bcb2f87a-cc46-4e89-9ce2-2024ca65f270..jpg

Ukraynalı müfti: “Türkiyə və Azərbaycan müharibənin əvvəl günlərindən bizə kömək etdilər” – MÜSAHİBƏ

Baxış sayı: 867 dəfə baxılıb.

Ukraynalı müfti: “Türkiyə və Azərbaycan müharibənin əvvəl günlərindən bizə
kömək etdilər” – MÜSAHİBƏ

2022-ci il fevralın 24-dən, Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra
xeyli sayda ukraynalı müsəlman könüllü olaraq cəbhəyə yollandı. Ümumilikdə isə
Ukraynada müsəlman əhalinin sayı bir milyona yaxındır.

Könüllü olaraq döyüşlərə qoşulan şəxslərdən biri də Ukrayna “Ümmə”
Müsəlmanları Ruhani İdarəsinin keçmiş müftisi Səid İsmayılovdur. Səid İsmayılov
öz işini buraxaraq Ukrayna Silahlı Qüvvələrində feldşerlər briqadasının
tərkibində xidmət etməyə başlayıb. O, hazırda cəbhə xəttindən yaralıların
təxliyəsi ilə məşğuldur.

Bir neçə gün əvvəl Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində dağıdılmış
məscidin fonunda Quran ayəsini oxuyan Səid İsmayılovun videosunu sosial
şəbəkələrdə çoxlu sayda insan izləyib.

Cixisyolu.com Ukrayna “Ümmə” Müsəlmanları Ruhani İdarəsinin yeni təyin edilmiş müftisi
Murat Süleymanovla həmsöhbət olub. O, demək olar, bir ilə yaxındır davam edən
müharibənin fonunda Ukrayna müsəlmanlarının vəziyyətindən danışıb.

– Mən ondan başlamaq istəyirəm ki, yaşadığımız bu çətin günlər Allahın bizə
vədəsidir. Biz bunu Qurandan, Məhəmməd peyğəmbərin hədislərindən bilirik. Uca
Allah bizi müsəlman, Allaha iman gətirən şəxslər olaraq imtahana çəkir. Bu
sınaqlar bizim imanımızın, əqidəmizdə nə qədər möhkəm olduğumuzun, həqiqəti nə
qədər dərk etdiyimizin sınağıdır. Təbii ki, bu, çətin sınaqdır, çünki
müharibəni öz gözlərinlə görmək, raketlərin düşməyini izləmək, uşaqların göz
yaşlarına şahidlik eşitmək asan deyil. Amma imamlar, din xadimləri oxuduqları
xütbələrlə, verdikləri dərslərlə, görüşlər zamanı Ukrayna müsəlmanlarının
həyatında çox mühüm rol oynadılar.

Bizim məscidlərimiz bağlanmadı. Mən özüm Lvovda yaşayıram və müharibənin ilk
gününü yaxşı xatırlayıram. Həmin vaxt ailəmlə birlikdə Dneprdə müalicə alırdım.
O zaman çoxlu sayda müsəlman Ukraynanın qərbinə, məhz Lvov istiqamətinə hərəkət
edirdi. O zaman mən məscidimizin müharibə şəraitindəki əhəmiyyətini anladım.
Təkcə müsəlmanlar deyil, çox adam bizə müraciət etdi, onları yeməklə, yataqla,
istiliklə təmin etdik. Mən bir müsəlman, imam olaraq başa düşdüm ki, bu,
Allahdan gələn bir imtahandır, biz bundan keçməliyik. Bu, bizə motivasiya
verdi. Müsəlman yaşadığı ölkədə nə vaxtsa çətinliklərin olacağına da hazır
olmalıdır. Müharibə isə kimin kim olduğunu göstərir. Yeri gəlmişkən, bizim
islam mərkəzlərimizin əksəriyyəti hələ də eyni rejimdə işləyir. Eyni zamanda
zərər çəkən və ya dağıdılan məscidlər də var. Məsələn, cəbhəboyu zonada
yerləşən Severodonetsk, Baxmut, Konstantinovka və digər ərazilərdəki
məscidlərdən, demək olar ki, heç nə qalmayıb.

– Cəbhədə döyüşən ukraynalı müsəlmanların sayı çoxdurmu və onların
əhvali-ruhiyyəsi necədir?

– Belə müsəlmanların sayı çoxdur, amma konkret rəqəm deyə bilmərəm. Bunlar
Krım tatarları, ukraynalılar, çeçenlər, azərbaycanlılar və başqa millətlərin
nümayəndələridir. Onların əksəriyyəti Ukraynada anadan olub və ya uzun
müddətdir ki, burada yaşayır. Onlar bir müsəlman olaraq anlayırlar ki, evini,
ailəsini, torpağını qorumaq onların borcudur. Biz Ukrayna cəmiyyətinin ayrılmaz
hissəsiyik.

– Lakin qarşı tərəfdə də müsəlmanlar var, onlar Rusiya ordusunun tərkibində
döyüşürlər, onların da çoxu müqəddəs vəzifələrindən danışır…

– Mən səmimi qəlbdən inanmaq istəyirəm ki, Rusiyadakı müsəlmanların
əksəriyyəti bu müharibəni dəstəkləmir, onlar başa düşürlər ki, bu, Rusiya
Federasiyası tərəfindən yanlış olaraq başladılmış, ədalətsiz savaşdır. Amma
təbii olaraq elə insanlar kateqoriyası var ki, onlar dini aspektlərdən,
hədislərdən, ayələrdən öz məqsədləri üçün istifadə edəcəklər. Amma burada kimin
şər törətdiyini, kimin evləri yıxıb insanları öldürdüyünü, təcavüzkarın kim
olduğunu müəyyənləşdirmək çətin deyil. Biz Qurani-Kərimin ayələrindən və
Məhəmməd peyğəmbərin hədislərindən pislik edən, hətta pisliyə dəstək verən
insanlar haqqında nə deyildiyini bilirik. Qarşı tərəfdən döyüşən və bunu özünün
borcu olduğunu deyən müsəlmanlar, sadəcə olaraq, Qurani-Kərimi açıb, müqəddəs
kitabın mətnlərini oxuyub onları başa düşməlidirlər. Biz onları lənətləmirik,
sadəcə olaraq, tövbə edib səhvlərini başa düşmələrini arzulayırıq. Əks halda
Allah onlara əzab nazil edəcək.

– Ukrayna müsəlman ölkələrindən yardım alırmı?

– Türkiyə və Azərbaycan əvvəldən bizə kömək etdilər. Səudiyyə Ərəbistanından,
Birləşmiş Ərəb Əmirliklərindən və sair müsəlman dövlətlərindən kömək var.
Müsəlman dünyası Ukraynaya yardımda fəal iştirak edir. Ümumiyyətlə, dünyada
əksər insanlar təcavüzkarın kim olduğunu başa düşürlər.

– Sonda sizə hər siyasi ekspert və ya dövlət xadiminin cavab verə bilməyəcəyi
bir sual ünvanlamaq istəyirəm: müharibə nə vaxt bitəcək? Bu barədə heç
düşünmüsünüz?

– Bu çox çətin sualdır. Təbii ki, bütün ukraynalılar bu müharibənin tez bir
zamanda Ukraynanın qələbəsi ilə bitməsini istəyirlər. Biz dua oxuyuruq, Allaha
tərəf yönəlirik. Müsəlmanlar bilirlər ki, hər şey Uca Allahın əlindədir, o,
yaxşılıq və səbir edənlərlədir.

Nair Əliyev

Source link