9bbce985-8950-4bf0-83d2-cc1621ef2629..jpg

Ukrayna KİV-də Qarabağ bölgəsində aparılan reinteqrasiya prosesinə dair məqalə dərc olunub

Baxış sayı: 548 dəfə baxılıb.

Ukrayna KİV-də Qarabağ bölgəsində aparılan reinteqrasiya prosesinə dair məqalə
dərc olunub

Ukraynanın “Kyiv Diplomatic” nəşrində AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova
üzrə xüsusi müxbiri Emil Hüseynlinin Azərbaycanın Qarabağ bölgəsində apardığı
reinteqrasiya prosesinə Ermənistanın qərəzli mövqeyinə dair məqaləsi dərc
olunub.

“Azərbaycan yenə sülh əlini uzadıb” sərlövhəli məqalədə Ermənistanın Qarabağ
bölgəsində baş verənləri imitasiya edərək dünya birliyinə sırımağa cəhdindən
bəhs edilib.

Məqalədə yazılır: “Ermənistan bir əsrdən çoxdur ki, Azərbaycana qarşı necə
qərəzli, yalan siyasət aparıbsa, bu gün də Qarabağ bölgəsində baş verənləri
imitasiya edərək dünya birliyinə sırımağa cəhd edir. Bu, özünü daha çox Qarabağ
bölgəsindən könüllü gedən erməni “qaçqın”larla bağlı qaldırdıqları səs-küydür.
30 il əvvəl müharibəni ermənilər başladı və Azərbaycan torpaqlarını işğal etdi.
1990-cı illərdə erməni separatçılar xalqımıza qarşı böyük vəhşiliklər
törədiblər. Soydaşlarımız xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirilib,
soyqırımına məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevriliblər.

Ancaq indi vəziyyət necədir? Tam fərqli. Azərbaycan heç kimin torpağına göz
dikməyib. Əgər hazırda Ermənistanın iddia etdiyi kimi “qaçqın” varsa, bu,
problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü
tərk edərək, Ermənistana gedən erməniəsilli şəxslərin Azərbaycanın humanistliyi
sayəsində “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait
yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir. Azərbaycan Qarabağ
ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib, oradakı sakinlərə ərzaq
və tibbi yardım göstərir”.

Müəllif qeyd edir ki, bu gün Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanın
əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub. Bu, ölkənin
30 illik müstəqillik dövründə daha da güclənib.

“Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz Cənubi
Qafqazda sülhün bərqərar olmasında maraqlıdır və açıq dialoqa hazırdır.
Azərbaycan bu gün regionda birgə əməkdaşlığın, mənfəət götürülməsi, qarşılıqlı
faydanın həyata keçirilməsini istəyir”, – deyə məqalədə vurğulanır.

Müəllif daha sonra yazır:

“Necə ola bilər ki, Azərbaycanda digər etnik xalqlar normal, sivil yaşamağı
bacarır, tək ermənilər bunu bacarmırlar? Demək ki, separatçılıqla məşğul
olurlar, Azərbaycanın konstitusion hüququna qarşı çıxırlar. Ermənistan və onun
xaricdəki havadarları yalan çıxışlardan qurtulmağı düşünməlidirlər. Səhv və
əsassız iddialar yaymaqla Ermənistan dünya ictimaiyyətinə qeyri-sağlam ideyalar
aşılamaqdan əl çəkməlidir.

Yerli ermənilərin reinteqrasiyası Azərbaycan dövlətinin prioritet mövzusuna
çevrilib. Azərbaycan yenə sülh əlini uzadıb və buna davam edəcək. Azərbaycan
vətəndaşı olan ermənilər digər etnik xalqlar kimi bütün imtiyazlara, Azərbaycan
Konstitusiyası ilə təsbit edilmiş hüquqlara sahib olacaqlar”.

Source link