Ülviyyə Fətəliyeva: “Bütün gözləntilərimi kənara qoymuşdum” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yunanıstanda keçirilən Avropa çempionatında qalib olan Azərbaycan şahmatçısı
Ülviyyə Fətəliyeva Vətənə qayıdıb.
Cixisyolu.com xəbər verir ki, şahmatçımızı Heydər Əliyev adına Beynəlxalq Hava
Limanında yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər
qarşılayıblar.
O, jurnalistlərə yarışla bağlı təəssüratlarını bölüşüb:
“Yarış və hazırlıq prosesimiz çox gərgin keçmişdi. Hazırda tarixə imza atdığım
üçün çox qürurlu və sevincli hiss edirəm. Bu nəticəni mən çoxdandır ki,
gözləyirdim. Lakin bu yarışlarda bütün gözləntilərimi kənara qoymuşdum, sadəcə
yaxşı şahmat oynamağa fokuslanmışdım, bu da öz nəticəsini göstərdi”.
Qrosmeyster bu qələbəsini gənc idmançılara həsr etdiyini bildirib:
“Mən ilk sevincimi federasiyanın rəhbəri Mahir Məmmədovla bölüşdüm. Qələbəmi
isə gənc şahmatçılara həsr edirəm. Ümid edirəm ki, həmin qələbə gələcək
nəsilləri ruhlandırar. Qeyd etmək istəyirəm ki, diqqət göstərib təbrik edən
Birinci vitse-prezidentMehriban Əliyevaya təşəkkür edirəm. Bu, çox dəyərli və
qürurverici idi”.
Qeyd edək ki, Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının
qalibi olan 27 yaşlı qrosmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla
bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə
heç-heçə edib.
Anar Həsənov