d2d0cc2e-b779-4337-8d49-3891fe9b6ea6..jpg

Tüstü qoxulu zəlzələ şəhəri, nazirin Azərbaycana salamı – ADIYAMANDAN REPORTAJ

Baxış sayı: 2. 440 dəfə baxılıb.

Tüstü qoxulu zəlzələ şəhəri, nazirin Azərbaycana salamı – ADIYAMANDAN REPORTAJ

Türkiyədə çox sayda insanın ölümünə səbəb olan zəlzələ ölkənin 10 vilayətindən
üçünə daha çox təsir göstərib ki, onlardan biri də Adıyaman şəhəridir.

“Report”un Adıyamana ezam olunmuş əməkdaşı zəlzələnin şəhərin ən mərkəzi
küçələrini xarabalıqlara çevirdiyinin şahidi olub.

Həyatı alt-üst olan insanların gözündə bir xof var.

Zəlzələyə valiliyin binası daxil olmaqla tikintilərin çox az bir qismi tab
gətirib. İçərisində bizim bir axşamlıq qaldığımız Adana Universitetinin
yataqxanası da daxil olmaqla əksər binalar zərər görüb.

Sanki keyfiyyətsiz binalar şəhərin mərkəzi küçələrinə cəmlənib. Şəhərdə bütün
infrastruktur çöküb: işıq, qaz, su fasilələrlə verilir, bəzi yerlərdə isə heç
yoxdur. Şəhəri acı tüstü qoxusu bürüyüb. Çünki qəzalı evlərin hamısı yaşamağa
yararlı olmadığı üçün küçələrdə gecələyən insanlar, əsasən də kişilər ailəsini
nisbətən təhlükəsiz yerdə yerləşdirib şəhərdə ocaq qalayaraq alovunda
isinirlər. Ailəsini heç bir yerə göndərmək imkanı olmayanlar isə quraşdırılan
çadırlara sığınıblar.

Adıyamanlılar bu qışın sərt üzünü zəlzələdən sonra daha çox hiss etdiklərini
bildirirlər. Çadırlada qızınmaq üçün verilən qaz sobasını yandırmaqdan da
ehtiyat etdiklərinə görə çoxusu soyuqda gecələməli olur. Çadırların tualet və
su problemi olduğu üçün antisanitariyadan və yoluxucu xəstəlik bəlasından
narahatlıq keçirənlər də az deyil.

Ailəsinin Ankarada yaşadığını bildirən Ferhat Taş adlı şəxs zəlzələnin
Adıyamanda 100-ə yaxın qohumunun həyatına son qoymasına özünü inandırmağa
çalışdığını deyir.

Aralarında ağır itkilərin dəhşətinə üsyan edənlər olsa da, ümumilikdə
adıyamanlılar həddən artıq istiqanlıdırlar. Bu qədər dərdin-bəlanın içində
qonaqpərvərliklərini, qayğıkeşliklərini itirməyiblər. Başda azərbaycanlılar
olmaqla onlara edilən dəstəklərə təşəkkür edirlər. Adıyamanlılar – “bu ağır
günlərimizdə maddi və mənəvi dəstəkləri, axtarış-xilasetmə qrupları, humanitar
yardımları ilə bizim yanımızda olan can, qan, din qardaşlarımız
azərbaycanlılara təşəkkürümüzü bildiririk”, – deyə ayrıca minnətdarlıq edirlər.
Təkcə yerli əhali deyil, zəlzələ fəlakətindən sonra Adıyamana təhkim edilən
ticarət naziri Mehmet Muş da Azərbaycana xüsusi təşəkkürünü bildirib və salam
göndərib.

Adıyamanda Ağdamdan, Xaçmazdan və Azərbaycanın qeyri-hökumət təşkilatlarından
gələn yardımın TIR-lardan boşaldılması üçün növbədə gözlədildiyinin şahid olduq.

Yeri gəlmişkən, Adıyamanda qurulan Azərbaycan Koordinasiya Mərkəzindən sonra
artıq şəhərə gətirilən yardımların tələbata uyğun paylanması nizamlanıb.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn
Büyükfırat belə bir mərkəzin zəlzələnin ən ağır təsir etdiyi Kahramanmaraş və
Hatayda da qurulmasının məqsədəuyğun olduğunu bildirib.

Koordinasiya Mərkəzinin Adıyaman Gənclik Mərkəzinin ərazisində qurulmasından
məmnuniyyətini ifadə edən Mahmut Yıldırım bildirib ki, belə bir mərkəzin
fəaliyyəti gələn yardımların çeşidlənməsinə, israf olunmadan istifadəsinə imkan
verir.

Zəlzələnin sarsıntısından maddi olaraq hər şeylərini itirən bu insanlar mənəvi
olaraq Tükiyənin qüdrətinə və Azərbaycana inamlarını itirməyiblər.

Mahmut Yıldırım söyləyib ki, Adıyamanda dağıntıya məruz qalan evlərin sayı 2
mindən çoxdur:

“Şəhərimizin yenidən salınması bəlkə də uzun zaman alacaq, bəlkə də şəhər
təməli möhkəm bir yerdə salınacaq. Hazırda Adıyamanda heç bir ictimai iaşə
müəssisəsi çalışmır. Türkiyəyə həm ölkə daxilindən, həm başqa ölkələrdən bu
qədər dəstək gəlməsi bizə təsəllidir. Amma ilk andan etibarən Azərbaycanın
maddi-mənəvi olaraq dəstəyi bizi ürəkləndirdi. Göndərdikləri humanitar
yardımların koordinasiya olunması dəstəyi də ürəyimizdən xəbər verdi. Qandaş,
soydaş, dindaş azərbaycanlı qardaşlarımızla birlik-bərabərlik içində bu çətin
günlərin arxada qalacağına inanırıq”.

Source link