Bu həftə Türkmənistanın cənubunda yerləşən Marı vilayətinin rayonlarından birində un qıtlığı ilə bağlı gərginlik yaşanıb.Qadınlar küçələrə çıxaraq, avtomobil yollarını bağlayıb, etirazçılar kəndin ərzaq mağazasına basqın edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Azadlıq radiosunun” Türkmənistan xidməti məlumat yayıb.
Məlumata görə, aksiyada yalnız qadınlar iştirak edib. Onlar ilk növbədə un paylarının ədalətli və bərabər şəkildə bölgüsünün təmin olunmasını tələb edib.
Mənbənin yazdığına görə, elə həmin gün başqa bir oxşar hadisə baş verib. Kənd mağazasında un paylanan zaman kənd sovetinin rəhbəri uzun növbədə duran insanlara unun tükəndiyini bildirib. Bundan hiddətlənən sakinlər, məmura inanmayaraq onu döyüb.
Habelə insidentdən sonra mənbənin sözlərinə görə, birdən birə “haradansa un peyda olub” və növbədə olan insanların hərəsinə bir kisə un verilib.
Ölkədə yaşanan kəskin un qıtlığı ilə əlaqədar qiymətlər əhəmiyyətli dərəcədə artıb. Türkmənistan hökuməti problemin həlli üçün bu məhsulun satışına məhdudiyyət qoyub.
“Marının rayonlarından birində, Yolotendə, dövlət mağazalarında hərəyə 5 kiloqram un verirlər. İnsanlar səhər tezdəndən uzun növbələrdə gözləməli olur. Heç bilmirik hansı sort undur. Nə verirlərsə dinməz şəkildə götürüb gedirik” deyə Yoloten sakini bildirib.
Türkmənistan hökuməti hələ ki, rəsmi olaraq, defisitin olduğunu etiraf etməyib. Buna baxmayaraq ərzaq təchizatı üzrə dövlət komitəsi yaradılıb.Məlumata görə, ötən il Türkmənistanda aidiyyəti qurumlar taxıl istehsalı üzrə dövlət planını yerinə yetirə bilməyib, kənd təsərrüfatı islahatları qeyri-effektiv olub.
Qeyd edək ki,Türkmənistanda torpaq və su indiyə kimi dövlətin mülkiyyətindədir, kəndlilər əkin sahələrini dövlətdən icarəyə götürür. Əldə olunan məhsulları dövlət tərəfindən təyin olunmuş qiymətlər əsasında satışa çıxarır