820308d4-da8c-4198-bd2c-e46e3064dc7f..jpg

Ukraynadakı azərbaycanlılar nədən narazıdırlar? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 601 dəfə baxılıb.

Ukraynadakı azərbaycanlılar nədən narazıdırlar? – ARAŞDIRMA + FOTO

Artıq bir ildən çoxdur, Ukraynada genişmiqyaslı müharibə gedir. Rusiyanın
hücumu fonunda bu ölkədə müxtəlif şəhər və kəndlər dağıntılara məruz qalır.
Burada azərbaycanlılar da az deyillər. Ukraynada Azərbaycan diasporu, bu ölkədə
yaşayan azərbaycanlılar müharibə müddətində də fəaldırlar. Azərbaycan dövləti
ilə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da humanitar yardımların fəal
iştirakçısıdırlar. Amma həmvətənlərimizin ciddi narazı qaldığı məsələlər də var.

Onların bir qismi “Report”un Şərqi Avropa bürosuna öz narazılıqları haqda
danışıblar.

Kiyevdə fəal diaspor nümayəndəsi olan Yalçın Qəhrəmanoğlu uzun illərdir
Ukraynada böyük Azərbaycan diasporunun mövcudluğunu xatırladaraq deyir ki,
müharibənin ilk günündən ölkədədirlər və ictimai-humanitar sahədə fəaldırlar:

“Ukraynanın müxtəlif şəhər və kəndlərində azərbaycanlılar yaşayırlar. Bu
müharibə dövründə ağır durumla rastlaşdıq (təxliyə, humanitar yardımlar
məsələsi). Bu, indi də davam edir. Xeyli azərbaycanlının həlak olduğunu nəzərə
alsaq, kifayət qədər çətinliklərimiz olur. Amma biz – buradakı azərbaycanlılar
-özümüz yığışıb məsələləri yoluna qoyuruq. Təəssüf ki, Azərbaycanın Ukraynadakı
səfirliyi görünmür. Sanki yoxdurlar. Nəinki yuxarıda sadaladığım məsələlərdə
dəstəklərini və ya fəaliyyətlərini görmürük, ümumiyyətlə bu səfirliyə düşmək
olmur. Qardaş Türkiyənin buradakı səfirliyi ilk gündən ən fəal xarici
diplomatik orqanlardandır. Onlar hətta bizə də dəstək oldular. Türkiyənin
Ukraynadakı səfiri şəxsən mənə zəng edib ehtiyaclarımızı soruşub. Amma təəssüf
ki, Azərbaycanın buradakı səfirliyindən tam bunun əksini görürük. Azərbaycan
dövləti Ukraynaya humanitar yardımlarda fəaldır. Azərbaycanın və
azərbaycanlıların Ukraynada böyük nüfuzu var. Çox istərdik ki səfirliyimizin,
buradakı diplomatlarımızın da buna uyğun fəaliyyətləri olsun”, – o əlavə edib.

Artıq ikinci ildir Ukraynada müharibə şəraitində yaşadıqlarını xatırladan
İvano-Frankovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov
bildirib ki, ilk günlər olduqca dəhşətli anlar yaşayıblar:

“İlk günlərdən, əsasən, Ukraynanın Luqansk, Donetsk, Xarkov, Xerson,
Dnepropetrovsk və Kiyev vilayətlərindən həmyerlilərimizin kütləvi təxliyəsinə
ehtiyac oldu. Bu proseslərdə üzərimizdə ağır yük hiss etdik. Amma çox təəssüf
ki, Azərbaycanın Ukraynadakı səfirliyinin normal bir köməyini hiss etmədik.
Halbuki buna ehtiyacımız var. Səfirliyimizin buradakı azərbaycanlılara köməyi
sıfır dərəcəsindədir.

Məsələn, qardaş Türkiyənin buradakı səfirliyinin daha çox fəaliyyətini hiss
edirik, nəinki öz səfirliyimizin.

Bəli, Azərbaycan dövləti Ukraynaya çox fəal humanitar yardım göstərir və bu,
burada bizim başımızı çox uca edir. Amma təəssüf ki, səfirliyimizin biz
azərbaycanlıların ehtiyacı fonunda normal fəaliyyəti yoxdur. Azərbaycanlıların
bu gün Ukraynada normal Azərbaycan səfirliyinin fəaliyyətinə ehtiyacı var. Biz
çox istərdik ki, tezliklə burada öz səfirliyimizin fəaliyyətini hiss edək”, –
Konqres rəhbəri vurğulayıb.

Ukraynada müharibənin ilk günündən əvvəlcə mühasirə, ardınca digər çətinliklər
yaşadıqlarını deyən Çerniqov vilayəti Azərbaycanlılar Konqresinin sədri
İsgəndər Vəliyev bildirib ki, yaşadıqları ərazi müharibə dövrünün ən ağır
bölgələrindəndir:

“İlk günlərdən həmyerlilərimizin təxliyəsindən tutmuş, qida yardımına qədər
diaspor olaraq əlimizdən gələni edirik. Hətta həlak olan həmyerlilərimizin
nəşlərinin Azərbaycana göndərilməsini də özümüz təşkil edirik. Çox təəssüf ki,
bütün bunları Çerniqovda tək edirik. Azərbaycanın Ukraynadakı səfirliyi
tərəfindən köməklik görmürük. Özümüz də müraciət edəndə qəbula düşə bilmirik.
Ukraynada genişmiqyaslı müharibə gedir. İlk günlərdən çəkdiyimiz əziyyəti sözlə
ifadə etmək mümkün deyil. Bir çox – istər inzibati, istərsə də mənəvi
məsələlərdə səfirliyimizin fəaliyyətinə ehtiyacımız var. Amma təəssüf ki, o
yoxdur”, – İ.Vəliyev fikrini tamamlayıb.

Source link