d47a4651-8296-4d83-b4c8-b253edc7cf9c..jpg

Ucarda polislərlə sakinlər arasında insident: Avtomobilini YPX əməkdaşlarının üstünə sürüb – FOTO/VİDEO

Baxış sayı: 531 dəfə baxılıb.

Ucarda polislərlə sakinlər arasında insident: Avtomobilini YPX əməkdaşlarının
üstünə sürüb – FOTO/VİDEO

Ucar sakini avtomobili polislərin üzərinə sürüb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat
verilib.

Belə ki, sosial şəbəkələrdə Ucar rayonu ərazisində rayonun Qaracallı kənd
sakinləri ilə polis əməkdaşlarının mübahisə etmələrini əks etdirən görüntülər
paylaşılıb. Fevralın 16-da gecə saatlarında Ucar Rayon Polis Şöbəsinin Dövlət
Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman
hərəkətdə olan “Mercedes-Benz Vito” markalı nəqliyyat vasitəsinin sürücüsünə
işıq cihazlarında texniki nasazlıq olduğuna görə saxla əmri veriblər.

Polis əməkdaşları onlara təhkim olunmuş bort-kompüter vasitəsilə nəqliyyat
vasitəsinin sənədlərini yoxlayan zaman avtomobilin sürücüsünə törətdiyi bir
neçə qayda pozuntusuna görə tətbiq edilən cərimələrin ödənilmədiyini və
nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edildiyini müəyyən
ediblər.

Sürücü, rayonun Qaracallı kənd sakini Coşqun Mahmudovdan müvafiq sənədlərini
təqdim etməyi tələb edən zaman isə C.Mahmudov buna etiraz edərək avtomobili
polis əməkdaşlarının üzərinə sürüb və həmin yerdən uzaqlaşaraq yaşadığı ünvana
gedib.

Onun yaşadığı yer şöbə əməkdaşları tərəfindən müəyyən edilib və o, törətdiyi
əməllə bağlı araşdırma aparılması üçün polis şöbəsinə dəvət olunub. Bu zaman
C.Mahmudov və ailə üzvləri kənd ərazisində səs-küy salmaqla buna mane olmağa
çalışıblar, polisin qanuni tələblərinə tabe olmayıblar.

Daha sonra həmin əraziyə Ucar RPŞ-nin PPX bölüyünün əməkdaşları dəvət olunub
və C.Mahmudov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun barəsində toplanmış materiallar bu gün hüquqi qiymət verilməsi üçün
aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Source link