367a278b-90eb-4828-a2dd-7a5c3e216d23..jpg

Ukrayna cəbhəsindəki tablo: NATO üzvü “Putin qələbə qazana bilər” deyir – TƏHLİL + FOTO

Baxış sayı: 616 dəfə baxılıb.

Ukrayna cəbhəsindəki tablo: NATO üzvü “Putin qələbə qazana bilər” deyir –
TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO üzvü olan Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Brüsseldə
jurnalistlərə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin Ukrayna
müharibəsində qələbə qazana biləcəyinə eyham vurub.

Litvanın baş diplomatının bəyanatı Qərbin Ukraynaya dəstək paketini azaltması,
Ukrayna qoşunlarının cəbhə xəttində irəliləyişə nail olmamasının fonunda diqqət
çəkir.

Hərçənd ki, Rusiya hələ Ukraynanın müstəqilliyini söndürmək və bütün ölkəni
özünə tabe etdirmək üçün tərtib etdiyi planı hərtərəfli yerinə yetirməkdən
uzaqdır.

Çünki belə demək mümkünsə, Ukraynadakı döyüş meydanında cəbhə xətti donub, nə
Ukrayna qoşunları, nə də qarşı tərəf əhəmiyyətli bir irəliləyişə nail olub.

Rusiyanın qurduğu istehkamları yarıb keçmək Ukrayna üçün çətindir, həmlə
etdikcə isə daha çox itkiyə məruz qalır və beləcə, rəsmi Kiyev müharibənin
yorğunluğunu bütün əlamətləri ilə hiss edir.

Rusiyanın Ukraynadakı hücum kampaniyasını qiymətləndirərkən hərbi cəhətdən
vacib bir məqamı qeyd etmək yerinə düşər.

Ukrayna müqavimət göstərsə də, onun ordusunda canlı qüvvə sayı getdikcə azalır
və ordunu yenidən komplektləşdirmək çətinləşir.

Hərb səhnəsində digər problem relyefdir, payız hava şəraitinin qışa hazırlıq
mərhələsi Rusiya və Ukrayna ordularının hərəkət templərinə təsirsiz ötüşmür.

Hərbiyə siyasət səhnəsindən təsir edən bir halqanı da yaddan çıxarmayaq.
Ukraynada gözlənilən prezident seçkisi fonunda dövlət başçısı Volodimir
Zelenski ilə onun keçmiş komandası arasında seçki gərginliyinin artması
əməliyyat planının icrası önünə sədd çəkir.

Digər yandan, Qərbdən Ukraynaya müharibənin bəlli bir periodunda olduğu kimi
həlledici dəstək gəlmir.

Saydığımız faktorlar Ukraynanın əks-hücum əməliyyatlarında xaotik qırılmalara
rəvac verir və Rusiyanın hərbi eşelonlarında uzunmüddətli hədəf üçün
möhkəmlənməsinə münbit şərait yaradır.

Deməli, Litvanın XİN başçısının cəbhədəki vəziyyət və onun regiona təsirləri
fonunda verdiyi mesajın bir ucu Ukraynanın özünə toxunur. Bu mənada ki, Litva
Ukraynaya “sən artıq daha təhlükəli risklər ərsəyə gələndə buna təkbaşına cavab
verməyi gözə almalısan” ismarışını çatdırır.

Beləcə, Rusiya Prezidenti Vladimir Putində inam formalaşır ki, Ukraynada vaxt
onun tərəfindədir və nəticədə Qərbi həmişəkindən daha da geri atacağına əminlik
artır.

Rusiyanın Ukrayna teatrında əminlik dərəcəsinin çoxalmasına inam yaradan
siyahı təkcə bunlarla bitmir. Rusiya qlobal geosiyasi mənzərədə Moskva üçün
əlverişli dəyişikliklərə ümidlənib nəticələri Ukraynadakı kampaniyasına
inteqrasiya etməyi qarşıya hədəf qoyur.

Məsələn, Yaxın Şərqin İsrail-Fələstin cinahındakı hərbi eskalasiya Rusiyanın
sevincini artırır, çünki Qərbin Ukraynadan diqqəti yayınır. Üstəgəl, Çin də
ABŞ-nin Yaxın Şərqdəki auditoriyasını öz tərəfinə doğru çəkir. Bu, Vaşinqton
üçün çox ciddi geosiyasi itki riskləri deməkdir və Kreml Pekin-Vaşinqton
çəkişməsinin arasında yaranan boşluqları doldurmağa meyillənir.

Rusiyanı beynəlxalq düzən kontekstində ruhlandıracaq faktorlardan biri də
ABŞ-nin prezident seçkisi ilinə daxil olacağıdır.

İndi Putin bütün bunların nəticəsində Qərbin Ukraynaya hazırkı diqqətinin
yaxın aylarda daha da azalacağını hesablayır, hərçənd ki, Vaşinqtonun
alternativ planları masada ola bilər.

Nəzərə alaq ki, ABŞ Ukraynaya hücum kampaniyasının Rusiyanın beynəlxalq
nüfuzuna vurduğu zərərləri çoxaltmaqdan ötrü səylərini davam etdirir, hərçənd,
rəsmi Moskva ən sərt sanksiyalara belə, tab gətirir.

ABŞ-nin son məqsədi Rusiyanı Ukraynada yorğun salıb onu tükəndirməkdir. Amma
Ağ Evin qlobal səhnədə qarşılaşdığı risklər Vaşinqtonun özünə qarşı müqavimət
formalaşdırılmasında Moskvaya yardımçı olur.

Görünür ki, Ukrayna üçün öz məqsədinə nail olmasında əlavə çətinliklər üzə
çıxır. Çünki Ukrayna Rusiya qoşunlarının çıxarılmasına nail olmaqdan ötrü
Qərbdən veriləcək gücləndirilmiş hərbi dəstəklə və geosiyasi qətiyyətin
kombinasiyasını təmin etməyi bacarmalıdır.

Amma Qərb özünün çox üstün maliyyə, hərbi və texnoloji resurslarını tam çəki
kimi Ukraynaya yerləşdirməkdən ehtiyatlanmağa davam edəcək, çünki bu, Rusiya
ilə NATO-nun açıq hərbi qarşıdurmasını stimullaşdıra bilər.

Aqşin Kərimov

Source link