649191b7-de2a-4b0f-a43e-cd78c4d68451..jpg

Türkiyənin enerji siyasəti və ölkəni mərkəzi haba çevirən amil – ŞƏRH + FOTO

Baxış sayı: 711 dəfə baxılıb.

Türkiyənin enerji siyasəti və ölkəni mərkəzi haba çevirən amil – ŞƏRH + FOTO

Son illər Türkiyə dünyanın enerji mərkəzlərindən birinə çevrilməkdədir. Ölkə
başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə neft-qaz, elektrik enerjisi,
ümumiyyətlə enerji sektorundan çox ciddi nailiyyətlər əldə edir.

Ölkənin nüfuzunu artırmaq və enerji təhlükəsizliyini təmin etmək, həmçinin
digər ölkələrdən enerji asılılığını azaltmaq üçün Ərdoğan hakimiyyəti Qara
dənizdə aktiv neft-qaz axtarışlarını davam etdirir.

Misal üçün, “Türkiyə Petrolları Anonim Ortaqlığı” (TPAO) şirkəti tərəfindən
Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində indiyədək
ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilib. Türkiyənin Sakarya Qaz
Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi,
Filyos sahilində qurulacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru
kəmərlərindən ibarətdir.

Belə ki, Filyosda qurulacaq təbii qaz emalı müəssisəsinə isə ilk təbii qazın
verilməsi də bu ilə planlaşdırılır. Hazırda son məlumat olaraq TPAO Qara
dənizdəki “Sakarya” qaz yatağında “Türkali-2” kəşfiyyat quyusunda üçüncü rezerv
səviyyəsində keçirdiyi axın testinin müvəffəqiyyətlə tamamlandığını açıqlayıb.

İqtisadçı-ekspert Eldəniz Əmirov “Report”a açıqlamasında bildirib ki,
Türkiyənin enerji ehtiyatları, ümumiyyətlə karbohidrogen ehtiyatları hazırkı
məlum ehtiyatlardan dəfələrlə çoxdur.

Onun sözlərinə görə, eyni zamanda Qara dənizdə kəşf edilmiş ümumilikdə 540
milyard kubmetrlik təbii qaz ehtiyatı da orada olan real göstəricidən ən azı
iki dəfəyə qədər azdır.

Ekspert hesab edir ki, bu tip yataqlar işləndikcə daha çox perspektivlər üzə
çıxır:

“Məsələn, Azərbaycanda da yataq olub ki, ehtiyatı ilk olaraq 500 milyard
kubmetr dəyərləndirilib. Amma qısa müddət sonra artıq bir trilyon kubmetri
keçməsi təsdiq olunub. Bu təcrübədə də var. O relyefi də nəzərə alsaq,
düşünürəm ki, Türkiyənin kifayət qədər geniş potensialı ortaya çıxacaq”.

E. Əmirov digər bir tərəfdən, Yunanıstan və digər ölkələr tərəfindən Türkiyəyə
təzyiqlərə baxmayaraq, Aralıq dənizində Türkiyənin güzəştə getməməsi
strategiyasının çox doğru olduğunu bildirir:

“Yəni təbii olaraq belə bir strategiyanın qəbulu nəticəsində Türkiyə digər
istiqamətlərdə müəyyən zərərlərlə və itkilərlə üzləşə bilər. Amma Aralıq
dənizində Türkiyənin güzəştə getməməsi və bu dənizdə olan ehtiyatlardan
faydalanması və bu fayda nəticəsində əldə etdiyi mənfəət onun aldığı
zərərlərdən daha çoxdur. Yəni strateji yanaşmada Türkiyənin bu mövqeyini
birmənalı olaraq dəstəkləyirəm”.

E.Əmirovun fikrincə, Türkiyənin coğrafi quruluşu və coğrafi yerləşməsi elə bir
koordinatlardadır ki, böyük ehtimalla, yaxın olmasa da, orta gələcək üçün
Türkiyə bir karbohidrogen ehtiyatlarının habına çevriləcək:

“Sözün həqiqi mənasında Türkiyə bir mərkəzi haba çevriləcək.Həm Asiya
ölkələrindən gələn ehtiyatlar, həm Orta Asiyadan, eyni zamanda, ərəb
ölkələrindən, Azərbaycandan gələn boru kəmərləri buradan keçir. Yəni burada bir
mərkəzi habın yerləşməsi və buradan dünyaya, daha doğrusu Qərbi Avropaya
paylanması gerçəkləşəcək. Bu da Türkiyənin əlini bir qədər də bərkidəcək”.

Yeri gəlmişkən xatırladaq ki, TPAO şirkətinin prezidenti Melih Han Bilginin
fikrincə, Türkiyə Qara dənizdəki Sakarya qaz yatağı sayəsində ilin sonuna qədər
tədarükdən asılılığını 15% azaltmağı planlaşdırır:

“Birinci mərhələdə “Sakarya” yatağı idxal qazından asılılığı 15% azaldacaq,
bu, ilin sonuna qədər baş verəcək. Sonra ikinci mərhələ ilə bu asılılıq 35%
azalacaq”.

Source link