Üçüncü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda keçirilən 3-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda 2023-cü il
Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit
qurumlarının rolu barədə fikir mübadiləsi aparılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası,
İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə 3-cü DİM Dialoqu
keçirilib.
“2023-cü il “Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata
keçirilməsində ali audit qurumlarının rolu” mövzusunda keçirilən tədbirdə Baş
nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli
Əhmədov ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülən işlər barədə
məlumat verib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinin və
2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının DİM-lər ilə sıx
uzlaşdığı diqqətə çatdırılıb. Baş nazirin müavini ölkəmizlə BMT arasında mövcud
olan münasibətləri qeyd edib, beynəlxalq əməkdaşlıq platformaları çərçivəsində
aparılan müzakirələrin qlobal çağırışlara adekvat cavab verilməsi imkanlarını
artırdığını bildirib. Qeyd edilib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri
üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin
yeni inkişaf pilləsinə qaldırılması üçün kompleks tədbirlər uğurla həyata
keçirilir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva DİM üzrə
bu ilin sentyabr ayında keçirilən sammitin öhdəliklərinə əsasən, inklüziv
dayanıqlı inkişafa nail olmaq üçün BMT-nin bütün maraqlı tərəflərlə işləməyə
davam edəcəyini bildirib. Qeyd olunub ki, BMT Azərbaycanın 2024-cü ildə DİM-in
icrasına dair Dördüncü Könüllü Milli İcmalı təqdim etmək planlarını alqışlayır
və bu mühüm fəaliyyəti dəstəkləməyə hazırdır.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DİM-lər üzrə səmərəlilik
auditlərinin sayının artırıldığını, 2021-2022-ci illərdə altı DİM-in seçilən
audit mövzularında meyar kimi çıxış etdiyini, auditlərlə əhatə olunan
indikatorlarda artımın müşahidə edildiyini, auditlərdə daha çox proqresin
qiymətləndirilməsi yanaşmasına üstünlük verildiyini qeyd edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 24 oktyabr – Birləşmiş Millətlər
Təşkilatı (BMT) günü münasibətilə təşkilatın əməkdaşlarını təbrik edib,
Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq
etdiyini qeyd edib, quruma fəaliyyətində uğurlar arzulayıb. Nazir müavini
DİM-in icrasının ölkəmizin sosial-iqtisadi inkişafı üçün səmərəli mexanizmlər
formalaşdırdığını bildirib. Qeyd olunub ki, ölkəmiz regionda ilk olaraq
DİM-lərin icrası istiqamətində BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç
Könüllü Milli Hesabat təqdim edib, növbəti hesabatın isə 2024-cü ildə təqdim
edilməsi planlaşdırılır. DİM-in həyata keçirilməsində vəsaitlərin məqsədyönlü
istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit
orqanlarının rolu vurğulanıb.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində qlobal
inkişaf prioritetləri nəzərə alınır, ancaq mina təhlükəsi bu ərazilərin sürətli
reinteqrasiyasında başlıca maneədir. Diqqətə çatdırılıb ki, Azərbaycan
Respublikasının Prezidenti cənabİlham Əliyev tərəfindən minatəmizləmə
fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə
əlavə edilməsi təşəbbüsü irəli sürülüb və müvafiq DİM-in layihəsi hazırlanaraq,
yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bəşəriyyətin üzləşdiyi COVID 19
pandemiyasının hələ də davam edən təsirləri ilə yanaşı, iqlim dəyişməsi, ərzaq
təhlükəsizliyi böhranı, eləcə də dünyanın müxtəlif yerlərində çoxlu geosiyasi
gərginliklərin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi üzrə tərəqqini
ləngitdiyi qeyd edib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizin
bərpası istiqamətində Azərbaycan BMT, Avropa İttifaqı və Dünya Bankı ilə bərpa
və inkişaf tədbirləri üçün qiymətləndirmə və prioritet sahələri
müəyyənləşdirmək üçün birgə səyləri təşkil edən Birgə Bərpa Ehtiyaclarının
Qiymətləndirilməsi üçün əməkdaşlıq edir.
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatlarına sədrlik edən Braziliya Ali
Audit Qurumunun sədr müavini Valton Alensar Rodriques keçirilən dialoqun ali
audit qurumlarının DİM-lərin icrasında rolu barədə beynəlxalq təcrübələrinin
öyrənilməsi üçün uğurlu plarforma olduğunu vurğulayıb.
Yüksək səviyyəli dialoq “2023-cü il Qlobal DİM Sammitinin nəticəsi: DİM-in
sürətləndirilməsi və DİM-in maliyyələşdirilməsi üçün prioritet tədbirlər” və
“DİM-lərin dövlət maliyyələşdirilməsinin effektivliyinin keyfiyyət təminatında
ali audit qurumlarının rolu, müxtəlif ölkələrin təcrübəsi” adlı panel
sessiyalarla öz işini davam etdirib.