afb00aef-f9ce-46b5-bd19-33f52a1613d2..jpg

Ucarda baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI: “Gecələr məndən xəbərsiz harasa gedirdi”

Baxış sayı: 419 dəfə baxılıb.

Ucarda baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI: “Gecələr məndən xəbərsiz
harasa gedirdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayonunda 1988-ci il təvəllüdlü Məftun qısqanclıq zəminində həyat yoldaşı
Rəqsanəni öldürüb, onun sevgilisi İlkinə (adlar şərti verilib – red.) xəsarət
yetirib.

Teleqraf.com-un məlumatına görə, Məftun 1996-cı il təvəllüdlü tanışı İlkinin
onun rəsmi nikah münasibətlərində olduğu 1995-ci il təvəllüdlü arvadı Rəqsanə
ilə sevgi münasibətlərində olmasından şübhələnib.

Məftun qısqanclıq zəminində qisas almaq niyyəti ilə İlkini öldürmək qərarına
gəlib. Bu məqsədlə İlkinin işlədiyi avtoyuma məntəqəsinə gəlib. Məntəqənin
istirahət otağından götürdüyü bıçaqla İlkinin üzərinə hücum çəkib və arvadı ilə
münasibətinin olduğunu etiraf etməsini istəyib. Məftun bıçaqla onun bədəninin
müxtəlif nahiyələrinə ümumilikdə beş zərbə vurub.

Avtoyuma məntəqəsinin sahibi Sadiq Məftunun qarşısına keçib, İlkin yaranan
şəraitdən istifadə edərək hadisə yerindən qaçıb. Yoldan keçən maşınla tibb
müəssisinə çatdırılıb və həyatı xilas edilib.

Məftun arvadı Rəqsanənin İlkinlə, eləcə də tanımadığı digər şəxslərlə cinsi
əlaqəyə girərək ona xəyanət etməsindən şübhələndiyindən, onu öldürmək qərarına
gəlib. İlkini bıçaqladığı avtoyuma məntəqəsində olan, həmkəndlisinə məxsus
“Mercedes” markalı avtomobillə Ucar rayonunun kəndində yerləşən evinə gəlib.
Rəqsanənin olduğu otağa daxil olub və azyaşlı övladlarının gözləri qarşısında
ona 33 bıçaq zərbəsi vurub. Qadın aldığı zərbələrdən vəfat edib.

İstintaq orqanı tərəfindən Məftunun barəsində Cinayət Məcəlləsinin 120.2.4
(xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 29, 120.2.7-ci
(iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məftun ona elan
olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, həyat
yoldaşını telefondakı səsə görə öldürüb:

“Həyat yoldaşım gecələr məndən xəbərsiz küçəyə çıxıb, harasa gedirdi. Gələndə
də mənə heç nə demirdi. Ondan şübhələndiyim üçün telefonu evə qoyaraq getdim.
Sonra telefonda səslərə qulaq asdım. Bu zaman başqa kişi səsləri eşitdim. Bu
barədə yoldaşımdan soruşdum, mənə bir şey demədi. Bundan sonra onu öldürmək
qərarına gəldim.

Həyat yoldaşımdan nə vaxt haradan gəldiyini təkrar soruşsam da, heç nəyi
boynuna almadı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, telefonda səsə qulaq asanda tanışı İlkinin
adını eşidib:

“Buna görə onun iş yerinə gedərək İlkini bıçaqla vurdum. Mən də həmin avtoyuma
məntəqəsində işləyirdim. Bıçağı işlədiyim yerdən götürdüm. İlkini vurmazdan
əvvəl onunla mübahisə etdim. Ondan həyat yoldaşımla münasibətinin
olub-olmadığını soruşdum. O da heç nə demədi. İlkinə bıçaqla neçə zərbə
vurduğumu xatırlamıram”.

Məftun bildirib ki, daha sonra evinə gedib və həyat yoldaşını öldürüb:

“Həyat yoldaşıma da neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Yoldaşımı vuran
vaxt uşaqlar həyətdə idi. Mən qapıdan çıxanda uşaqlarımız evə gəldi. Uşaqlar
belə bir hadisənin olacağını bilmirdilər. Çünki onlar çöldəydilər.

Həyat yoldaşımı vurduqdan sonra evdən çıxmadım. Gördüm, atam gəlir. Daha sonra
bacımgilə getdim, onlarla vidalaşdıqdan sonra polisə təslim oldum”.

İş üzrə zərərçəkmiş İlkinin sözlərinə görə, hadisədən üç-dörd gün əvvəl Məftun
sözügedən səsyazısını ona qulaq asdırıb:

“Səhv etmirəmsə, 23 dəqiqəlik səsyazısı idi. Ona iki dəfə qulaq asdım. Məftuna
dedim ki, burada qeyri-adi heç nə yoxdur. Yalnız televizor və uşaqların səsi
gəlirdi. Həmin söhbətdən üç gün sonra avtoyuma məntəqəsinə getdim. Məftunla
eyni avtoyuma məntəqəsində işləyirdik. Oraya daxil olanda gördüm ki, Məftun
gecəni burada qalıb. O, gecə saat üçdə gəldiyini və burada qaldığını bildirdi.
Biz səhər işə başladıq, Məftun həmin gün işləyə bilməyəcəyini dedi. İşləməsə də
biz ona 10 manat verdik, getdi. Məftun getməzdən əvvəl ona növbəti gün anamla
Bakı şəhərinə gedəcəyimi, işə gəlməyini bildirdim. O da etiraz etmədi, işə
gələcəyini bildirərək getdi. Bir də gördük, Məftun velosipedlə bir az
fırlanaraq geri qayıtdı”.

İlkin qeyd edib ki, Məftun gəlib qonşusunun maşınını aparacağını bildirib:

“Ona dedik ki, içkilisən, maşını aparma. Məftun israr etdi. O, maşını avtoyuma
məntəqəsindən üzü yola tərəf çıxardı. Maşının mühərrikini söndürmədən yanımıza
gəldi. Oturduğum yerdə qəflətən mənə bıçaqla zərbələr endirdi. İş yoldaşımız
Sadiq dayı qışqıraraq onun üzərinə gəldi. Məftun bir az aralandıqda vəziyyətdən
istifadə edib yola qaçdım”.

İlkin bildirib ki, yolda tanışına rast gəlib, onunla xəstəxanaya gedib:

“Hadisədən iki gün sonra eşitdim ki, Məftun həyat yoldaşını öldürüb. Məftunun
həyat yoldaşını tanımıram, adını belə bilmirəm. Hadisədən əvvəl Məftun mənə heç
nə deməmişdi. Sadəcə telefonu mənə verib bildirmişdi ki, burada başqa səslər
var. Mən də kişi səsi yox, televizorun səsi olduğunu söylədim. O, bibisi
oğlundan şübhələndiyini bildirdi. Onun mənə hansı səbəbdən xəsarət yetirdiyini
bilmirəm. Səsdə mənim adım çəkilmirdi. Orada ancaq uşaq səsləri var idi”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Məftun 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi
rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Source link