Ukrayna səfiri Azərbaycana təşəkkür etdi: Göstərilən humanitar yardımlara görə
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprelin ikisində xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskini
diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq
münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əməkdaşlığın
genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı,
daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və
suverenliyə hörmət əsasında inkişaf etdiyi xüsusilə qeyd olunub.
Görüşdə Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın
ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd
edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Kanevskiyə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə
təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.