“Ulduz” Futbol Akademiyasının təsisçisi: “Bəzi layihələri həyata keçirmək üçün
zamana ehtiyac var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bəzi layihələri həyata keçirmək üçün zamana ehtiyac var”.
Bunu “Report”a açıqlamasında “Ulduz” Futbol Akademiyasının təsisçisi Nazim
Süleymanov deyib.
58 yaşlı mütəxəssis Azərbaycanda akademiyaların az olduğunu bildirib:
“Nə qədər çox olsa, inkişaf da bir o qədər böyük olacaq. Bu, ölkə futbolunun
inkişafına böyük təkandır. Dövlət Proqramı olanda da bölgələrimizdə
akademiyalar yaratmalıydıq. Təəssüf ki, olmadı. “Qəbələ” klubunun var, daha
əvvəl isə “Bakı”nın akademiyası mövcud idi. Sonra dağıldı”.
Süleymanov dəstəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib:
“İnanıram ki, gələcəkdə adına uyğun olaraq buradan ulduz futbolçular çıxacaq.
Hələlik 4 yaş qrupumuz var. Bu say get-gedə artacaq. Məqsədimiz oyunçular
yetişdirməkdir. Uşaqlar məktəbi bitirəndən sonra universitetlərə qəbul olurlar.
Çalışacağıq ki, gənc oyunçularımız yaxşı universitetlərə qəbul olsunlar,
magistraturada oxusunlar, Avropada oynasınlar. İldən-ilə futbolda yetişən gənc
nəslin zəif təsir bağışlamasının səbəbləri çoxdur. Hər şeyi pillə-pillə etmək
lazımdır. Sonra meyvə öz vaxtında yetişəcək”.
O, Azərbaycan yığması haqqında da danışıb:
“Milli bizimdir. Bu De Byazinin komandası deyil. Kim nəticələrdən razıdır ki?
Məncə, zamana ehtiyac var. Gözləyək. Evin təməli möhkəm olsa, həmişə möhkəm
dayanacaq. Uşaq futboluna böyük diqqət və qayğı lazımdır. Onların
dünyagörüşlərini, həyat tərzlərini dəyişmək lazımdır”.
Mütəxəssis oktyabrın 26-da UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda
Almaniyada “Bayer 04”ün qonağı olacaq “Qarabağ” klubu haqqında da fikirlərini
bölüşüb:
“Qarabağ” həmişə qalib komandadır. Onlar məğlub olmayıblar. Həmişə bu klubu
dəstəkləmişik, bizə sevinc bəxş ediblər. Hər zaman onların yanındayıq”.
Hazırda “İrəvan” klubunda baş məşqçi kimi çalışan Süleymanov akademiyadakı
vəzifəsinin I Liqa təmsilçisindəki işinə mane olmayacağını vurğulayıb.