Üçüncü Dünya müharibəsi anonsları – “Kaspi”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya ilə Ukrayna arasında iki ilə yaxındır davam edən nəticəsiz müharibə,
eləcə də Yaxın Şərqdə HƏMAS-la İsrail arasındakı hərbi əməliyyatlar dünya
düzənini dəyişib. Fövqəldövlətlər arasında gərginlik, qütbləşmə dərinləşib.
Artıq dünya liderləri, nüfuzlu beyin mərkəzləri hesabatlarında Üçüncü Dünya
müharibəsi (buna nüvə müharibəsi də deyirlər) təhlükəsindən açıq danışmağa
başlayıblar.
Mövzuyla bağlı “Kaspi”
qəzetinin məqaləsini təqdim edirik.
Siyasi liderlərdən xəbərdarlıq
Bir neçə xarici dövlətin rəhbərləri ard-arda elan ediblər ki, Üçüncü Dünya
müharibəsinin başlamasına az qalıb. Məsələn, Belarus Prezidenti Aleksandr
Lukaşenko bəyan edib ki, Üçüncü Dünya müharibəsi Yaxın Şərqdə başlaya bilər və
bu gün hər şey buna doğru gedir. Oxşar nöqteyi-nəzəri KXDR rəhbəri Kim Çen İn
də ifadə edib. O bildirib ki, “biz hazırda Üçüncü Dünya müharibəsinin
başlanmasına hazır olmalıyıq”.
Hətta Roma Papası Fransisk də deyib ki, dünya nüvə müharibəsinin
astanasındadır. “Dünyamız hissə-hissə aparılan Üçüncü Dünya müharibəsinin
məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində
nüvə silahından istifadə təhlükəsi qalmaqdadır. İndiki vəziyyət bizə 1962-ci
ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə
müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya
mümkündür və bu, zəruridir”, – deyə Papa vurğulayıb.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, İsrail
“Fələstin məsələsini” güc yolu ilə həll etməyə çalışarsa, “bütün əlaqəli region
və qeyri-regional oyunçular üçün partlayış təhlükəsi yarana bilər”.
ABŞ-nin Yaxın Şərqdə müharibəyə girə biləcəyi ehtimalları da yeni müharibəni
aktuallaşdırıb. Beləliklə, Üçüncü Dünya müharibəsi və yaxud nüvə müharibəsinin
baş vermə ehtimalları hansısa bir ekspert və beyin mərkəzləri tərəfindən deyil,
konkret liderlər tərəfindən səslənir.
Nüvə təhlükəsi artır
Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra dövlətlər ordusunu
gücləndirməyə və hərbi texnika sayını artırmağa qərar veriblər. Müxtəlif
dövlətlərin hərbi büdcələri də artır. BMT Baş katibi Antonio Quterreşin
sözlərinə görə, dünyada toplam 13 min 400 nüvə başlığı var və bu, nüvə
müharibəsi ehtimalını artırır. Əlavə edib ki, nüvə silahının tətbiqi riski
“soyuq müharibə”dən bəri görünməmiş səviyyəyə çatıb. O bildirib ki, bu
təhlükəni azaltmağın yeganə yolu nüvə silahlarını aradan qaldırmaqdır.
A.Quterreş dünya ictimaiyyətini bu məsələdə həmrəyliyə çağırıb. Xüsusilə
Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə nüvə toqquşması
təhlükəsinin miqyasını nümayiş etdirir. Bu çağırışlara baxmayaraq, nüvə
silahına malik dövlətlər nüvə arsenallarını daha da artırır. Oktyabr ayında
NATO ölkələrinin nüvə təlimləri keçirilib. Rusiyanın müdafiə naziri Sergey
Şoyqu da bəyan edib ki, nüvə müharibəsi ehtimalı getdikcə artır. Onun sözlərinə
görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə
gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər.
Rusiya fərqli müharibə olacağını bəyan edir, ABŞ isə hədələyir
Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, tamamilə fərqli bir
müharibə olacağını Vladimir Putin də bəyan edib. ABŞ Konqresinin həm Rusiya,
həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını
nəzərə almaqla hazırlaşmaq tövsiyəsini şərh edən Rusiya prezidenti “biz sülh
istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa
müharibə olacaq”, – deyə bildirib. Əlavə edib ki, ağlı başında olan heç bir
şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir.
Amerikalı müşahidəçilər hesab edirlər ki, NATO ölkələri taktiki nüvə silahının
mümkün istifadəsinə hazırlaşmalıdırlar. ABŞ-nin Çinə diqqətinin yönəldiyi
vaxtda nüvə müharibəsi baş verə biləcəyi vurğulanır.
NATO ilə gələcək hipotetik müharibə
Pentaqonun keçmiş yüksək rütbəli məmuru Qreqori Uiver hesab edir ki, Ukraynaya
müdaxilənin edildiyi ilk günlərdə rus ordusunun zəif irəliləyişləri NATO-da
bəzilərini inandırmışdı ki, alyansın üstünlüyü və adi silahlanma sayəsində rus
təcavüzünün qarşısını almaq mümkün olacaq. Amma bu, yanlış təsəvvür idi. “NATO
rəhbərliyi başa düşməlidir ki, rus qüvvələrinin Ukraynadakı fəaliyyəti
Rusiyanın nüvə silahından asılılığını artıra bilər. NATO ilə gələcək hipotetik
müharibədə Rusiya çox güman ki, ya qələbəyə nail olmaq, ya da məğlubiyyətin
qarşısını almaq üçün münaqişənin əvvəlində nüvə silahından istifadə etmək
ehtiyacını hiss edəcək”, – deyə ekspert bildirib.
Beləliklə, Üçüncü Dünya və yaxud nüvə müharibəsi ehtimalı artır. Ən
təhlükəlisi odur ki, ABŞ və digər Avropa ölkələri münaqişələrin həlli
istiqamətində heç bir addım atmırlar. Əksinə, münaqişə ocaqlarının daha da
alovlanmasına şərait yaradırlar. Bu həm Yaxın Şərqdə, həm də Ukrayna-Rusiya
münaqişəsində özünü göstərir. Dünyada 100-dən artıq aktiv münaqişə olduğunu
nəzərə alsaq, bu ehtimalın reallığa çevrilmə təhlükəsi günbəgün artır.