Türkoloq Robert Ustyan: “İndiki reallıqlarda İrəvanın sülh müqaviləsinə daha
çox ehtiyacı var” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması
bir-biri ilə əlaqəli proseslərdir, bunu Türkiyənin xarici işlər naziri Hakan
Fidan bir daha təsdiqləyib. Onun sözlərinə görə, Ankara Bakı və İrəvan arasında
aparılan sülh danışıqlarının nəticələrinə əsasən, Ermənistanla sərhədin
açılması barədə qərar qəbul edəcək.
Bu bəyanatlarda yenilik yoxdur, amma Ermənistanda hər dəfə Ankaranın İrəvan
qarşısında ilkin şərtlər irəli sürdüyünü deməyə başlayırlar. Bəs bunu ilkin
şərt hesab etmək olarmı?
Rusiyalı politoloq və Türkiyə üzrə ekspert Robert Ustyan Cixisyolu.com-a
açıqlamasında fikirlərini bölüşüb:
– Mənim nəzərimə görə, bu, ilkin şərt deyil. Həmçinin düşünürəm ki, Türkiyə
gələcəkdə Ermənistanla münasibətlərini intensivləşdirəcək, istənilən halda
Ermənistan-Türkiyə sərhədləri açıq olacaq. Azərbaycan və Ermənistan arasında
sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edilir. Baxmayaraq ki,
Ermənistan-Azərbaycan nizamlanması prosesinin ləngiməsi ehtimalının olduğunu
hamı anlayır.
Hazırda İrəvan çox kövrək vəziyyətdədir, orada heç kimə güvənmirlər və buna
görə də Türkiyənin mövqeyinin Ermənistan tərəfinə təzyiq elementi olduğuna
inanırlar.
– Ermənistan cəmiyyətinin, əsasən, radikal düşüncəli bir hissəsi
Ermənistan-Türkiyə sərhədinin açılmasına xüsusi münasibət bəsləyir. Onlar
Türkiyənin Ermənistanı “udacağına” və ya “türkləşdirəcəyinə” inandıqları üçün
bunun əleyhinədirlər. Axı sərhədlərin bağlanmasına baxmayaraq, Türkiyə malları
istənilən halda Ermənistana “boz” sxemlərlə, Gürcüstandan keçir. Bu
“türkləşmək” qorxusu nədir, nə deməkdir?
– Tamamilə haqlısınız, bu cür fikirlərin tərəfdarı radikallardır. Məsələ
burasındadır ki, Ermənistan çox uzun müddət erməni cəmiyyətinin həm Türkiyəyə,
həm də Azərbaycana nifrətini istismar edən müəyyən hissəsinin əsarətində olub
və olmaqda da davam edir. Ermənistan və Türkiyə münasibətlərindəki tarixi
travmadan istifadə edilərsə, bunu etmək asandır.
Birincisi, təəssüf ki, bundan, o cümlədən “boz” sxemlər vasitəsilə çox yaxşı
pul qazanan insanlar var. İkincisi, “türkləşmə” ilə bağlı tezis o qədər
absurddur ki, onu şərh etmək çətindir. Beş il Türkiyədə yaşamışam,
universitetlərində oxumuşam, oranın necə olduğunu yaxşı bilirəm, türkcə səlis
danışıram, azərbaycanca anlayıram.
Amma bunu anlamağa çalışsanız, məlum olur ki, bütövlükdə problem ortaqdır və
bu, təkcə Ermənistana deyil, həm də Türkiyə və Azərbaycana aiddir.
Ermənistanda cəmiyyətin bir hissəsi arasında hakim hiss çox dağıdıcı qüvvəyə
malik misilsiz nifrətdir. Onlar Ermənistanı, ehtizazlı, eyni zamanda, özünə
qapanmış bir dövlətə çevirmək arzusundadırlar. Ermənistan Qarabağda məğlub
oldu, bu hiss radikallar və millətçilər tərəfindən daha da kultivasiya edilir.
Belə bir ölkənin, nəzərimcə, gələcəyi yoxdur və mən bu barədə bütün
platformalarda danışıram.
Məsələ burasındadır ki, müəyyən problem bütün ölkələrdə mövcuddur.
