və sınaqlardan sonra
yanalma qurğularının tam təhlükəsiz olmasına əmin olan operator neftin sonradan
dünya bazarlarına göndərilməsi üçün tankerə yüklənməsini bərpa edib.

Qeyd edək ki, Ceyhandan daşımaların dayandırılmasına baxmayaraq, Azərbaycan
neftinin BTC ilə nəqli davam edirdi. O, Ceyhan terminalının sisternlərində
saxlanmaq üçün təhvil verilib.

BP nümayəndəliyinin məlumatına görə, şirkət Səngəçal terminalından BTC neft
kəməri ilə neft nəql etməyə davam edir. Neft Ceyhana çatdırılır və orada mövcud
olan saxlanc çənlərinə doldurulur.

Ceyhan limanında hər biri 1 milyon barel tutumlu 7 neft saxlanc çəni var.
T.Bayatlının sözlərinə görə, hazırda neftin saxlanması üçün imkanlar var və ona
görə də BTC üzrə ixracat davam edir.

Xəttin gündəlik ötürücülüyü 1,2 milyon bareldir. Ceyhan limanından
göndərilməklə BTC boru kəməri ilə başqa sort neft, o cümlədən Qazaxıstan nefti
də ixrac olunur.

Source link