Türkmənistanda V Asiya Oyunlarının bəzi çempionlarından prezidentin hədiyyələri geri alınır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.
Söhbət 2017-ci ilin sentyabr ayında Aşqabadda keçirilən yarışlardan gedir.
Türkmənistan iqtisadi böhran keçirdiyi halda, sözügedən idman tədbirinin keçirilməsinə milyardlarla dollar xərclənib.
Həmin vaxt yarışda qalib gələn türkmən idmançılara medallardan savayı, müxtəlif qiymətli əşyalar, o cümlədən “Toyota Camry GL” avtomobilləri hədiyyə edilmişdi.
Məhz bu avtomobillər türkmən atletlərdən alınıb.
Məlumata əsasən, avtomobillər hədiyyə edildikdən sonra çempionlara onlardan istifadə etməmələri tapşırılıb. Üstündən bir ay keçməmiş, təhlükəsizlik orqanının əməkdaşları avtomobilləri səbəbsiz şəkildə müsadirə edib.
“Soruşsalar deyin ki, avtomobilləri satmışıq”, – deyə atletlərə bildirilib.
Azı üç idmançının beləcə Türkmənistan prezidentinin hədiyyəsindən məhrum olduğu deyilir.