Ermənilərin, azərbaycanlıların, türklərin yanında necə yaşamağı təsəvvür edə
bilməyən nəsil yetişib. Belə çıxır ki, insanlar bilmədiklərindən qorxurlar. Ona
görə də gənclərin bir-biri ilə danışmaları vacibdir. Buna üç ölkə rəhbərliyinin
siyasi iradəsini də əlavə etsək, öz bəhrəsini verəcək. Analar övladlarını
müharibələrdə ölsünlər deyə böyütmürlər. Mən şübhə etmirəm ki, üç xalq tamam
başqa cür yaşaya bilər.
– Yeri gəlmişkən, Ermənistanda belə bəyanatlar səslənir ki, Azərbaycanla sülh
müqaviləsi imzalamağa ehtiyac yoxdur, çünki bu, sülh gətirməyəcək. Bu barədə
təkcə radikallar deyil, parlament müxalifətinin nümayəndələri də danışırlar.
Onlarla belə bəyanat var.
– Bəli, mən də vəziyyəti izləyirəm və belə bəyanatları təəccüblə qəbul edirəm.
Bundan betərini mən sizə deyim – Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş
rəhbəri Vardan Oskanyan “dahiyanə” çıxışında dedi ki, guya Azərbaycan erməni
xalqı ilə deyil, cənab Paşinyanla (Ermənistanın baş naziri Nikol Paşinyan –
red.) müqavilə imzalayır.
Həmin insanlar anlayırlar ki, torpaq ayaqları altından qaçır və bu, tarixin
kənarında qalacaq olanların son konvulsiyasıdır. Onlar uzun illər yalnız
Türkiyə və Azərbaycanla qarşıdurma üzərində milli kimlik, siyasi oriyentasiya
qurmağa çalışıblar. Onlarda Ermənistan sevgisindən çox, azərbaycanlılara,
türklərə nifrət var. Onlar üçün baş verənlər (Azərbaycanla Ermənistan arasında
sülh prosesi – red.) faciədir; onlar öz partiyalarını yenidən toplamalıdırlar,
Ermənistan bir ölkə olaraq yenidən kəşf edilməlidir və onlar öz fikirlərini
yenidən nəzərdən keçirməlidirlər, çünki əhaliyə, gənclərə bu qüvvələrin təklif
etdiyi gələcəyi göstərmək lazımdır. Çox adam bu çətinliyin öhdəsindən gələ
bilmir, ona görə də danışıqlar prosesini torpeda etmək cəhdlərini görürük. Bu
xadimlər ancaq nifrəti təbliğ etməyə qadirdirlər. Sülh müqaviləsində
düşmənçilik nə ola bilər, anlamıram.
Onların arxasında duran və guya nəyəsə qarantiya verən “böyük adamlar” olmadan
ikitərəfli müqavilənin imzalanmasını görməyə çox sevinərdim. Söhbət ABŞ, Avropa
İttifaqı və Rusiyadan gedir.
– Aydındır ki, bütün tərəflər Ermənistanla Azərbaycan arasında sülh sazişinin
əldə olunmasında maraqlıdırlar, bəs daha çox kim? Məsələn, Azərbaycanda hesab
edirlər ki, İrəvan sənədin imzalanmasında maneələr və gecikmələrlə
qarşılaşarsa, o olmadan da keçinə bilərlər. Amma o zaman İrəvanda nə layihəsi
fəal şəkildə təbliğ olunan “Sülhün kəsişməsi” olacaq, nə də başqa bir şey.
– Məncə, Ermənistanda bu məsələdə artıq konsensus var. Hətta bu yaxınlarda
erməni kanallarından birinin efirində həmsöhbətim, “Maariflənmiş Ermənistan”
partiyasının nümayəndəsi Ani Samsonyan bildirib ki, Ermənistan daha çox sülh
müqaviləsində maraqlıdır, çünki müharibədə məğlubiyyətdən sonra İrəvan regionda
vəziyyəti normallaşdırmalı və təhlükəsizliyini təmin etməlidir. Mən də bu
bəyanatla razıyam. İndiki reallıqlarda İrəvana bu sülh müqaviləsi daha çox
lazımdır, əks halda İrəvan ekzistensial dalana dirənəcək.
Nair Əliyev