9f86389b-11b9-41ac-9c1c-a5983581af64..jpg

Uca göylərin mehrabı eşqdir, yoxsa telefon?

Baxış sayı: 577 dəfə baxılıb.

Uca göylərin mehrabı eşqdir, yoxsa telefon?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır…

Texnologiyanın inkişafı, tərəqqisi günü-gündən daha da sürətlənir. Süni
intellekt artıq həkimlərdən daha yaxşı və dəqiq diaqnoz qoyur, ən uyğun müalicə
protokolunu təqdim edir, həkimin gözündən yayına bilən məqamları gözdən
qaçırmır.

Çində restoranlarda robot ofisiantlar peyda olur, fabriklərdə robotlar
istehsalat zəncirinə rəhbərlik edir. Dubayda uçan avtomobillər sınaqdan
keçirilir. İlon Mask isə Marsa köç planlayır. Hətta insanlıq tarixində ilk dəfə
olaraq insanı belə çipləyir.

Bütün bunlar fantastik film kimi görünsə də, günümüzün reallığının bir
hissəsidir.

Əslində maraqlıdır, süni intellektin görəsən cinsi olacaqmı? Onun intellekti
qadın kimi emosional olacaq, yoxsa kişininki kimi strateji. Əgər özündə hər iki
cinsin xüsusiyyətlərini əks etdirəcəksə, görəsən onların övladı olacaqmı?
Yaşadığımız dünya kimi qəribə və maraqlı suallardır, deyilmi?

Əvvəllər uşaqların ailədə çox olmasının ən başlıca səbəbi iqtisadi əsaslar
idi. Çox uşaq, çox əmək qüvvəsi demək idi. Maldarlıq, əkinçilik və s. kimi
təsərrüfatla yaşayan kütlə üçün bu vacib amil idi.

Zaman keçdikcə, elmi-texniki tərəqqi inkişaf etdikcə insan gücünə, resursuna
da zəruri ehtiyac qalmır.

Hər gün daha yeni versiyada sürücüsüz avtomobillər, qatarlar, PUA-lar və s.
yaradılır, istehsal edilir.

Evdə iş görəcək robotların da təqdimatı durmadan artır. Elə bu videoların
birinə baxanda düşünürsən ki, deyəsən əvvəlin sonuna çatmışıq…

Məsələn, birinin işi digərindən keçəndə istər-istəməz onunla ünsiyyət qurmalı
olur. Bəzən də bu adi ünsiyyət dostluğa, daha emosional səviyyəyə, sevgiyə,
hətta yeni bir ailənin yaranmasına belə vəsilə ola bilir. Amma…

İndi təsəvvür edək ki, 10 ilə bütünlüklə məişət işlərini robotlar görəcək,
həkimlər, sürücülər robot olacaq. Bu zaman ortaya maraqlı sual çıxır, insanın
bu robot dünyasında yeri olacaqmı? Bu mərhələdən sonra insanın ünsiyyətə,
hansısa məsələyə görə xahiş etməsinə ehtiyac olacaqmı? Yoxsa sadəcə müəyyən
olunmuş sistem bütün hadisələri nəzarətində saxlayacaq?

İnsanın baş verən hadisələrə görə qərar vermək hüququ olacaqmı?

İnsanlar öz hüquq və azadlıqlarını müəyyən edə biləcəklərmi?

Yoxsa hər şeyi robotların (maşınların) ümidinə qoyub gedəcəklərmi?

Və ən vacibi, insanların ailə qurmağa, sevgi oyunu oynamağa ehtiyacı olacaqmı?

Madam ki, qadına bazarlıq edəcək, maşın sürəcək, təmir işləri aparacaq və
məişətdə ağır işləri görəcək robotlar olacaqsa, kişi qüvvəsinə ehtiyacı
olmayacaqsa, həmçinin kişinin də evi yığışdırmaq, pal-paltarı yuyub-ütüləmək,
yemək bişirmək üçün qadına ehtiyacı olmayacaqsa qadın-kişi münasibəti necə
tənzimlənəcək?

Hər şeydən əvvəl bu münasibətlərdə qarşılıqlı faydalanma şərti durub. Artıq bu
iki cinsin bir-birindən işi keçməyəcəksə, niyə onlar ünsiyyət qursunlar ki?
Cinsi marağı nəzərdə tutursunuzsa, artıq onun da daha rahat versiyaları meydana
çıxıb. İnsan bədəninə oxşayan lateks gəlinciklər və s.

Nə qədər də desək ki, “eşqdir mehrabı uca göylərin”, anlaşılan odur ki, ailə
institutu ilk növbədə öhdəliklərin birlikdə yerinə yetirilməsi və iqtisadi
cəhətdən daha dayanıqlı olmaq üçün meydana çıxan mexanizmdir. Və artıq bu gün
bu mexanizmin işləmədiyini görürük.

Qadınlar daha güclüdür (fiziki-mənəvi), özü qazanır, idmanla məşğuldur,
avtomobil idarə edir, biznesi var, pilotluq edir, kosmosa uçur.

Kişi də daha müstəqil, ailədən asılılığı olmayan, məişət qayğılarını qadının
köməyi olmadan asanlıqla həll edə bilən, azad və güclü vahidə çevrilir.

