454ea82c-f4e6-42f5-bdf7-ea8aaf078000..jpg

Ukrayna müharibəsi: Putinin casus ovu, saraydaxili didişmələr, Baxmut düyünü – TƏHLİL

Baxış sayı: 2. 455 dəfə baxılıb.

Ukrayna müharibəsi: Putinin casus ovu, saraydaxili didişmələr, Baxmut düyünü –
TƏHLİL

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin nəticələrinin
Moskvanın xeyrinə yekunlaşdırılması üçün tapşırıqlar paketini hakim zümrə
qarşısına qoyur.

Ondan ötrü ki, Putin Ukraynadakı müharibəyə dair elita arasında dəstəyin
olmamasından narahatdır və onlara müxtəlif təzyiqlər edilməsi mümkündür.

Rusiyanın Ukraynadakı taktiki məğlubiyyətləri Moskvanın hiddətini artırır və
Putin nə olursa-olsun Kiyevi məğlub etməkdən ötrü müxtəlif yollar axtarır.

Hələlik isə Rusiya cəbhədəki uğurlarını göstərmək üçün Baxmut bölgəsində
keçirdiyi hərbi əməliyyatları kulminasiya nöqtəsinə yaxınlaşdırmağı hədəfləyir.

Təbii ki, Qərblə danışıqlara getmək, Ukrayna ərazisinin didilməsi
kampaniyasının “xeyir”ləri barədə fikirlərə NATO-nu inandırmaq da Moskvanın
“sülh gündəliyi”nin məzmununda yer alır.

Rusiyanın Ukraynada başladığı hərbi kampaniyanın davamı Kiyevi mürəkkəb dövrə
daxil edir və Kremlin özündə yaşanan hərbi-taktiki uğursuzluqlara görə günah
keçisi axtarmaq şakərləri inkişaf edir.

Ukraynadakı müharibəni, onun gedişatlarını və nəticələrə dair proqnozları
səthi təsviri ifadələrlə izah etmək düzgün deyil, çünki şiddətli döyüşlər davam
etdikcə dünya siyasi nizamı hər atılan mərmi ilə bir pillə geriyə gedir.

Ukrayna – beynəlxalq münasibətlər sisteminin dağıdılaraq onun yerində
yenisinin inşa edilməsi cəhdlərinin sınandığı meydandır.

Ukrayna öz ərazi bütövlüyü və suverenliyinin təmini üçün müdafiə qalxanını
qaldırsa da və cəbhədə bir sıra uğurlar əldə etsə də, hələ Kiyevin qələbəsindən
danışmaq çox tezdir, çünki qarşıda min kilometrlərlə uzanan işğal zolağını
yarmaq vəzifəsi dayanır.

Rusiya işğal zonasının müdafiəsini gücləndirir, çünki Qərbin Ukraynaya verdiyi
silahlar və Kiyevin əks-hücum əməliyyatları nəticəsində həmin əraziləri
itirəcəyindən ehtiyatlanır.

Rusiyanın qorxuqarışıq ehtiyatları arta-arta Kremldə saraydaxili didişmələr və
vəzifələr uğrunda savaş başlayır, yəqin ki, indi müdafiə naziri Sergey Şoyqu,
baş qərargah rəisi Valeri Gerasimovun vəzifələrinə göz dikənlər az deyil.

Putinin casus ovuna çıxması isə vəzifə hərislərinin xeyrinədir və onlar indi
devirmək istədikləri şəxslər haqqında kompromat toplamaqla, Ukraynadakı savaşın
cari nəticələrinin günahını kimlərəsə yükləməklə məşğuldurlar, hərçənd ki, elə
ali mənsəb yiyələrinin özlərinin də günahı az deyil.

Ukraynadakı müharibə Kiyevi bir başqa, Moskvanı isə məzmunca fərqli tilsimli
dairənin içərisinə itələyir, lakin kənar müşahidəçilər bu tamaşanı seyr edərək
daha çox özlərinə ziyan gəlməməsini düşünür və qazanclarını bollaşdırırlar.

Moskvanın hədələrinin limiti keçdikdə isə NATO bir qədər geri çəkilir və
Ukraynanı danışıqlara qoşmaq üçün əlindən gələni edir.

Sülh danışıqları məqbul variantdır, lakin tərəflərin müharibəni sonlandıra
biləcək gündəliyi daban-dabana ziddiyyətlərlə doludur. Rusiya isə belə bir
məqamda yenidən Belarus ərazisindən Ukraynanın şimalına hücumlar etməyi
planlaşdırır.

Bu planın baş tutmaq ehtimalı zəif olaraq qiymətləndirilsə də, Rusiyanın
genişmiqyaslı müdaxilə ilə bağlı planlarının olduğunu göstərir.

Bu həm də onun nişanəsidir ki, Rusiya ilə Qərb arasında gizli təmaslarda
nəticə hasil olunmur və Moskva hərb variantını təzyiqedici mexanizm kimi
böyüdərək Ukraynanı niyyətinin ölçüsü barədə xəbərdar edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın tələbini irəli sürüb –
ABŞ Kremlin tələblərini qəbul etməli və Ukraynanı həmin şərtlərə məcbur
etməlidir.

Bu qayə o deməkdir ki, Rusiya əks təqdirdə Ukrayna meydanını xarabalığa
döndərmək üçün başqa əməliyyatlar hazırlayır.

Rusiya Baxmutu tuta bilsə, bu, Ukrayna üçün çətin olacaq və mümkündür ki,
bundan sonra müharibə tərəfləri yorğun düşən qüvvələri “dincəlməyə”
göndərəcəklər.

Ancaq Rusiya bir yerdə uğur qazananda digər yerdən zərbə alır, Ukraynanın
hərbi əməliyyat planlarının Qərbdə effektiv hazırlanması üçün işlərin getdiyini
deyə bilərik.

Yəni hadisələrin hansı axara girəcəyi Rusiyanın hücum, Ukraynanın əks-hücum
əməliyyatlarının miqyasından və nəticələrindən asılı olaraq qalmaqdadır.

Aqşin Kərimov

Source link