44af90f9-74e3-4c76-b1af-a24320be408c..jpg

Türkiyəyə səfər rezervasiyası edənlər hazırda ödənişlərini tamamlamırlar – FOTO

Baxış sayı: 820 dəfə baxılıb.

Türkiyəyə səfər rezervasiyası edənlər hazırda ödənişlərini tamamlamırlar – FOTO

Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ səbəbindən bu ölkəyə
istirahət üçün gedən Azərbaycan vətəndaşlarıın planlarında dəyişiklik edilə
bilər. Belə ki, yay ayları üçün öncədən Türkiyəyə səfərlə bağlı rezervasiya
edən azərbaycanlı səyahətçilər hazırda ödənişlərini tamamlamaq üçün bir müddət
keçməsini gözləyirlər.

Bunu “Report”a turizm şirkətlərinin birinin rəhbəri Əziz Şiriyev bildirib.

Onun sözlərinə görə, Türkiyəyə səfər etmək istəyənlər tərəddüd içərisində
olduqları üçün turpaketin tam ödənişini öncədən etmək istəmirlər:

“Məlumdur ki, öncədən edilən rezervasiyalar zamanı ödənişin bir qismi də
ödənilə bilər, qalan hissəsi isə səfər başlananadək bağlanılır, tam şəkildə,
birdəfəyədək də ödənilə bilər. Bu, turizm şirkəti ilə müştəri arasında
razılaşmadan asılıdır”.

Ə. Şiriyevin məlumatına görə, baş verən zəlzələ istər Azərbaycandan, istərsə
də dünyanın digər ölkələrindən Türkiyəyə olan səfərlərin azalmasına səbəb olub:

“Azərbaycanda turpaketlərdən imtina kimi bir məsələ hazırda aktual deyil.
Türkiyəyə səfərlə bağlı rezervasiya edən müştərilərin gözləmə mövqeyini tutması
seysmoloqların daha bir zəlzələnin olacağı ilə bağlı verdikləri proqnozlarla
bağlıdır”.

Ə.Şiriyev qeyd edib ki, yaranmış vəziyyətlə bağlı daxili turlara maraq artıb.

Onun sözlərinə görə, Novruz bayramında adətən səyahətçilərimiz daha çox
Dubaya, Avropa ölkələrinə və Misirə səfər etməyə üstünlük verirlər.

Şirkət rəhbəri məlum hadisədən sonra Türkiyə istiqamətində olan turların
qiymətlərinin aşağı düşdüyünü də qeyd edib:

“Türkiyəyə 3-4 gecəlik turların qiyməti 565 ABŞ dollarından 500 ABŞ dollarına
düşüb”.

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov “Report”a
açıqlamasında bildirib ki, indiyədək Azərbaycan vətəndaşları dil, din və yolun
daha yaxın olması səbəbindən turistik səfərləri daha çox Türkiyəyə həyata
keçiriblər:

“Fevral ayında baş verən zəlzələnin ardından Türkiyəyə olan səfərlərin kütləvi
azalması ilə bağlı müxtəlif fərziyyələr ortaya çıxıb. Lakin bizim
vətəndaşlarımızın müəyyən qismi rezervasiyalarını geri çəksələr də, hələ də bu
ölkəyə səfər etmək istəyənlər var”.

Assosiasiya rəhbəri qeyd edib ki, hazırda Azərbaycan vətəndaşları alternativ
istiqamət kimi Misir, Monteneqro və Avropanın bir çox ölkələrinə turizm məqsədi
üçün səfər etməkdə maraqlıdırlar.

O qeyd edib ki, pandemiya vaxtı sərhədlərin bağlanması səbəbindən vətəndaşlar
daha çox ölkə daxilində səfərlər edirdilər və hazırda da bu eyni tempdə davam
edir:

“Vətəndaşlar paytaxta daha yaxın olan bölgələrə səfər etməyə üstünlük
verirlər. Buraya Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı kimi
bölgələrimizi misal çəkmək olar. Novruz bayramı ilə əlaqədar 10 gün tətil
olması səbəbindən vətəndaşlarımız artıq digər bölgələrimizə səfər etmək üçün
rezervasiyalar edirlər. Bayram günlərində Qax-Balakən və cənub bölgəsinə daha
çox səfərlərin ediləcəyi gözlənilir”.

Ə.Qurbanov turistik səfərlər üçün edilən erkən rezervasiyalarda qiymətlərin
standart olaraq qaldığını bildirib:

“Pandemiyadan sonrakı vəziyyətlə əlaqədar olaraq qiymətlərdə bahalaşma var
idi. Hazırda qiymətlər ilin əvvəlində olduğu səviyyədədir. Qiymət artımı nisbi
şəkildə davam edir. Qlobal praktikaya nəzər salsaq, bu, bütün dünyada belədir.
Bayram ərəfəsində və özəl günlərdə tələb çox olduğu üçün təklif də buna uyğun
olaraq artır və qiymətdə də artımlar müşahidə olunur. Qiymətlərin tənzimlənməsi
üçün rəqabət mühitinin formalaşdırılması vacibdir, yəni hotellərin sayı
artmalıdır. Bu zaman müştərilər də öz imkanlarına uyğun hotel seçərək orada
istirahət edə bilərlər”.

Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi “Report”a
bildirib ki, birmənalı olaraq Türkiyədə zəlzələ nəticəsində baş vermiş fəlakət
insanların, o cümlədən turistlərin seçimlərinə təsir göstərib.

“Bildiyimiz kimi turizm hər hansı iqtisadi, siyasi, sosial, o cümlədən təbii
təsirlərə həssas reaksiya verən fəaliyyət sahəsidir. Bu və yaxud digər turizm
marşrutlarının, destinasiyaların potensial turist tərəfindən seçiminin əsasında
kompleks psixoloji dərketmə prosesləri və insan ehtiyacları durur. Zəlzələ
insanlarda təşviş və həyəcan yaradan hadisədir, gözümüzün qarşısında böyük bir
fəlakət baş verib”.

S.Dübəndi qeyd edib ki, Türkiyəyə öncə alınmış turların və aviabiletlərin geri
qaytarılması müşahidə olur, yalnız bu kütləvi xarakter daşımır.

“Türkiyə Cümhuriyyəti və Türkiyə xalqı Azərbaycana qardaş xalqdır, bizim
ölkələr arasında turizm mübadiləsi, işgüzar məqsədli səyahətlər, heç nəyə
baxmayaraq, artacaq və inkişaf edəcək. Novruz bayramı ilə əlaqədar tətil daxili
və xarici turizm bazarlarında canlanmaya gətirir və insanlar bu müddətlərə
istirahətlərini planlayırlar. Hazırda daxili bazarda daha yüksək canlanma var,
çünki regionlarda yeni iri mehmanxana kompleksləri istismara verilib və
yenilərinin də açılışı gözlənilir. Yəni daxili bazarda təkliflər artmaqdadır.
Bununla yanaşı imkanı və arzusu olan vətəndaşlar bir neçə populyar xarici
istiqamətlərə də qatılmaqdadırlar. Bunlar, Türkiyə, Rusiya, BƏƏ, Misir, Qərbi
və Şərqi Avropa ölkələridir”.

Source link