Bu iki cinsin bir-birinə ehtiyacı get-gedə azalır. Və bu həyatın bütün
sahələrində özünü ehtiva edir. Bu gün kişinin-qadına və ya əksinə
qadının-kişiyə maddi-mənəvi ehtiyacı XX əsrin əvvəlindəki kimi yüksək deyil.

Son tədqiqatlar da təsdiq edir ki, insanlar get-gedə daha çox tək olmağa, tək
yaşamağa üstünlük verirlər. Düzdür, konservativ ŞƏRQ hələ də çoxuşaqlılıq və
ailə institutunun dağılan son daşlarından yapışmağa çalışır. Amma və lakin
bütün dünyanı cənginə alan “ümumdünya hörümçək toru” artıq Şərqlə-Qərbin
sərhədlərini məhv edərək, onları ümumi qazana töküb qaynadır.

Bəli, sosial şəbəkələr, robotlaşan dünyanın əsas elementi olaraq, sanki hər
bir fərdə sonsuz imkanlar verir. Onu fərd olaraq digərlərinə təqdim edir. Və
insan artıq özünü “fenomen” hiss edir. Sabun köpüyü qədər dayanıqlığa malik
“fenomen”ə çevrilir.

Bu fenomenlər fonunda insanlıq öz ilkin təyinatından qaçaraq başqa dünyaya
düçar olur. Narkotik asılılığı kimi. Virtual dünyanın, süni intellektin,
kompüter və s. insanlığa verdiyi ən böyük paradoks da budur.

“Hörümçək toruna” düşən hər bir istifadəçi ekranda gördüyü qadını və ya kişini
real qəbul edir. Və real dünyadakı qadın və kişilər onun üçün mahiyyətini
itirir. Çünki smartfon və cihazların ekranından baxan qadın daha cazibədar,
gözəl və mükəmməl bədən quruluşuna malikdir. Eynilə oradan boylanan kişilər
daha uğurlu, varlı və nüfuzludur.

Və real dünyada orta statistik insan belə qadın və ya kişiylə üzləşmir. Çünki
adi insanın sosial statusu, yaşayış tərzi, işlədiyi ortam və s. başqa
həqiqətləri əks etdirir. Amma virtual dünya ona, onun arzularının qadınını və
ya kişisini bağışlayır. Onun arzu etdiyi dünyanı yaradır və onu orada həbs
edir. Və insanlıq təkliyə üz tutur. Öz arzularının yaratdığı, virtual dünyanın
da bəxş etdiyi qeyri-müəyyən reallıqla yaşamağa başlayır.

Dofamin asılılığı onu daha çox sosial şəbəkələrdə olmağa məcbur edir. Sanki
narkotik vasitə kimi hər gün daha çox qəbul etməyə başlayır. Və real insanlar,
dünya, həyat onun üçün sönük və maraqsız olur. Süni intellektin təqdim etdiyi
görüntülər, səslər, təəssüratlar daha xoş gəlir.

Bəziləri bunu şüurlu şəkildə seçirlərsə, çoxları sadəcə tələyə düşürlər. Hər
gün daha çox dofamin üçün qısa videolar, fotolar, statuslar, şərhlər ovuna
çıxır. Lap ibtidai insan kimi. İbtidai insan ac qalmamaq üçün heyvan ovuna
çıxırdı, müasir insan isə dofaminsiz qalmamaq üçün internetdə ova çıxır.

Bəs dofamin nədir?

Dofamin (və ya dopamin) insan beynində yaranan neyromediatordur və beyinə
“mükafat” siqnalını bəxş edir. Ona bəzən yanlış olaraq sevinc və ya həzz
hormonu da deyirlər.

Dofamin sənə “düz elədin, yenə elə və mən sənə mükafat verəcəyəm” diktəsini
edir. Və hər dəfə insan daha çox “mükafat” tələb edir. Və bu narkoloji asılılıq
kimi dövr etməyə başlayır. Məhz buna görədir ki, çoxları kompüter oyunlarından,
sosial şəbəkə və s. asılılıq yaşayır. Günlərlə yatmayaraq serial və filmlər
izləyir, onlayn oyunlarda vaxt keçirir və s. Və yenə də təklik, individuallıq.

Oyunda səhv edərkən, geri qayıdıb həmin etapı yenidən keçə bilmək şansını
görən adam, artıq real dünyada heç nə etmək istəmir.

O münasibətlər sistemindən çıxmağı üstün tutur.

Və bu getdikcə çoxalır, böyüyür.

Adicə axşam evinizə göz atın. Ailə üzvlərinin hərəsi bir tərəfdə, əlində
ağıllı telefon öz dünyasına sığınır.

Kafe və restoranlara gedən sevgililər də eynilə, hərəsi öz telefonunda.
Qonaqlıqlarda, toyda görüşən dost və qohumlar da həmçinin. Hər kəs öz süni
intellektin onun üçün seçdiyi video və fotolara baxır. Bəzi psixoloqlar iddia
edir ki, boşanma və ayrılmaların əsas səbəblərindən biri də budur. Bəzən isə
subay qalanların da səbəbi bu göstərilir. Yalan, ya doğru zamanla biləcəyik.

Təəssüflər olsun ki, artıq bu “hörümçək toru” hər kəsi toruna salıb. Gələcək
artıq burada və indidir! Xilas yolu varmı? Siz deyin, necə xilas olaq?

Source link