Yay tətili geridə qalıb. Bəziləri üçün sürətlə keçən üç aydan sonra siniflər yenə uşaq səsləri ilə dolub. Hər kəs öz çevrəsinə qayıdıb: məktəbdəki dərslər, ev tapşırıqları, dərslər arasındakı fasilələr, valideynlərin müəllimlərə çağırışları. Dəftərlərə yeni dərs ilinin ilk tapşırıqları və imlaları yazılıb. Birinci sinif şagirdləri ilk məktəb tanışlıqlarını edib.
Problemlərdən bezən valideynlərin əksəriyyəti məktəb illərini nostalji ilə xatırlayır. Uşaqlıq illərinin keçməsinə görə həmişə peşman olurlar: yetkinlərin insan həyatının ən xoşbəxt dövrü hesab etdiyi vaxt. Amma bütün uşaqlara payızın əvvəlində öz həmyaşıdları ilə masa arxasında oturmaq qismət olmur. Onlardan bir çoxunun valideynləri uşaq doğulandan bəri tamamilə fərqli problemləri həll etmək məcburiyyətində qalırlar: xüsusi qayğıya ehtiyacı olan övladlarının diqqətdənkənar qalmamaları və özlərini həmyaşıdlarından bədbəxt hesab etməmələri.
Autizm, Daun sindromu, danışma və eşitmə problemləri və digər fiziki qüsurları olan uşaqların dövlətin xüsusi qayğısına ehtiyacı var. Onların gələcəkdə özlərini cəmiyyətin tam üzvü kimi hiss edə bilməsi üçün yaxşı təhsil, uğurlu karyera, ailə qurması, tərbiyəsinə düzgün yanaşma vacibdir.
20 ildən çoxdur ki, xüsusi ehtiyacı olan uşaqların problemlərinin həllində fəal iştirak edən Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA – United Aid For Azerbaijan) bu məqsədlə belə uşaqlarla işləyən mütəxəssislər üçün qabaqcıl təlim kursları təşkil edib.
Xüsusi ehtiyacı olan uşaqlar və onların problemlərinin həlli üçün ÇıxışYolu.Com UAFA direktoru Qven Burçell ilə söhbət edib.
– Təşkilatınızın təqdim etdiyi kurslara nələr daxildir və onlar kimlər üçün nəzərdə tutulur?
– Sağlamlıq, təhsil və sosial inkişaf üzrə əsas kurslar xüsusi ehtiyacları olan uşaqlar ilə işləyən mütəxəssislər üçün nəzərdə tutulur. Belə ki, Azərbaycan dilində kifayət qədər kurs olmadığından bir çox mütəxəssis əlavə bilik əldə etmək üçün Rusiya və Türkiyə daxil olmaqla xaricə getməyə məcbur olur. Lakin bu, böyük maliyyə xərcləri tələb edir. Xaricdə ixtisas artırmaq bahalı olduğundan xarici mütəxəssisləri bura dəvət etmək qərarına gəldik. Kurslarımız beynəlxalq standartlara uyğun hazırlanıb və onlarda iştirak etmək 600 manata başa gəlir. Onlar xəstəxanalar, özəl klinikalar, məktəblər, universitetlər, uşaq və körpələr evi, reabilitasiya mərkəzlərinin işçiləri üçün nəzərdə tutulub.
Bundan əlavə, hamı fərqli dillərdə kifayət qədər yaxşı danışa bilmir. UAFA eyni zamanda, Azərbaycan dilində kurslar təşkil edir. Azərbaycan dilində bu sahə haqqında kifayət qədər məlumat olmadığı üçün uşaqlarla iş təcrübəmizə və xarici elmi mənbələrə əsaslanırıq.
Üç aylıq təlim kurslarına hər biri iki saat olmaqla 24 dərs daxildir. İyul-avqust aylarında baş tutan ilk kurslarda 19 tələbə iştirak etdi. 12 həftə boyunca fizioterapiya, ekoterapiya, tibb, uşaq psixologiyası və erkən müdaxilə ilə bağlı inkişaf sahələrində səkkiz yerli və xarici mütəxəssis onlara xüsusi ehtiyacı olan uşaqlarla necə işləmək lazım olduğunu izah edib. Kurslarımızın tələbələri dərsə işdən sonra gəlirdilər.
