Türkmənistanda əsas qida məhsullarının çatışmazlığı getdikcə kəskinləşir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Türkmənistan xidməti məlumat yayıb.
Heyvanlara verilən kəpək belə defisit məhsulların “siyahısına” düşüb. Kəpək almaq istəyənlərin uzun növbələri müşahidə olunur.
Fevralın ikinci yarısında Daşoğuzda çəkilmiş bu görüntüdə kəpəyin paylanması əks olunub. Əllərində vedrə ilə gözləyən yerli sakinlər, o cümlədən qadınlar və uşaqlar, növbə üstündə bir-biri ilə əlbəyaxa olur.
Təkcə fevral ayında ölkədə unun qiyməti iki dəfə artıb. Digər qida məhsullarının qiymət artımı isə 70-100% civarındadır. Hal-hazırda Daşoğuzun dövlət qida mağazalarında un vətəndaşlara yalnız talonlar əsasında satılır.
Həmin talonlarda ailədə olan yetkinlik yaşına çatmış insanların sayı nəzərə alınır. Hər bir ailəyə beş kilodan artıq un verilmir. Ancaq un almaq istəyənlər bundan başqa azı beş dövlət qurumundan arayış əldə etməlidir. Azuqə kvotalarında yetkinlik yaşına çatmamış uşaqlar nəzərə alınmır.