8dba811e-2513-4162-b58c-d3fab3de18b1..jpg

Türkmənçay müqaviləsinin bağlandığı şəhər – ARAŞDIRMA + FOTO

Baxış sayı: 549 dəfə baxılıb.

Türkmənçay müqaviləsinin bağlandığı şəhər – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifər Miyana
şəhəri barədə araşdırma aparılıb.

APA-nın mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Miyana Şərqi Azərbaycan əyalətinin şəhərlərindən biridir. Şəhər əyalətin
mərkəzi sayılan Təbrizdən 175 kilometr aralıdadır. Miyana şəhəri Miyana
rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonda yerləşən Açaçı, Ağ
Kənd, Türk (Tərk), Türkmənçay, Gərmə, Üç Təpə, Qızıl Özən, Kəndivan kimi daha
kiçik şəhərlər və qəsəbələrlə əhatə olunub.

Bu adların içində Türkmənçay adı Azərbaycanımızın həm quzeyində, həm də
güneyində daha çox diqqət çəkə bilər. 1828-ci ildə Azərbaycanın taleyini
dəyişdirən və onu ikiyə bölən Türkmənçay müqaviləsi Miyana rayonunun Türkmənçay
adlı qəsəbəsində bağlanıb. Bu kədərli müqavilənin bağlandığı tarixi bina bu gün
yerlə bir olub. Amma həmin qəsəbədə bir küçənin Abbas Mirzənin şərəfinə
adlandırılması diqqət çəkir.

(Türkmənçay müqaviləsinin bağlandığı yer. Hazırda bu binadan heç bir iz
qalmayıb.)

2017-ci ilin siyahıyaalınmasına əsasən, Miyana rayonunun əhalisi 182 848
nəfərə bərabərdir. Şəhər əhalisinin böyük əksəriyyəti Azərbaycan türkcəsində
danışır. Onların əksəriyyəti müsəlman şiələrdir, azlıq isə sünnidir.

Miyana adının kökü haqqında

Miyana şəhəri şimaldan və cənubdan Bozquş və Qaflantı (Qaflanların yaşadığı
yer) dağ silsilələri ilə əhatə olunub. Yaxud bölgədə axan çayların adlarına
baxdığımızda (Qızıl Özən, Quru çay, Gərmə çay, Bulanlıq çay, Aydoğmuş çay,
Türkmən çay, Acı çay və sair) türk adları ilə rastlaşırıq.

Miyana şəhərinin tarixi haqqında

Şəhərdə tapılan bəzi tarixi abidələrin, o cümlədən bir dağ keçisi heykəlinin
yaşının 7 min il olduğu təxmin edilir. Lakin hərtərəfli tarixi araşdırmalar və
arxeoloji qazıntılar aparılmadığından şəhərin qədim tarixindən danışmaq asan
deyil. Orada qədim Urartu, Midiya və digər sivilizasiyalarla bağlı dəlillərə
rast gəlmək olar.

Müsəlman səyyahlar və coğrafiyaçılar bu şəhəri ümumiyyətlə kiçik, lakin abad
və məhsuldar şəhər kimi təqdim ediblər. Eyni baxışı daha sonrakı əsrlərdə
qərbli səyyahlar və diplomatların yazılarında da görmək mümkündür.

Miyananın tarixi və görməli yerləri

Qız körpüsü

Bu tarixi-bədii körpü Zəncan-Miyana marşrutu üzrə Qızıl Özən çayı üzərində
tikilib. Körpünün tikilmə tarixi dəqiq məlum deyil. Arxeoloqlar tikilinin
bünövrəsinin İslamdan əvvəlki dövrə aid olduğunu düşünürlər. Lakin abidə
xüsusiyyətlərinə və memarlığına görə, 13-cü əsrə aid edilir. Ancaq, körpünün
orta bünövrəsinə quraşdırılmış mərmər kitabəyə görə bu körpü XV əsrdə Səfəvilər
dövründə təmir olunub.

Ürəyində Azərbaycanın keşməkeşli tarixini əks etdirən bu körpü tarix boyu bir
neçə dəfə zədələndikdən sonra təmir olunaraq xalqın istifadəsi üçün yenilənib,
o cümlədən Türk Qacarlar sülaləsinin banisi Ağa Məhəmməd xan Qacarın dövründə
təmir edilib. Ancaq, 1946-cı ildə körpünün bağrına vurulan yara bir daha
sağalmadı!

1946-cı ildə Tehran ordusu Azərbaycan Milli Hökumətini məhv etmək üçün hücuma
keçən zaman fədai əsgərlər Tehran ordusunun irəliləməsinin yavaşlatmaq və
Qaflantı dağlarında öz mövqelərini möhkəmləndirmək məqsədi ilə bu körpünü
partlatmağa məcbur qalırlar. Hələ də Güney Azərbaycan türkləri Azərbaycan Milli
Hökumətinin qurucu lideri Seyid Cəfər Pişəvərini bir milli mənəvi lider kimi
yad edirlər. O, bir illik dövr Güney Azərbaycan türklərinin dilinin, tarixinin,
mədəniyyətinin, varlığının dövlət səviyyəsində qorunduğu və yaşandığı bir il
idi.

(Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu və Baş naziri)

Miyana xalqı da Güney Azərbaycanın bir çox bölgələrində yaşamaqda olan xalq
kimi Azərbaycan Milli Hökumətinin quruluşunda və həyat sürməsində çox böyük rol
oynamışdı. Beləliklə, Qız körpüsünün bağrındakı bu dərin yara bütün Güney
Azərbaycan türklərinin bağrındakı yaranı təmsil etməkdədir. Bu baxımdan bu
dağılmış körpü Güney Azərbaycandakı körpülərin hamısından fərqli və hamısından
daha funksional bir körpü sayılır. Bu körpü istifadə olunmaz bir hala gəlmiş
kimi görünsə də, Güney Azərbaycan türklərinin ruhuna işləyir! Tam da Araz
çayının üzərindəki tarixi Xudafərin körpüsü kimi!

Qız qalası

Qız körpüsündən 2 km aralıda, dağın üstündə inşa edilmiş Qız qalası strateji
hərbi qala kimi kərpicdən tikilib. Bu qala üç hissədən ibarətdir, komanda
qərargahı üçüncü mərtəbədə yerləşir. Çox güman ki, Qız qalası da Qız körpüsü
kimi 13-cü əsrdə tikilib. Bəzilərinə görə, qalanın bünövrəsi islamdan qabaq
qoyulub. Bu qalanın hündür və keçilməz divarının ucalığı 3 metr olan iki girişi
var və girişlərdən birinin üstündə daş kitabə quraşdırılıb. Lakin təbii
hadisələr nəticəsində yaranan aşınmaya görə sözügedən yazı oxunmur.

(Qız qalasının qorunması üçün heç bir tədbir görülməyib)

Qala elə tikilib ki, az qala üç tərəfdən təbii qayalarla əhatə olunub. Qalanın
içində su anbarları, eləcə su quyuları var. Bu qala Şah Abbas Səfəvinin
dövründə dağıdılıb ki, bunun səbəbi həmin dövrdə Azərbaycan türklərinin
Səfəvilərin siyasətinə qarşı çıxması hesab olunur. Qeyd etmək lazımdır ki, Şah
Abbas Səfəvinin paytaxtı Azərbaycandan İsfahana köçürməsi, erməniləri,
gürcüləri və farsları sarayda işə alaraq qızılbaş türklərini saraydan
uzaqlaşdırması azərbaycanlıları çox acıqlandırmışdı.

Daş qala

Zaman-zaman düşmənlərin hücumuna məruz qalan Azərbaycanımız qalalar yurdu
sayılır. Şəhərlərimiz strateji yerləşmə baxımından daha çox əhəmiyyət kəsb
etdiyi zaman qalaların sayı o ərazidə daha çox olub. Yuxarıda qeyd etdiyimiz
kimi, Miyana şəhərinin yerləşdiyi bölgə keçilməz dağlarına və çaylarına görə
Azərbaycanın strateji ərazilərindən biri hesab olunur. Məhz buna görə bu
bölgədə tarixi qalaların da sayı çoxdur.

(Daş qala)

Daş qala da Qız qalası kimi Qızıl Özən çayının vadisindən bir qədər aralıda
yerləşir. Dərin dərələr və ətrafdakı iri qayalar bu tikilini alınmaz qalaya
çevirib. Qalanın bütün ərazisi möhkəm qaya üzərində yerləşir və ona çatmağın
yeganə yolu divarın kənarında qayalı bir hissəsinin oyulması ilə yaradılmış
pilləkəndir.

Azərbaycanı öz bağrında yaşadan Miyana

Qeyd etdiyimiz kimi bu şəhər tarixən Azərbaycan şəhəri olub və şəhərin
ətrafındakı yerlər, dağlar, çaylar, tikintilər, kəndlər və qəsəbələrin təxminən
hamısının adı türkcə olub. Şəhərdə yaşayanlar məzhəb baxımından şiə və sünni
olsalar da, onları birləşdirən amil Azərbaycan türkü olmalarıdır.

Bu gün Miyana xalqının bəlli bir kəsimi, özəlliklə də gəncləri azərbaycanlı
bir türk olduqlarını unutmurlar. Bu gün Miyana gəncləri Güney Azərbaycan
gəncliyinin bir parçası olaraq öz dilini, tarixini və mədəniyyətini qorumaq və
yaşatmaq üçün çalışırlar. Əminliklə demək olar ki, Güney Azərbaycanın gənc
nəsli bu torpağın son əsrlərdə ən oyaq və ən şüurlu nəslidir.

Miyanada Azərbaycan və türk ruhunu yaşadan sadəcə dil və kimlik məsələsi
deyil, Azərbaycan türklərinə aid dəblərin və ənənələrin qorunub
saxlanılmasıdır. Bu insanlar hələ də toylarında, yaslarında, xoş günlərində,
kədərli günlərində, bayram dəblərində Azərbaycan türkü olduqlarını aydın
şəkildə göstərirlər.

Source link