Ukraynadakı müharibədə ölən azərbaycanlı snayperin son döyüşü – FOTO/VİDEO
Ukraynanın ərazi bütövlüyünü müdafiə edərkən həyatını itirmiş, Ukrayna dilində
oxunan Azərbaycan himninin sədaları altında son mənzilə yola salınan
həmyerlimizin kimliyi bəlli olub.
Onun xatirəsi vuruşduğu “Karpatski Seç” könüllülər batalyonu tərəfindən yad
edilib.
Bildirilib ki, 1993-cü ilin martın 12-də anadan olmuş Elnur Həsənov Qarabağda
xidmət keçib, snayper bölməsinin komandiri olub.
Döyüş yoldaşları arasında “Alik” ləqəbi ilə tanınan Elnur Həsənov 2022-ci ilin
martın 27-də Kiyev uğrunda gedən döyüşlərdə həlak olub.
Həmyerlimiz iki övlad atası olub, həyat yoldaşı üçüncü uşağa hamilədir.
“Mən Xarkovu müdafiə etməyi planlaşdırırdım. Qadınların, uşaqların, yaşlıların
necə öldüyünü görəndə mən onları müdafiə etməliyəm. Hər bir insan harada baş
verməsindən asılı olmayaraq pislikdən müdafiə olunmalıdır”, – deyə batalyonun
sosial şəbəkə hesabında Elnur Həsənovun sitatı təqdim olunub.
Ukraynadakı döyüşlərdə iştirak edən həmyerlimizin hansı şəraitdə həlak olması
ilə bağlı detallar da üzə çıxıb. O, “Karpatski Seç”in digər bir könüllüsü David
Qoberjişvili ilə İrpendəki düşmən mövqelərində kəşfiyyat fəaliyyəti zamanı
həlak olub. Minaatan atəşi onların hər ikisinin həyatına son qoyub.