Xəbər verdiyimiz kimi, Alfa Liqada artıq qrup mərhələsinə yekun vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, iştirakçıların yarısı 1/8 finalda mübarizəni davam etdirəcəklər. Pley-off mərhələsinə ilk vəsiqəni qazanan komanda isə “Peçat Dönər” oldu.
Oyunu ilə azarkeşlərin rəğbətini qazanan “dönərçilər” hazırda turnirin favoritlərindən hesab olunurlar. Komandanın lideri və ən təcrübəli oyunçusu hesab olunan Turxan Quliyevlə görüşüb komandası və turnir haqqında fikirlərini öyrəndik.
– İlk öncə Alfa Liqaya qoşulmağınız haqda danışardınız. Komandanızın maraqlı adı var…
– “Peçat Dönər” Xaqani küçəsində yerləşən dönərxananın adıdır. Komandamızın rəhbəri həm də dönərxanın sahibidir. Ona görə də komandamızın adı belədir. İlk əvvəl başqa turnirdə mübarizə aparırdıq. “Azfar Group”da çalışan dostum vasitəsilə xəbər tutdum ki, yeni çempionat təşkil olunacaq. Reqlamentlə tanış olduq və Alfa Liqaya qoşulmağa razılıq verdik.
– Alfa Liqada hansı fərqliliklərlə qarşılaşdınız? Bu çempionat hansı cəhətlərinə görə digər turnirlərdən fərqlənir?
– Əvvəlcə onu deyim ki, təşlilati işlər yüksək səviyyədə görülüb. Meydançaların tribunalarının, ehtiyat oyunçular skamyasının, meydançanın kənarı boyu reklam bannerlərinin, oyunçuların fərdi lisenziya kartlarının olması, hər komandanın ixtiyarına ayrıca soyunub-geyinmə otağı verilməsi müsbət məqamlardır. Daha başqa turnirlərdəki kimi rəqib komanda ilə eyni soyunub-geyinmə otağında əynimizi dəyişmirik. Oyunların Youtube portalına yerləşdirilməsi də alqışa layiqdir. Çox maraqlı, gözəl kuboku var. İlk dəfədir belə səviyyəli kubok görürəm və özümüzə bu kuboku qazanmağı arzu edirəm. Lakin hakimlərin səviyyəsi turnirin təşkilati səviyyəsindən geri qalır. Məncə, təşkilatçılar yaxşı hakimləri cəlb etsə, daha yaxşı olardı. Təşkil etdikləri ilk böyük turnir olduğundan bu onlar üçün də bir təcrübədir.
– Alfa Liqada hansı oyunçuları fərqləndirərdiniz?
– İCE komandasının qapıçısı Elvin Zeynalovun, “Turin”in oyunçusu Orxan Məmmədovun adını çəkərdim. Maraqlı bir məqamı qeyd edim. Komandamızın qapıçısı Nuri əvvəllər Elvinlə bir məhlədə qalırdı. Hər ikisi də qapıçı olduğu üçün yaşca Elvindən çox kiçik olan Nuri Elvini məhlədə özünə nümunə, kumir görürdü. İndi isə hər ikisi Alfa Liqada komandalarının uğuru üçün tər tökür.
– Hanı komandaları favorit qismində görürsünüz?
– TOTA, “Avengers” və İCE komandalarını çempionluğa iddialı sayırdım. LSS komandasını da favorit qismində görürdüm. Onların qrupda qalması sürpriz oldu. Onları qrupda məğlub edib 1/8 finala çıxan “Bayern Baku” isə məni yaxşı mənada təəcübləndirdi. Qələbəyə çox inanırdılar və istədiklərinə nail oldular. “Bayern Baku”nu bu münasibətlə təbrik edirəm.
– TOTA ilə “Avengers”in adın çəkdiniz. Son turdakı olaylara münasibətinizi bilmək istərdik…
– Hamı bilir ki, orda nələr oldu. İndi burda tam açıqlama və ya şərh vermək istəməzdim. İstənilən halda veriləcək qərar mənlik olan məsələ deyil. Bəlkə də çoxlarına sərf edər ki, o komandaları çempionatdan çıxartsınlar. Amma mən istəməzdim. Əksinə TOTA və “Avengers” kimi güclü komandalarla görüşməyin tərəfdarıyam. Hətta deyərdimki, finalda İCE ilə yanaşı adı çəkilən iki komandadan biri ilə də görüşmək istərdim.
– Növbəti mərhlədəki rəqibiniz də çempionatın güclü komandalarından sayılan “Borçalı”dır. Güclü azarkeş dəstəyinə malik rəqibiniz haqda nə deyə bilərsiniz?
– Açığı, biz 1/8 finalda “Borçalı”nı yox, STP-ni gözləyirdik. “Borçalı”nın daha yaxşı heyəti var. Bizim üçün rəqibin kimliyi fərq etməz. İstənilən halda udub 1/4 finala çıxmalıyıq. İnşallah qalib gələrik.
– 1/4 finala vəsiqə qazanacağınız halda “Galaxy” – “Bayern Baku” cütünün qalibi ilə görüşəcəksiniz. Hansı komandanın sizə rəqib olmasını istərdiniz?
– Hər iki komandada güclü oyunçular var. Xüsusilə “Bayern Baku” özünü təsdiqlədi, sübut etdi ki, hörmət olunası kollektivdir. Bu komandaya simpatiyam var. Heyətindəki bir çox oyunçu ilə əvvəllər bir yerdə oynamışam. Xətirlərini istədiyim uşaqlardır. İstərdim ki, onlarla qarşılaşaq. Onlara 1/8 finalda uğurlar arzulayıram.
– Çempionatakı komandaların bir qismi oyunçularına həvəsləndirici və mükafat qismində ödənişlər edir. “Peçat Dönər” də çempionatın təminatlı komandalarındandır. Komandanızı tək “Peçat Dönər” deyil, həm də Time Lounge maliyyələşdirir. Yəqin siz də oyunçularınızı motivasiya etmək üçün ödəniş edirsiniz…
– Məbləği açıqlaya bilməyəcəyəm, amma hər oyundan sonra oyunçulara həvəsləndirici mükafatlar verilir. Amma əsas mükafat oyundan sonra yediyimiz “Peçat” dönəridir (gülür). Hətta matçdan dərhal sonra stadiona dönərxanadan “Peçat” dönərlərindən sifariş edirik. Hamıya da dönərlərimizin dadına baxmağı məsləhət görürəm.
– İşdir çempion olub Sloveniyaya getsəniz, orda “Peçat” dönəri yeyə bilməyəcəksiniz…
– Əsas odur çempion olaq, “Peçat” dönəri turnir müddətində orda açmaq problem deyil (gülür).
– Bəs oyunlardan öncə və sonra harda yığışırsınız?
– Time Lounge-da. Çay süfrəsi arxasında oturub oyunları müzakirə edirik. İri ekranda həm öz, həm də rəqiblərimizin oyunlarını izləyib təhlil edirik. Arada bilyard oynayıb stress atırıq.
– Payızda təşkil olunacaq Alfa Liqada yenidən komandanızı iştirakçılar sırasında görə biləcəyikmi?
– Açığı, təqvimdən çox şey asılıdır. Əgər oyunlar yenə şənbə-bazar olsa, məncə, problem olmaz və biz yenidən Alfa Liqaya qatılarıq. Çünki bu çempionat çox maraqlı keçir.