Ukrayna dalanda, Qərblə Rusiya sövdələşmə həvəsində – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Konqresi Ukraynanı Rusiyaya qarşı maliyyələşdirməyə xəsislik etdikcə
Kiyevin döyüş meydanındakı hərbi imkanları xeyli zəifləyir.
Ukrayna artıq əks-hücum əməliyyatları keçirə bilmir, amma Rusiya ərazilərinə
dronlarla hücum kampaniyasını davam etdirir.
Lakin bu, Ukraynanın öz ərazilərini azad etməsi üçün kifayət deyil.
Rusiyanın öz suveren ərazilərinə əlavə torpaqlar qatmaq planlarının hədəf və
miqyasını təyin etmək o qədər də asan məsələ deyil.
Məncə, Rusiya müharibənin daha çox geosiyasi nəticələrini öz məqsədləri ilə
uyğunlaşdırmağı mütləq hədəf kimi təyin edir.
Yəni Rusiya Ukraynanın hərbi məğlubiyyətindən çox, Kiyevi öz məqsədlərinə tabe
etdirməkdə həvəslidir.
Halbuki, Rusiya müharibənin başlanğıcında Ukraynanın bütününü ələ keçirməyə
ümid edirdi, lakin buna nail ola bilmədi. Buna baxmayaraq, Rusiya indi
Ukraynanın 20 faizindən artıq ərazisinə nəzarət edir.
Qərbin də kollektiv planı mövcuddur, hər halda, NATO Rusiyanın çox asanlıqla
öz məramına çatması üçün gurluğu ilə seçilən bir neçə yaşıl işığı eyni anda
yandırmağa imkan verən deyil.
Amma çətinliklər çoxdur, Qərbin Rusiyaya qarşı hibrid müharibəsinin aparıcı
kanalı olan sanksiyalar effekt vermir.
İkincisi, Qərbin Ukraynaya ötürdüyü silahlar döyüş meydanında vurulur və bunu
Kiyevin xeyrinə kompensasiya etməkdən ötrü lazım olan əlavə hərbi yardım
kampaniyası əhəmiyyətli dərəcədə məhdudlaşdırılır.
Ukraynanın əlində olan silahlarla lazım olan nöqtələrə dəqiq zərbələr
endirməsi belə, vəziyyəti kökündən dəyişə biləcək gücdə deyil.
İndi NATO, həqiqətən də, Rusiyanın strateji məğlubiyyətini arzulayırsa, onda
Ukrayna üçün yardım səylərini genişləndirməlidir.
Yox, bunu etmirsə, onda Qərb Rusiya ilə sövdələşməyə gedib Ukraynanın
məğlubiyyətini rəsmiləşdirməkdə maraqlı tərəf kimi görünür.
Ona görə nəticə çıxarmaq olar ki, ABŞ-nin Ukraynaya silah ixracı kampaniyasını
zəiflətməsi fonunda Qərblə Rusiya arasındakı danışıqlar yenilənə bilər.
Hərçənd ki, yenə də baza kartlar dəyişən deyil və Rusiya ilə Qərbin eyni masa
arxasında əyləşməsi belə, gələcək hiylələrin dövriyyədə olmayacağına qarantiya
vermir.
Qısası, Qərbin Ukraynaya hərbi yardımı azaltması Ukrayna ordusunun döyüş
gücünün tədrici çöküşü ilə nəticələnə bilər. Bunun davam edəcəyi təqdirdə
Ukrayna ordunu komplektləşdirmək, silah arsenalını yenidən yerbəyər etmək
problemləri ilə üzləşəcək.
Hesab etməyə əsas var ki, Rusiya üçün indi bu ssenari daha məqbuldur –
Ukraynanı döyüş meydanında tükəndirib onu Kremlin prinsiplərinə tabe etdirmək
üçün.
Ukraynaya gəlincə, o, dirəniş və qətiyyətini hələ ki nümayiş etdirir.
Aqşin Kərimov