f0489996-99a7-4117-b3ff-f6e7759416c9..jpg

Ukrayna Gürcüstana “verdiklərimi geri qaytar” deyir: Azərbaycan və Türkiyə Qərblə anlaşırlar – TƏHLİL

Baxış sayı: 794 dəfə baxılıb.

Ukrayna Gürcüstana “verdiklərimi geri qaytar” deyir: Azərbaycan və Türkiyə
Qərblə anlaşırlar – TƏHLİL

Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Kiyevlə Gürcüstanın münasibətlərinin
arasında sədd çəkilməyə başlandı və tərəflərin isti əlaqələrini sərinlik əvəz
etdi.

Gürcüstan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmur, bunun əksini özünün
milli maraqlarına təhlükə sayır. Tbilisinin davranışları Ukraynanı
qıcıqlandırır və Kiyev az qala məcbur edir ki, Gürcüstan mütləq şəkildə
Rusiyaya qarşı kampaniyanın iştirakçısı olsun.

Soyuqlaşan münasibətlər tezalışan maddə vəziyyətinə gəlir, bu dəfə isə Ukrayna
keçmişə ekskurs edərək Gürcüstana verdiyini tələb edir.

Ukrayna 2008-ci ildə Gürcüstana verdiyi silahları, “Buk” zenit-raket
komplekslərini geri istəyir, ancaq Tbilisinin arqumenti budur ki, həmin tədarük
hədiyyə kimi deyil, ödəniş əsasında gerçəkləşib.

Ukrayna hətta ABŞ-nin Gürcüstana verdiyi “Javelin” tank əleyhinə sistemlərin
də geri alınmasını tələb edir. Bu, aşkar şəkildə Vaşinqtonla Tbilisinin
əlaqələrində məqsədli şəkildə gərginlik yaratmaq və ikincini az qala
Ukraynadakı müharibənin tərəfinə çevirmək cəhdi kimi qiymətləndirilə bilər.

Ukrayna, bəlkə də, “Buk”ları istəməkdə haqlıdır, amma onun ABŞ-ni də eyni
şərtə məcbur etməsi Gürcüstan tərəfindən heç cür başa düşülmür.

Əgər ABŞ Ukraynanın sözlərinə qulaq asıb, Gürcüstana silah tədarükünə yenidən
baxılmasını nəzərdən keçirsə, bu, Vaşinqton üçün strateji faciə olar. Ancaq
ABŞ-nin Gürcüstanı “silib-süpürmək” səylərinə girişməsi inandırıcı görünmür,
çünki Ağ Ev üçün Tbilisinin həm siyasi, həm də strateji əhəmiyyəti böyükdür.

Gürcüstanın Moskvanın yaratdığı ərazi münaqişəsindən əziyyət çəkməsi, həmin
konflikt zonalarında Rusiyanın hərbi mövcudluğu, Kremldən artan təzyiqlərdən və
ölkə daxilində pultu Kremlin əlində olan “boz kardinallar”dan qorxusu onu
ehtiyatlı manevrlərə təhrik edir.

O, Qərbin dolayı parçası kimi Ukraynaya siyasi dəstək göstərir, lakin hərbi
yardımlardan söhbət düşəndə Tbilisinin qorxuları zilə qalxır.

Yəni Gürcüstan Rusiyanın Ukraynanı işğala girişməsinin özünə münasibətdə
təhlükəli paralellərini görür və böhrana münasibətdə elə mövqe tutur ki,
uçuruma yuvarlanmasın.

Gürcüstanın tutumu Qərbə inteqrasiya yolunu seçmiş bir ölkə kimi onun imici
üçün elə də xoş seçim sayılmır. Ancaq təhlükəsizlik qayğılarının artması
Tbilisinin ehtiyatlarını maksimallaşdırmalıdır.

Ancaq nə Ukraynanın təzyiqləri, nə də Rusiyanın münaqişə ocaqlarını
qıcıqlandırması Gürcüstanın Qərbə yolunu bağlamaq gücündə deyil. Çünki
Gürcüstanın xarici siyasətinin təməli Mixail Saakaşvilinin hakimiyyəti dövründə
və ondan sonrakı qısa müddətdə fərqli maya ilə yoğruldu. Tbilisi bununla da bir
növ Qərbin strukturları qarşısında öhdəlikləri yerinə yetirəcək bir tələbə
statusu qazandı.

Gürcüstanın Ukraynaya Kiyevin istədiyi həddə yardım göstərmək həvəssizliyi
Qərbin özünü də kompleksə salmır. Çünki Qərb Tbilisinin potensialının, hərbi
arsenalının Rusiyanın mümkün təcavüzünün qarşısındakı acizliyini anlayır.

Qərbin özü də Gürcüstan üzərindəki manevrlərini ehtiyatlı ölçülərlə qurur.
Çünki Rusiyadan idarə olunan qüvvələrin idarəetmədən tutmuş digər strukturlara
qədər sirayət etməsinə qarşı, ola bilsin ki, əks-əməliyyat mövcud deyil.

Qərb indi Gürcüstanda çox məhdud səlahiyyətləri olan prezidentlik institutunun
ona verəcəyi dəstəkdən bərk yapışır.

Prezidentin Qərb, hökumətin isə məcburiyyətdən dolayı Rusiya istiqamətinə
əyilməsi Gürcüstanda daxili-siyasi sabitlik üçün təhdidləri alovlandıra biləcək
nəsnədir.

Belə təhlükəli miqyasın böyüməsi Moskva üçün “qırmızı cizgi”lərin keçilməsi
ilə müşayiət olunsa, bu, Rusiyanın Gürcüstanın sabitliyinə asanlıqla, ucuz başa
gələn və effektiv şəkildə zərər verə bilmək potensialını genişləndirəcək.

Rusiyanın postsovet məkanındakı hegemonluq taxtında maksimalist mövqeyi
regional lövhədəki yerləşmələrə də təsir göstərir.

Rusiyanın Gürcüstana hərbi müdaxilə etmək riski Qərb qədər Azərbaycan və
Türkiyəni də narahat edir. İpucları tapmaq olar ki, bəlkə də, Bakı və Ankara
Rusiya ilə isti münasibətlərini işə salaraq Moskvanın Tbilisini
cəzalandırmasına mane olurlar.

Çünki Gürcüstan Azərbaycanla Türkiyənin başqa ölkədəki strateji maraqlarının
kəsiyidir.

Məntiqlə, Qərbin Gürcüstanı qorumaq səylərinə Azərbaycan-Türkiyə strateji
müttəfiqliyi əhəmiyyətli dəstək verir. Azərbaycan-Türkiyə-Gürcüstan xüsusi
təyinatlılarının birgə təlimi də bunu sübut edir.

Azərbaycanla Türkiyə Qərbdəki tərəfdaşlarının dəstəyi və tövsiyələri ilə
Gürcüstanın təhlükəsizlik zolağında qalmasının ardıcıllığı üçün birgə plan
hazırlaya bilərlər.

Rusiya isə hələlik Gürcüstandakı münaqişə ocaqlarını qızışdırmaqdan ötrü əlinə
açar verildiyini düşünmür, çünki Tbilisi Moskvanı qane edəcək səviyyədə bir
duruşa keçib…

Aqşin Kərimov

Source link