İxtisaslı kurs tələbələrimizə yalnız Corcstoun Universitetindən sertifikat almağa deyil, həm də işlərini daha yaxşı öyrənməyə və uşaqlarla düzgün rəftara kömək edəcək.
– UAFA kurslarının sonunda tələbələriniz hansı bilik və peşə bacarıqlarını, uşaqlarla işləmə üsullarını öyrənə bilər?
– Hansı metodlardan istifadə etməyiniz vacib deyil. Əsas iş onda deyil, praktik bacarıqlardadır. Əgər siz uşağı düzgün qiymətləndirməyi, onunla işləmə müddətini, ona düzgün yanaşmanı bacarmırsınızsa, onda bütün metodlar faydasızdır. Bir mütəxəssis üçün ən vacib olan uşaqların davranışlarını düzgün təhlil etmək, ehtiyaclarını anlamaq, onunla əlaqə qurmağı bacarmaq və uşaqların etibarını qazanmaqdır.
Kurslarımızın sonunda tələbələr işə qayıdır, yeni bacarıq və biliklərdən istifadə edərək uşaqlarla ünsiyyət üsullarını tənzimləyirlər. Əvvəllər xüsusi ehtiyacı olan uşaqların problemlərini həll etmək üçün əsasən tibbi yanaşmadan istifadə edilirdisə, indi onlara qarşı sosioloji münasibət tətbiq olunur.
– Yəni bu gün fiziki qüsurlu uşaqların cəmiyyətə uyğunlaşma problemlərinə daha çox diqqət yetirməyə başlayıblar? Və buna görə uşaqların əskik hiss etməmələri üçün onların özləri ilə bərabər tutulması vacibdir?
– Tamamilə doğrudur. Biz cəmiyyətin müxtəlif qüsurları olan uşaqlara normal münasibət göstərməsini və onları qəbul etməsini təbliğ edirik. Uşaqlar hər zaman öz valideynlərini təqlid edirlər. Uşaqlar hər zaman yetkinləri diqqətlə izləyir və daha sonra onların etdiklərini təkrarlamağa çalışırlar. Misal üçün, stəkanı ikiəlli tutmağı göstərmək olar. Fiziki problemlərin olması uşağın stəkanı necə götürəcəyini və onunla nə edəcəyini qərar verməyə imkan vermir. Və ya nitq qüsuru olan uşaqlar həmyaşıdlarının sərbəst danışdıqları cümlələri təkrar edə bilməzlər. Belə hallarda uşağın öz çatışmazlıqlarını hiss etməməsinə çalışmaq lazımdır.
Belə uşaqlar ilə işləyən yerli mütəxəssislərin Azərbaycan cəmiyyətindəki bu problemlərin həllinə kömək olacaq metodlardan istifadə etməsinin təminatına çalışırıq. Azərbaycanda iştirakımızla gənc nəslin sosial inteqrasiyasına yönəlmiş proqramlar həyata keçirilir.
– UAFA-nı yaratmaq ideyası necə yarandı? Necə oldu ki, Azərbaycanda yaşamağa köçdünüz?
– Azərbaycana birgə yardımın təşkili mənim tərəfimdən XX əsrin sonlarında quruldu. 1997-ci ildə atam ölkənizdəki neft layihələrində iştirak edib. O, Azərbaycana tez-tez səfər edirdi, bəzən mən də onunla gəlirdim. O vaxt mən gənc idim və xeyriyyə təşkilatlarında iş təcrübəm var idi: uşaqlar və aztəminatlı ailələrlə. Sonra şəxsi marağıma görə 40-dan çox uşaq təhsil müəssisəsinə, o cümlədən uşaq evlərinə baş çəkdim. Bu sahədəki çatışmazlıqlar məni burada qalmağa, təcrübəmdən və bacarıqlarımdan istifadə edərək, xüsusi ehtiyacı olan uşaqlara kömək etməyə, xeyriyyəylə məşğul olmağa məcbur etdi.
– Azərbaycanda xeyriyyəçilik işinizi həyata keçirmək qərarınıza tam olaraq nə təsir etdi? UAFA-nın mövcudluq illərində hansı işlər görüldü?
