69819b1d-b8b5-4fac-b884-5df89f17c38d..jpg

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Baxış sayı: 595 dəfə baxılıb.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət
və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu ümummilli liderHeydər Əliyevin anadan olmasından 101 il ötür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının
Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq
fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona
təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq
Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə
Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində
işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı
(indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan
sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə
rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat
şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər
heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi
Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor
rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də
keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin
deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Şurasının sədr
müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi
Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü
seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və
mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun
yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının
Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı
törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb
edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ
rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda
Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana
yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq
deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali
Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan
Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi
çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan
şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin
itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin
hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin ozamankı rəhbərliyi onu
Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin
sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən
seçkidə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində namizədliyinin irəli
sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə
əlaqədar namizədliyiniİlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın
15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni
və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına,
həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri
adlarına layiq görülüb.

Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabrında imzaladığı Sərəncamla
Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Source link