Tütün çəkmək üçün ayrılmış yerlərlə bağlı tələblər – YENİLƏNİB

Tütün çəkmək üçün ayrılmış yerlərlə bağlı tələblər – YENİLƏNİB

Baxış sayı: 2. 709 dəfə baxılıb.

Nazirlər Kabineti tərəfindən “Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər” təsdiq edilib.

ÇıxışYolu.Com xəbər verir ki, tütün çəkmək üçün xüsusi ayrılmış qapalı yerlər (bundan sonra – xüsusi qapalı yerlər) yalnız tütün çəkənlər üçün nəzərdə tutulur. 

Bu yerlər aşağıdakı tələblərə cavab verməlidir:

1. xüsusi qapalı yerlər bina daxilində insanların ümumi gediş-gəliş yerlərindən, kütləvi toplanma, istirahət və gözləmə sahələrindən kənarda yerləşdirilməlidir; 

2. xüsusi qapalı yerlər bütün tütün çəkilməyən yerlərdən tam təcrid edilməli, girişi və çıxışı bir qapıdan ibarət olmalıdır; 

3. xüsusi qapalı yerlərin tikintisində və quraşdırılmasında istifadə olunan materiallar yanğınadavamlı, içəridən və bayırdan üst üç səthləri asan yuyulan və təmizlənən, yuyucu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olmalıdır; 

4. xüsusi qapalı yerlər özü açılan və bağlanan avtomatik və ya özü bağlanan qapılarla təchiz olunmalıdır; 

5. xüsusi qapalı yerlərin daxilində görünən yerlərdə tütün əleyhinə, tütün çəkmənin zərərlərinə dair çap və digər maarifləndirici materiallar yerləşdirilməlidir; 

6. xüsusi qapalı yerlərin girişində “Tütün çəkmək üçün xüsusi ayrılmış yer” və “Tütün çəkmək səhhətiniz üçün zərərlidir” və “18 yaşadək şəxslərin girişi qadağandır” yazılarının, yaxud işarələrinin olması təmin edilməlidir; 

7. xüsusi qapalı yerlərdə təhlükəsizlik tələbləri təmin edilməli və yanğınsöndürmə qurğuları quraşdırılmalıdır; 

8. xüsusi qapalı yerlərdə siqaret kötükləri və ya onun hərhansı bir hissəsi, eləcə də, digər tütün məmulatları tullantılarının toplanması məqsədi ilə metaldan hazırlanmış xüsusi külqabılar (tullantı qabları) yerləşdirilməlidir; 

9. xüsusi qapalı yerlərin sanitariya-gigiyena normalarına cavab verməsi və mütəmadi təmizlik işlərinin aparılması təmin edilməlidir; 

10. tütün məmulatları üçün nəzərdə tutulmuş külqabılar və bu məqsədlə istifadə edilə biləcək digər tullantı qabları mütəmadi olaraq qapalı tutumlara boşaldılaraq, tütünçəkmə qadağan edilən yerlərdən, sahələrdən kənarlaşdırılmaqla, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərə atılmalıdır. 

Bundan əlavə, tələblərə əsasən, xüsusi ayrılmış qapalı yerlər havalandırma sistemi ilə təchiz edilməlidir. Havalandırma sistemi aşağıdakı tələblərə uyğun olmalıdır. Xüsusi qapalı yerlər tütün çəkmək qadağan olunan yerlərə nisbətən mənfi hava təzyiqi altında saxlanılmalıdır. Mənfi hava təzyiqi yaratmaq üçün mexaniki sistem bütün iş saatlarında işləməlidir. 

Tütün çəkmək üçün  (bütün növ qəlyanlar və elektron siqaretlər də bu tələblərin təsir dairəsində tütün məmulatlarına bərabər hesab edilir)xüsusi ayrılmış açıq yerlərə gəlincə, bu yöndə tələblərə aşağıdakılar aiddir:

1. xüsusi açıq yerlər binaların giriş və çıxışlarından, ümumi gediş-gəliş yerlərindən kənarda yerləşdirilməlidir; 

2. xüsusi açıq yerlərdə “tütün çəkmək üçün xüsusi ayrılmış yer” yazısının olması təmin edilməlidir. 

3. xüsusi açıq yerlər ərazisində siqaret kötükləri və ya onun hər-hansı bir hissəsi, eləcə də digər tütün məmulatlarının tullantıları üçün metaldan hazırlanmış xüsusi külqabılar (tullantı qabları) yerləşdirilməlidir; 

4. siqaret kötüklərini və ya onun hər-hansı bir hissəsini, eləcə də digər tütün məmulatlarının tullantılarını nəzərdə tutulmuş yerdən kənara atmaq qadağandır;

5. xüsusi açıq yerlərin sanitariya-gigiyena normalarına cavab verməsi və mütəmadi təmizlik işlərinin aparılması təmin edilməlidir.

Qeyd edək ki, bu tələblər mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə şamil edilir.

09:43

“Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər” təsdiq edilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi barədə Prezidentin 1774 nömrəli fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

.
www.ÇıxışYolu.Com