Ukraynanın Gənclər və İdman naziri İqor Jdanov başda olmaqla, bu ölkənin nümayəndə heyəti Azərbaycan tərəfinin dəvəti ilə XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün Bakıda səfərdədir.
ÇıxışYolu.Com xəbər verir ki, bu gün Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb.
Sənədi Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov və onun ukraynalı həmkarı İqor Jdanov imzalayıb.
Qarşılıqlı anlaşma Memorandumu çərçivəsində iki ildə bir dəfə imzalanan Əməkdaşlıq Proqramı Azərbaycanla Ukrayna arasında bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı fəaliyyəti konkretləşdirir.
Ukraynanın Gənclər və İdman naziri İqor Jdanov bildirib ki, imzalanmış Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı 2019-2020-ci illər üçün nəzərdə tutulub.
Ukraynalı nazir XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün dəvətə görə Azərbaycan rəhbərliyinə, habelə Gənclər və İdman naziri Azad Rəhimova təşəkkürünü bildirib.
“Tədbir çox gözəl təşkil edilib. Dünən biz festivalın açılışında olduq, hər şey çox gözəl idi. Düşünürəm ki, açılış bu hadisəyə layiq oldu”, – İ.Jdanov əlavə edib.