– Təqribən 20 il əvvəl ailələrin övladlarını uşaq evlərinə və internat məktəblərinə göndərdiyini gördüm. Buna səbəb alternativ yerli xidmətlərin olmaması idi. Valideynlər sadəcə xüsusi müalicəyə ehtiyacı olan övladları ilə necə davranmalı olduqlarını bilmirdilər. Uşaq evlərində belə uşaqlar yalnız yataqlarında yatırdılar. Uşaq müəssisələrində işçilər də onlarla necə davranacağını bilmirdilər. Çünki müvafiq bilik və bacarıqlara sahib deyildilər.
O vaxtdan bəri Azərbaycanda bu sahədə çox şey dəyişdi. Ən əsası əlilliyə problem kimi yanaşma münasibəti dəyişdi. Ağır fiziki qüsurlu uşaqların sayı azaldı. UAFA-ya gəlincə, belə uşaqların normal inkişafı üçün məqbul şərait yaratmağa çalışdıq. Bu gün Azərbaycanın 22 bölgəsində aztəminatlı qruplara lazımi xidmətlər göstərən yerli kadrlar hazırlamışıq. Bu səylər sayəsində uşaqların inkişafı sürətlənib. Bugünkü gənc nəsil artıq məktəbə gedir, ailələrinin yanına qayıdır.
22 il ərzində xüsusi ehtiyacı olan və aztəminatlı ailələrdən olan 14 mindən çox uşaq UAFA-dan yardım alıb. Onlar reabilitasiyadan keçdilər, cəmiyyətə inteqrasiya olundular. Onların çoxu hələ də dəstək gördükləri mərkəzlə əlaqəsini qoruyub saxlayır. 22 bölgədə çalışan yerli UAFA mütəxəssisləri təlimlərdə peşəkarlıq səviyyələrini artırıb, bu müddət ərzində uşaq inkişafı sahəsində 40-dan çox beynəlxalq mütəxəssis könüllü olaraq öz bilik və təcrübələrini onlarla bölüşüb. Bu gün biz artıq yeni mütəxəssislər cəlb etmək niyyətindəyik və buna görə də kurslar təşkil etdik.
Xüsusi ehtiyacı olan uşaqları və valideynlərini vaxtında dəstəkləmək çox vacibdir. Axı onlar tək qaldıqca itirlər. Bizim mərkəzlərimizdə isə onlar oxşar problemləri olan digər uşaqlarla ünsiyyət qururlar. Uşaq cəmiyyətdə özünü normal bir şəxs kimi hiss etməyə başlayır. Bu, onları və valideynlərini problemləri aradan qaldırmağa və müalicəni davam etdirməyə həvəsləndirir. Bəzi tələbələrimiz Paralimpiya idman növlərində böyük uğurlar qazanıblar.
UAFA Azərbaycanın müxtəlif dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Heydər Əliyev Fondu, UNİCEF, Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Milli Məclis bu sıraya daxildir. Təcrübə və biliklərimizi Azərbaycan dövlətinə ötürürük ki, bunları nəzərə alaraq ölkənin dövlət büdcəsi formalaşsın və uşaq inkişafı sahəsində müxtəlif dövlət proqramları həyata keçirilsin. Biz gələcəkdə Bakı Dövlət Universitetində tədris kursları da açmağı planlaşdırırıq.
– Məlumdur ki, Kraliça II Yelizaveta sizi şəxsən Britaniya İmperiyası Ordeni ilə təltif edib. Sizi nəyə görə təltif etdilər?
– Bu 2004-cü ildə olub. Azərbaycanda xüsusi təhsilin tətbiqində xidmətlərə görə mükafat aldım. İnsanlar kraliçadan qeyri-adi bir şey üçün mükafat aldıqlarına görə mənim üçün bu çox gözlənilməz oldu. Çox həyəcanlı və unudulmaz idi. Bu mənim üçün böyük şərəfdir.
– 1997-ci ildə Azərbaycana ilk dəfə gəlməklə burada əbədi qaldınız…
– Bilirsiniz, Azərbaycan 22 ildir mənim evim, ikinci vətənimdir. İnsanlara motivasiyamı izah etmək çətindir, amma köməyə ehtiyacı olan biri üçün müsbət dəyişikliklərə imza atacağımı ümid edərək, biliklərimdən və təcrübəmdən istifadə edirəm. Uşaqlara kömək etmək həyatımın bir hissəsi və məqsədinə çevrilib. Burada söhbət pul qazanmaqdan getmir. Bu istək mənim təbiətimin dərinliklərindən gəlir.
Rasim Babayev